Uzun müddət Qərbdə Yaxın Şərq üzrə bəzi ekspertlər mübahisə ediblər ki, müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə liberallaşma getməsi üçün İslam dinində islahatlar aparılmalıdır.  Tom Friedman və başqaları bu prosesi 16-cı əsrdə Avropada başlanmış Reformasiya dalğasına bənzədiblər.  1517-ci ildə Roma katolik kilsəsinə qarşı üsyan motivli 95 tezislə çıxış edən Martin Lüter korrupsiyaya uğramış və avtoritar xarakter alan kilsə ierarxiyasını silkələdi və xristian dininin fərqli, liberal interpretasiyalarına yol açdı.   Qərbdə sənaye inqilabı da məhz Reformasiyanın ardınca başlandı.

Michael Knox Beran mühafizəkar təmayüllü National Review məcmuəsində son aylarda baş verən ərəb inqilablarının İslamda reformasiyaya yol açacağını düşünmür.  Onun fikrincə Misridə və Tunisdə baş verən siyasi inqilablar hələ ki, ürəklərdə və beyinlərdə inqilab etməyib.  Dəyişən yalnız hakimiyyətdəkilərdir.   Qərbdə təhsil almış müsəlman intellektuallar cidd-cəhdlə doğma cəmiyyətlərdəki düşüncəyə təsir göstərməyə çalışırlar, lakin onların terminologiyası və düşüncə tərzi əksər müsəlmanlara yaddır.  Əlbəttə, cəhalətin dərin və konkret səbəbləri var. BMT hesabatına görə, “İspaniyada bir ildə tərcümə edilən kitabların sayı son min ildə ərəb dilinə tərcümə edilən kitabların sayından çoxdur.”  Dünya müsəlman əhalisinin böyük əksəriyyəti savadsızlıqdan əziyyət çəkir.

Michael Knox Beranın fikrincə, insanların məlumatsızlığı və biliyə meyl etməməsi İslamı “bir ovuc demaqoq və kütlə başçısı tərəfindən asanlıqla manipulyasiya edilə bilən tolerantsızlıq və cəhalət maşınına çevirib.”  İslam düşüncəsinin qaranlıq xarakteri o deməkdir ki, İslam dövləti yalnız korrupsioner və kasad olacaq, deyə müəllif bildirir. İslam rejimlərinin konstruktiv renovasiyası intellektual işıq, mötədillik tələb edir.   Lakin İslam dinini təmsil etdiklərini deyən bir çox adamlar bu gün zorakılıq, qarşıdurma, demaqogiya püskürürlər.  “Son altı ayda baş verənlər İslam sivilizasiyasını silkələyib, lakin buraya meyvə yetişdirəcək günəş işığı daxil olmayıb. Yeni tiranlar köhnələrini əvəzləyəcək.  Sağ terroristlər ölülərini. Qaranlıq isə qalacaq, ta o vaxta qədər ki, yeni növ liderlər öz xalqlarına irəliyə doğru yol göstərəcəklər.”

Fikirlərinizi bölüşün!