Görkəmli teleaparıcı Ted Koppel son vaxtlar demokratiya termininin müxtəlif növ təhriflərə məruz qalmasından gileylənir. Washington Post-da qısa yazı ilə çıxış edən Koppel hesab edir ki, “demokratiya təkcə qeyri-demokratik liderin aradan götürülməsi demək deyil.” Koppel bu il ərəb dünyasında yaşanılanların bu mövzuya diqqəti xeyli artırdığını qeyd edərək barrikadalardan parlamentar idarəçiliyə gedən yolun uzun və məşəqqətli olduğunu yazır. “Fransız inqilabının ardınca Yakobinlərin 14 min adamı gilyotinə göndərən terroru hakimiyyətə Napoleonu gətirdi. Napoleonun vardığı ifrat isə sonradan monarxiyanın bərpa olunması ilə nəticələndi.” Ted Koppel ehtimal edir ki, beş il sonra Misirdə yeni Hüsni Mübarək, Yəməndə isə yeni Əli Abdullah Saleh peyda olacaq. “Siyasi hakimiyyətin qəfil ötürülməsi məstedicidir, amma bu, demokratiya ilə çaşdırılmamalıdır. Ədalətli seçkilər, nümayəndəli hökuməti qəbul edən sosial saziş, və onun qərarlarına riayət etmək intizamı olmadan işlək demokratiyanın mövcudluğu mümkün deyil.”