New York Times-ın köşə yazarı Nicholas Kristof bu günlərdə Misirdən qayıdıb.  Gördüklərindən müsbət təəssürat alan Kristof Misirdə müşahidə etdiyi prosesləri diktaturadan yenicə qurtulmuş cəmiyyətlərin demokratiyaya doğru dağınıq, qüsurlu amma dönməz irəliləyişi ilə müqayisə edir.  “Bu günün Misiri mənə Frankodan sonra İspaniyada, 1987-ci ildə Cənubi Koreyada və 1990-cı illərdə Rumıniyada və ən çox 1998-ci ildə diktator Suhartonun devrilməsindən sonra İndoneziyada baş verənləri xatırladır,” deyə Kristof yazır.

Köşə yazarı hesab etmir ki, inqilabdan sonrakı Misir inqilabdan əvvəlki Misirdən radikal şəkildə fərqlənəcək.  Heç şübhəsiz, sivil cəmiyyət və ictimai dirəniş xeyli güclənəcək, hökumət xalqla hesablaşmalı olacaq.  Onun sözlərinə görə 1952-ci ildən bəri Misiri idarə edən hərbçilər bütün hallarda böyük siyasi çəkiyə malik olacaqlar.  Yəqin ki, insanlara işgəncələr də veriləcək, amma onlar daha çox və daha ucadan şikayət edəcəklər.  İslamçılar cəmiyyətdə və hökumətdə daha çox rol oyanayacaqlar.  Bu isə o deməkdir ki, onlar ictimaiyyətin rəğbətini qazanmaq üçün dağıtmağa yox, qurmağa çalışacaqlar.