İsa Qəmbər: “Uşaqlıqda imkan tapan kimi futbol oynayardım” (FOTOLAR/AUDİO)

Posted August 12th, 2011 at 9:42 am (UTC-4)
Leave a comment

Amerikanın səsinin İdman bloqunda sizə yeni “Tanınmışların idman gündəliyi” rubrikasını təqdim edirik. Bu rubrikada sizə idmanla birbaşa əlaqəsi olmayan Azərbaycanın tanınmış insanlarının idmana olan marağından, idmanla bağlı keçmişindən, bugünündən söhbət açacağıq. Rubrikamızın ilk qonağı xüsusilə futbol matçlarında azarkeş oturacağında tez-tez görünən Musavat partiyasının başqanı İsa Qəmbərdir. İsa Qəmbər 1966-cı ildə Neftçi-Spartak oyunundan xatirələrindən tutmuş maraqlandığı idman sahələri və bu gün Azərbaycan futbolunda gördüyü problemlərə kimi bir sıra hadisələrə toxunur. Yəqin ki, İsa Qəmbəri siyasətçi kimi tanımayan, onun fəaliyyətlərindən az da olsa xəbərdar olmayan yoxdur. Bəs görəsən Musavat başqanını idman həvəskarı, futbol azarkeşi kimi tanıyırlarmı? Buyurun, öz sözü ilə desək “komanda oyunçusu” olan İsa Qəmbəri siyasətdən uzaq bir mövqedə tanıyın:

Sual: İsa Qəmbər və idman. Bu iki sözü bağlayan əlaqə çoxdurmu?

Cavab: İdman müasir insanın həyatının önəmli bir hissəsidir. İdman istər sağlamlıq, istər əyləncə, istər insanların öz gücünü məharətini, bacarığını ifadə etmək, istərsə də, biznes baxımından önəmli bir sahədir. Əslinə qalsa bu gün idmanın bir sıra növləri böyük bir biznes sahəsidir. Hər cəhətdən idman insan həyatında önəmli bir yer tutur, təbii ki, mənim üçün də idman hər cəhətdən maraqlıdır.

Sual: İdman sizin də gündəlik həyatınızın bir hissəsidirmi?

Cavab: Mən uşaqlıqdan idmanla çox məşğul olmuşam. Futbol ən böyük sevgimiz idi. İmkan olan kimi həyətdə də, məktəb həyətində də futbol oynayırdıq. Hər yerdə futbol yarışları keçirdirdik. Uşaqlığımda, gəncliyimdə stolüstü tennislə, bir müddət basketbolla da məşğul olmuşam. Bu yarışları da çox xoşlamışam. Sonrakı illərdə isə tədricən aktiv idman həyatından uzaqlaşmalı olmuşam. İndi daha çox azarkeş kimi idmana diqqət göstərirəm. Yəni, futbola və başqa idman yarışlarına imkan daxilində baxmağa, prosesləri izləməyə çalışıram.

Sual: Futbola olan marağınızdan söhbət açdınız. Müəyyən müddətdən bir futbol oynayırsınız, yoxsa, bu fəaliyyətiniz yalnız azarkeşliklə məhdudlaşır?

İsa Qəmbər Ləkəran şəhərində Xəzər Lənkəran - Makkabi Təl-Əviv matçını izləyərkən - 21 iyul 2011-ci il

Cavab: Son illər demək olar ki, oynamıram. Əvvəllər zaman tapırdıq, yaşıdlarımızla yarışlar keçirirdik. Ancaq son illər aktiv idmandan tamamilə uzaqlaşmışam, daha çox tamaşaçı, azarkeş kimi maraqlanıram. Dünya futbolunu, Azərbaycan futbolunu izləməyə çalışıram. Hətta son həftələrdə öncə Lənkəran şəhərinə getdim. Orada Xəzər Lənkəranla Makkabinin oyununu izlədim. Sonra isə bu günlərdə Bakıda Qarabağ klubu Avropanın maraqlı klublarından biri olan Brügge (Belçika) ilə yarışırdı. O oyuna da getdim. Oyunlara daha çox tamaşaçı kimi baxıram.

Sual: İsa  bəy, azarkeşlik marağı yalnız futbolla məhdudlaşır, yoxsa daha genişşaxəlidir?

Cavab: Daha çox futbol. Mənim üçün ən önəmli, ən maraqlı idman növü futboldur. Ancaq basketbol, yüngül atletikaya baxıram, diqqətimi cəlb edəndə başqa idman yarışlarını izləyirəm. Şahmatı diqqətlə izləyirəm, Azərbaycan şahmatçılarının uğurlarına sevinirik.

Sual: Sizin ən çox azarkeşlik etdiyiniz klub və ya komanda? Belə deyək, Azərbaycanda və dünyada.

İsa Qəmbər Qarabağ - Brügge oyununda - 4 avqust 2011-ci il

Cavab: Dünyada təbii ki, hal-hazırda futbol üzrə maraqlı, belə deyək döyüş sahələri İspaniyadadır. Real Madridlə Barselona arasında gedən rəqabət çox önəmli, çox maraqlıdır. İngiltərədə Mançester Yunaytedlə Çelsi, Arsenal, Mançester Siti və başqa klubların yarışları maraqla qarşılanır. İtaliya

çempionatı maraqlı olur. Alman çempionatı gündən-günə güclənməkdədir. Türkiyə çempionatını imkan daxilində izləməyə çalışıram. Azərbaycanda isə mənim futbolda ilk sevgim Neftçi komandasınadır. Belə demək olar ki, mən Neftçinin azarkeşiyəm. Amma son illərdə mənim üçün hər cəhətdən çox önəmli komanda “Qarabağ”dır. Bu komandanın uğurlarına çox sevinirik. Yəni Azərbaycanda futbolun inkişafında mən bir vətəndaş, siyasətçi və həm də bir futbol azarkeşi kimi çox maraqlıyam. Ona görə də, Xəzər Lənkəranı diqqətlə izləyirəm. Ümumiyyətlə regionlarda futbolla maraqlanıram. İstəyirəm ki, Gəncə, Sumqayıt, Zaqatala, Qəbələ – bütün bölgələrdə yaxşı komandalarımız olsun, uğur qazansınlar və gənclərimiz də idmana daha diqqətli olsun, maraq göstərsinlər.

