Zogby International sorğu mərkəzinin altı ərəb ölkəsində apardığı rəy sorğuları göstərir ki, bəzi hallarda ABŞ prezidenti Barak Obamanın reytinqləri sələfi Corc Buşdan da geri qalır. 2008-ci il prezident seçkilərindən sonra yaşanan eyforiya tamamilə buxarlanıb və nəticədə prezident Obamaya verilən dəstək 10 faizdə qərar tutub.  Belə görünür ki, əksər ərəblər üçün başlıca məsələ İsrail-Fələstin münaqişəsidir ki, bu sahədə irəliləyişin əldə olmaması onların Obama admnistrasiyası haqda hisslərinə ciddi təsir göstərir.

2009-cu ildəki Qahirə çıxışından sonra prezident Obamanın gözləntiləri doğrultduğuna dair suala respondentlərin 90 faizi mənfi cavab verib.  Ərəblərin cəmi 10 faizi prezident Obamanın yürütdüyü siyasətdən razıdır.    Təzad olaraq Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Livan kimi ölkələrdə 70 faizdən çox dəstəyə malikdir.  Əksər ölkələrdə hətta İran prezident Mahmud Əhmədinejad da Obamanı üstələyir.

Bütün başlıca siyasi məsələlərdə kafi qiymət alan Barak Obama Liviyadakı siyasətinə görə nisbətən müsbət reaksiya ilə qarşılanır.  Ərəblərin cüzi faizi Əl-Qaida lideri Osama bin Ladenin öldürülməsini alqışlayır.  Çoxluq bunun ABŞ haqda ərəb dünyasının baxışlarını pisləşdirəcəyi yaxud baxışlara təsir göstərməyəcəyi qənaətindədir.  Nisbi çoxluq habelə hesab edir ki, Misir və Tunisdə baş qaldıran üsyanlar onların ölkələrindəki situasiyaya yaxşı təsir edib.  Lakn maraqlıdır ki, beş il əvvəllə müqayisədə daha az adam hazırkı durumunu müsbət qiymətləndirir.