ABŞ-ın Liviyada hərbi müdaxiləyə qatılması Amerika cəmiyyətində geniş debatlarla müşayiət olunur.  Bəziləri müdaxilənin gecikdiyini, başqaları onun düzgün həyata keçirilmədiyini, bir qismi isə büsbütün üçüncü Yaxın Şərq müharibəsinə daxil olmağın əleyhinə çıxır.  Washington Post qəzetində məqalə ilə çıxış edən Richard Cohen prezident Obamanın beynəlxalq ictimaiyyətə qarışıq mesajlar göndərdiyini və qətiyyətsizliyini tənqid edir.  Onun sözlərinə görə uzun müddət qiymətli vaxt itkisi hesabına administrasiya daxilində kəskin mübahisələr cərəyan etdi.  Müdafiə naziri Robert Gates və Tom Donilon müdaxilənin əleyhinə, dövlət katibi Hillary Clinton və Susan Rice isə lehinə çıxdılar.  Nəhayət Fransa prezidenti Nikola Sarkozi ölkəsinin “tarix qarşısında vəzifəsini yerinə yetirəcəyini” elan edəndən sonra ABŞ bir vaxtlar rəhbərlik etdiyi azad dünyanın səylərinə qoşuldu.  İndinin özündə də bir çoxlarına gün kimi aydındır ki, xaraktercə sosiopat olan Qəzzafi hakimiyyətdə qalmaq üçün kifayət qədər adam qırmağa hazırdır və onu hakimiyyətdən süpürməyincə Liviyada dərin böhran davam edəcək.  Lakin birgə qərargahlar rəisi Mike Mullen Qəzzafinin hakimiyyətdə qalmasının mümkünlüyünü qeyd edib.  Cənab Cohen-nin fikrincə Barak Obamanın bu arada Cənubi Amerikya getməsi onu prezidentliyinn mahiyyətini əks etdirir.  Yazarın sözlərinə görə başqa sahələrdə olduğu kimi sanki cənab Obama məsuliyyətdən qaçmaq üçün Amerika müharibəyə qatıldığı halda xaricdə səfərdədir.

Mühafizəkar yazar George Will isə Amerikanın hərbi qüvvəsindən demokratiya potensialından uzaq cəmiyyətlərdə demokratiya qurulmasına sərf edilməsini yanlış hesab edir.  Onun sözlərinə görə nə administrasiya, nə də başqa heç kim Qəzzafiyə qarşı çıxan qüvvələrin kimlərdən ibarət olduğunu, onların nəyə inandıqlarını bilmir.  Lakin çoxları onlara qahmar çıxaraq Qəzzafini yıxmağa həvəs göstərir.  “Amerikanın məramı aşkar şəkildə bu rejimin dağılmasıdır.  Yəni bizim məqsədimiz siyasi vakuum yaratmaqdır; bu isə o deməkdir ki, biz vakuumun yaxşı şeylərlə dolacağına ümid bəsləyirik.”  İraqda Səddam Hüseyn devriləndən sonra baş verənləri xatırladan George Will Amerikanın müarhibəyə daxil olmsı kimi həyati qərarlarda prezidentin Konstitutsiyaya müvafiq şəkildə Konqreslə məsləhətləşməsini zəruri sayır.

New York Times-da yazan Max Boot Amerikanın indidən post-Qəzzafi Liviyası üçün hazırlıqlar görməsini vacib hesab edir.  Onun sözlərinə görə Qəzzafinin hakimiyyətdən getməsi bütün problemləri avtomatik həll etməyəcək.  Düzdür Liviya İraq və Əfqanıstandan fərqli olaraq anti-Amerika təmayüllü ölkələrin əhatəsində deyil.  Burada bir-birinə düşmən münasibət bəsləyən müxtəlif təriqətlər də çox deyil.  Amma Liviyanın qəfildən azad olması həm də potensial cihadçılar üçün meydan açacaq.  Kosovo və Şərqi Timorda olduğu kimi güman ki, Liviyada da sabitliyi təmin etmək üçün sülhməramlı qüvvələrə ehtiyac olacaq.  Bunun üçünsə Qərb qüvvələri indidən lazımi planlaşdırmalar aparmalı və Liviya torpağında xarici qüvvələrin qərar tutmasını qadağan edən BMT qətnaməsində dəyişikliklər etməlidirlər.