Sual: Azarkeşlik etdiyiniz müddətdə sizi ən çox həyacanlarından matç hansı olub? İstər stadionda izləyidiniz, istərsə də ekran qarşısında.

Futbolla bağlı ən həyacanlı anlarını yaşayan 17 yaşlı İsa Qəmbər - 29 iyun 1974-cü il

Cavab: Mənim futbolla bağlı ən həyacanlı dəqiqələrim uşaqlıq illərimlə bağlıdır. Mən 1966-cı ildə Neftçi klubunun SSRİ çempionatında 3-cü yeri tutmasının şahidi olmuşam. O ildəki bir sıra oyunları xüsusən də, Neftçinin həlledici oyunda Moskvanın Spartak komandasına 3-0 hesabı ilə qalib gəlməsini xatırlayıram. Daha sonra elə həmin ildə İngiltərədə keçirilən Dünya Çempionatında SSRİ komandasının tərkibində Anatoli Banişevski oynayır

dı. O da mənim üçün maraqlı idi, o çempionatın oyunlarını çox maraqla izləyirdim. Sonrakı illərdə isə təbii ki, daha çox Neftçinin oyunlarına kilidlənmişəm və son illərdə də həm Neftçinin, həm Qarabağın, həm də Xəzər Lənkəran və digər komandaların oyunlarına baxıram. Təbii ki, həyacanlanırıq, amma o uşaqlıq həyacanı yoxdur, artıq daha ayıq gözlərlər, daha realist baxırıq və bilirik ki, hansı oyunda bizim çıxışımız nə dərəcədədir və nə dərəcədə ümid bəsləmək mümkündür?

Sual: İsa bəy, son illər Azərbaycanda futbolun inkişaf etdiyini düşünürsünüzmü? Və bunu qənaətbəxş sayırsınızmı?

Cavab: İnkişaf var, amma imkanlarla müqayisədə çox kiçik inkişafdır. Əslinə qalsa Azərbaycanda futbolun inkişafı üçün şərtlər mövcuddur. Bir tərəfdən xalqımız, gənclərimiz futbola maraq göstərir onu sevirlər, futbol ölkədə bir nömrəli idman yarışıdır. Digər tərəfdən Azərbaycan iqlimi demək olar ki, hər zaman futbol oynamağa imkan verir. İstedadlı gənclər var və eyni zamanda böyük pullar var, bu pullar da futbolun inkişafı üçün çox önəmlidir. Amma təəssüf ki, futbolun idarə edilməsi bərbad vəziyyətdədir, bu da görünür bütövlükdə dövlətin idarə edilməsində hər cəhətdən məhdudiyyətlərin, monopoliyaların olması ilə  bağlıdır. Futbolun idarə edilməsi onu sevənlərdən daha çox müəyyən oliqarxlara, zəngin insanlara tapşırılır ki, hərəniz bir kluba sponsorluq edin, prezidentlik edin. Onlar da bunu biyara gedən kimi edirlər və sevgi, professional yanaşma hiss olunmur. Ona görə də, inkişaf arzuolunan səviyyədə və imkanların olduğu səviyyədə deyil, çox yavaş gedir.

Sual: İdmanda belə bir deyim var: Bəxt həmişə güclülərin tərəfindədir. Bu deyimlə razısınızmı?

Cavab: Burada həqiqət payı var. Məsələn şahmatda məşhur bir deyim var, kimsə turnirdə qalib gələndə onun haqda deyirlər ki, “Onun bəxti qalib kimi gətirib”. Belə bir paradoksal deyim var. Təbii ki, bəxt amili də idmanda var, ancaq razıyam ki, bəxt daha çox güclülərin yanında olur. Hətta hakimlər də təbii ki, daha çox tanınmış, daha məhşur komandalara daha yumşaq yanaşırlar, yarışmalarda onlara üstünlük verirlər.

Sual: İsa Qəmbər siyasətçi olmasaydı, hər hansı bir idman növünə peşəkarcasına yanaşmağa üstünlük verərdimi?

Cavab: Demək çətindir. Həyat bir variantda baş tutur və həyatın başqa bir variantda baş tutması ehtimalı haqqında danışmaq daha çox fərziyyəvi xarakter daşıyır. Hər şey ola bilərdi, amma nə varsa odur. Mən hesab edirəm ki, bizim nəslin bəxti gətirib ki, məhz ictimai-siyasi prosesdə, Azərbaycanın müstəqilliyinin bərpası prosesində iştirak edə bilmişik. Bu gün Azərbaycanın demokratikləşməsi uğrunda mübarizədə iştirak payımız var. Bütün bunlara görə mən həyatımdan məmnunam. Ancaq təbii ki, xalqımız, ölkəmiz üçün bütün sahələrdə uğurlar istəyirəm. Mən Ümumiyyətlə özümü komanda oyunçusu hesab edirəm.

Tanınmışların idman gündəliyi” rubrikasını davam etdərəcəyik . . .

Blogumuzu Facebook-da izləyin: Uzaqdan zərbə – Amerikanın səsinin İdman blogu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin