Birləşmiş Ştatların uzun müddətli müttəfiqi olan Misirdə baş verənlərə reaksiyası beynəlxalq ictimaiyyətdə geniş diqqət doğurur.  Misirdə baş verənlərin ABŞ-ın strateji maraqlarına mümkün təsirləri Amerikanın intellektual dairələrində də debatlarla müşayiət olunur.  Sol təmayüllü New Republic məcmuəsinin baş yazarlarından biri Leon Vizeltiyer Obama administrasiyasının Misirdə baş verənlərə bir sıra hallarda çaşqın reaksiyasını son yazısında təhlil edib.  Cənab Vizeltiyerin fikrincə, Misirdəki xalq üsyanı illərlə prezident Corc Buşun Yaxın Şərqdə demokratiya agendasına qarşı çıxan liberallar arasında qeyri müəyyənliklə qarşılanır.  Bir vaxtlar Amerikanın İraqa hərbi müdaxiləsini sərt tənqid edən düşərgə və onun təmsilçisi qismində çıxış edən Obama administrasiyası növbəti Yaxın Şərq diktatorunun üzləşdyi böhrandan baş çıxarmağa çalışır.

Cənab Vizeltiyerin yazdığına görə Corc Buşun hakimiyyəti dönəmində solçular insan haqları adından Amerikanın xaricdə müharibə etməsinə qarşı çıxış edirdilər.  Vaxt keçdikcə liberalların tutduqları mövqe onların demokratiya haqda baxışlarına təsir göstərdi və bir çoxları istər demokratiyanın istər mənəvi əhəmiyyəti istərsə də strateji əhəmiyyətini nəzərdən qaçırmağa başladılar.  Məhz bu düşüncə dalğasının üzərində hakimiyyətə gələn Barak Obama dünya ölkələri ilə münasibətləri “bərpa edəcəyinə” söz verdi.  Prezidentliyinin ilkin günlərində Qahirəyə səfər edən Barak Obama orada söylədiyi nitqdə açıq şəkildə bəyan etdi: “Heç bir siyasi quruluş başqa dövlət tərəfindən o biri dövlətə zorla tətbiq oluna bilməz.”  Əslində isə bu, o demək idi ki, bundan sonra ABŞ hökuməti Misir və başqa qeyri-demokratik rejimlərə demokratik standarla əməl etmək yönümündə təzyiq göstərməyəcək.

“Prezident Obamanın demokratiyanı imperialist çalarlı hərbi müdaxilə ilə əlaqələndirməsi dəhşətli səhv idi,” deyə Leon Vizeltiyer yazır.  “Demokratiyanın dəstəklənməsi eləcə misirli, ərəb yaxud müsəlman diktatorları kimi xalqın içindən çıxmış misirli, ərəb yaxud müsəlman demokralara dəstək siyasətidir, və bu qüvvələr daha çox Amerikanın ehtiramına layiqdir.”  Leon Vizeltiyerin fikrincə Amerikanın tiranlara əl uzatması və demokratları arxa plana verməsi qeyri-legitim rejimləri devrilmə təhlükəsindən sığortalamır.  Əksinə, bu növ siyasət yürütməklə Amerika rəhbərliyi demokratik yolla hakimiyyətə gələ biləcək anti-Amerika təmayüllü qüvvələrin əlinə tutarlı arqument vermiş olur.  Yazar Obama administrasiyasını tiranlarla xalq arasındakı mübarizədə daim xalqın tərəfində durmağa səsləyir və bu siyasətin Amerikanın həm moral dəyərlərinə həm də strateji maraqlarına uyğun gəldiyini vurğulayır.