Belə görünür ki, Amerikada milli borc məsələsi üzərindəki debatdan yararlanan əsas şəxs Suriya prezidenti Bəşar əl-Əsəddir.  The New Republic məcmuəsinin yazarı Eliza Gray yazır ki, Respublikaçılarla Demokratların boğuşması  Əsədə nümayişlərin episentri olan Həmaya tanklar göndərmək imkanı verdi.  Amerikada hamının diqqəti ölkənin defolt təhlükəsi ilə üzləşdiyi bir məqamda Əsədin təhlükəsizlik qüvvələri onlarla nümayişçini qanına qəltan etdilər.  ABŞ mətbuatında Suriyada baş verənlərə lazım olan yer verilmədi.

Suriyanın geosiyasi mövqeyi, onun İran və Hezbullahla bağlılığı bu ölkəni siyasi baxımdan əhəmiyyətli edir.  Amerikada aparıcı qəzetlər Wall Street Journal, New York TimesWashington Post basqılar haqda məlumat verdilər, amma məsələ gündəmdə birinci yerə çıxmadı.  Telekanallara gəldikdə, Fox News, MSNBC və CNN arasında yalnız sonuncusu Suriyada baş verənlər haqda reportaj verməklə kifayətləndi.  CNN-in yayımlarında “borc” sözü 743 dəfə işləndi, “Suriya” isə cəmi 48 dəfə.

Gray hesab edir ki, buna səbəb Suriya hökumətinin jurnalistləri ölkəyə buraxmamasıdır.  Suriyada qərbli jurnalistlərin olmaması lazımi video materialların və məlumatların ölkədən çıxışını əngəlləyir.  Şəklin olmaması telekanalların işini çətinləşdirir, çünki auditoriyaya nəsə göstərilməlidir.  Bundan əlavə bir çox amerikalılar üçün ərəb dünyasında baş verən üsyanlar adiləşib, öz dramatikliyini itirib.  İlkin dönəmdə insanlar baş verənlərə diqqət yetirirdilər.  Amma vaxt keçdikcə ərəb baharı yorğunluğu əmələ gəlib. Böyük iqtisadi problemlərin içində üzən amerikalılar xaricdə baş verənlərə çox diqqət yetirmirlər.