AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO)

Posted September 6th, 2011 at 10:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası keçən həftənin cümə günü Avropa Çempionatı 2012 çərçivəsində keçirilən oyunda Belçika millisindən bir xal qoparandan sonra bu gün diqqətlər yenidən Azərbaycan yığmasına yönəlmişdi. Millinin bugünki rəqibi reytinq baxımından Belçikadan daha zəif rəqib idi. Azərbaycanın yer aldığı qrupun autsayderi olan Qazaxıstan yeganə 3 xalını Astanada Azərbaycanla keçirdiyi matçda qazanmışdı. Bu oyun Azərbaycan millisi üçün həm də bir revanş xarakteri daşıyır. Bununla yanaşı, Azərbaycan qələbə qazansaydı, tarixində ilk dəfə qrup mərhələsində 7 xal toplamış olacaqdı, oldu da! Bu həyəcanlı matçı stadiondan canlı izləyə bilməyənlər üçün Uzaqdan zərbə blogu yüksək keyfiyyətlə CANLI olaraq yayımlayırdı.
Matç Azərbaycan millisi üçün uğurlu başlamadı. Düzdü, oyunun 2-ci dəqiqəsində Mahir Şükürovun uzaqdan zərbəsi qapı tirinə tuş gəlsə də, bundan sonra rəqibin ardıcıl hücumları 20-ci dəqiqədə Azərbaycan millisinin qapısında qolla nəticələndi. S. Ostapenko hesabı açdı. Qoldan sonra Azərbaycan hesabı bərabərləşdirməyə çalışsa da, səyləri o qədər də kəsərli alınmadı və birinci hissə 1-0 hesabı ilə rəqibin xeyrinə başa çatdı.
İkinci hissədə isə meydana tamam fərqli bir Azərbaycan yığması çıxdı. Heyətdə ciddi bir dəyişiklik olmamışdı, amma komandanın oyununda ciddi kəsərlilik var idi. Bu, nəticə də verdi! 15 dəqiqəyə 3 qol! Mahir Şükürov – Rauf Əliyev kombinasiyası Belçika oyunundakı şəkildə eyni ilə təkrarlandı və 53-cü dəqiqədə Rauf Əliyevə baş zərbəsi ilə hesabı bərabərləşdirdi. 62-ci dəqiqədə Mahir Şükürov və 68-ci dəqiqədə Vaqif Cavadovun qolları ilə isə Azərbaycan yığması 2 top fərqi ilə üstünlük əldə etdi. Oyunda son nöqtəni isə uzaqdan möhtəşəm zərbəsi ilə V. Yevstigneev qoydu: 3-2.
Bu qalibiyyətlə Azərbaycan yığması iki rekordunu təzələdi: iki oyuna 4 xal və qrup mərhələsində 7 xal əldə etdi.
Azərbaycan növbəti oyununu yenə öz meydanında Avstriya komandasına qarşı keçirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin