Liviyada Müəmmər Qəzzafiyə qarşı vuruşan üsyançılara beynəlxalq dəstəklə bağlı debatları İran hökuməti diqqətlə izləməkdədir.  Bir çox ekspertlər güman edirlər ki, Liviyada baş verənlər İranda güclü sosial narazılıq və potensial inqilab dalğası ilə üzləşən rəhbərlik üçün örnək ola bilər.  Wall Street Journal-da məqalə ilə çıxış edən Gerald Seib hesab edir ki, Müəmmər Qəzzafinin qalib çıxması və onunla istefa vermiş misirli Hüsni Mübarək və tunisli Ben Əli arasında yaranacaq təzad İrana mesaj verəcək ki, zorakılıqdan sonadək istifadə edən rejim hakimiyyətini qoruyub saxlaya bilər.

O biri tərəfdən Qərb hökumətləri ehtiyat edirlər ki, onlar Liviyada müxalifətin tərəfində müdaxilə etsələr İran bunu Qərb imperializminin təzahürü kimi qələmə verə bilər.  “Reallıq budur ki, ABŞ hərbi müdaxilə həyata keçirməklə İraqda olduğu kimi Liviyanın neft sərvətlərinə yiyələnməyə çalışır,” deyə General-Mayor Həsən Firuzabadi bildirib.  İslam Respublikasının rəhbərliyi artıq uzun müddətdir ki, müxalifət tərəfdarlarını Qərbin casusları olmaqda ititham edir.   Bu arqument isə tez-tez ölkələrində vəziyyəti yaxşılaşdırmağa çalışan qüvvələri müdafiə mövqeyinə qoyur.

Hazırda Liviyaya qeyri-uçuş zonası tətbiq etmək barədə söz-söhbət dolaşır.  Lakin Seib-in sözlərinə görə Əfqanıstan və İraqdakı hərbi təcrübə göstərir ki, müdaxiləyə başladıqdan sonra onu uğurla və tamamilə başa çatdırmaq ağrılı olur.  Yerli əhalinin bəzi kəsimləri müdaxilə edən qüvvələr, ələlxüsus ABŞ-dan ölkənin bütün problemlərini həll etməyi gözləyir.

Əlavə olaraq, Liviyada Qəzzafinin müvəffəq olması regionda pis bir presedentin əsasını qoya bilər.  Belə görünər ki, mötədil və ABŞ-la müttəfiq rejimləri devirmək asan olduğu halda anti-Amerika təmayüllü zorakı rejimlər inqilab təhlükəsindən qurtula bilərlər.  Fakt budur ki, ABŞ Liviyada və İranda yerli insanların “Made in America” yarlıkı olmadan dəyişiklik etməsini arzulayır.  “Lakin təəssüf ki, dünyanın işləri həmişə arzulanan kimi hamar olmur,” deyə Gerald Seib yazısını bitirir.