ABŞ prezidenti Barak Obama Əfqanıstandan qoşunların çıxarılmasına dair planları açıqlamağa hazırlaşdığı bir vaxtda amerikalılar həmin ölkədəki müharibə səylərindən təngə gəliblər.  Bir çox amerikalılar ayaq üstə dura bilməyən, ektremizmin və zorakılıqların geniş vüsət aldığı cəmiyyətə pul xərcləməyi dibsiz çəlləyə su tökməyə bənzədirlər.  Üstəlik, Taliban hücumları nəticəsində ABŞ ordusu az qala gündəlik itkilərə məruz qalır.  Tunelin sonunda isə hələ ki, işıq görünmür.

Bu sentimenti Washington Post qəzetinin köşə yazarı Richard Cohen öz məqaləsində dolğun əks etdirir.  “Əfqanıstanı Tərk Etməyin Vaxtı Çatıb” başlıqlı məqalədə Cohen yazır ki, Amerika və koalisiya qüvvələri ölkəni tərk etdikdən sonra güman ki, Taliban dağlardan enəcək və ölkədə nəzarəti ələ alacaq.  Belə ki, Əfqanıstanda demokratiya qurmaq xülyası ilə hərbi müdaxiləyə başlayan Vaşinqton anlamamışdı ki, bu ölkədə demokratiya qurmaq Amerikanın iqtidarı xaricindədir.  Bu baxımdan prezident Barak Obamanın əfqan müharibəsinə könülsüz münasibətini yazar təqdir edir.

Richard Cohenin fikrincə əfqan müharibəsinin ən pis cəhəti odur ki, külli-miqdarda resursları udmaqla, o,  Amerika cəmiyyətində təcridçi meylləri gücləndirir.  Əfqanıstandakı səylərin mənasızlığını görən amerikalılar dünyanın başqa guşələrinə də etinasız münasibət bəsləməyə başlayırlar.  Halbuki Amerikanın dünya lideri kimi roluna böyük ehtiyac var.  Liviyada tiran Qəzzafinin devrilməsi üçün real fürsət, Avropada cərəyan edən iqtisadi böhran və başqa qlobal məsələlər əfqan müharibəsi fonunda arxa plana keçib.  Çindən tutmuş Şimali Koreya və İranadək ABŞ dünyanın bir çox güşələrində real təhlükələrlə üzləşir.  Amma Əfqanıstana sərf olunan resurslar real təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını məhdudlaşdırır.  Richard Cohen hesab edir ki, Əfqanıstanda yuva salacaq Taliban və Əl-Qaida militantlarını hava zərbələri ilə farağat saxlamaq olar.  Bunun üçün superdövlətin on minlərlə əsgərini perspektivsiz coğrafi məkanda saxlamağın mənası yoxdur.