Azərbaycan mediasında belə fikrə tez-tez rast gəlmək olur ki, guya Liviyada yaşayış standartları xeyli yüksək olub, və bəziləri bu üzdən hətta Liviyadakı xalq üsyanını Qərbin Qəzzafiyə qarşı qəsdi kimi təsvir etməyə çalışırlar.  Düzdür, BMT İnkişaf Proqramının 2008-ci ilə dair statistikası Liviyada adambaşı ümumdaxili məhsulun Liviyada bütün başqa Afrika ölkələrindən daha yüksək olduğunu – $16,200-ə çatdığını göstərir.  Əhalisinin sayına görə Liviyaya gəlir mənbəyinin 95 faizini təşkil edən neft ixracatından külli miqdarda pul axır.  Amma burada yada Mark Tvenin məşhur kəlamı düşür: “Üç növ yalançı var: yalançı, ağ yalançı, bir də statistik.”  “Adambaşı ümumdaxili məhsul” anlamı yalnız inkişaf etmiş demokratik ölkələrdə həyat standartları haqda nəsə deyir.  Bütün hakimiyətin bir əldə cəmləşdiyi yerdə əgər həmin o bir şəxs gələn pulun 99 faizini mənimsəyirsə, onda ölkəyə daxil olan pulun həcmi sıravi vətəndaş üçün bir elə məna kəsb etmir.

Liviya Ərəb Sosialist Cəmahiriyyəsi adlanan ölkədə diktatura qurmuş Müəmmər Qəzzafi on illər boyu ölkədə sahibkarlığı, sərbəst biznesi, mülkiyyət hüquqlarını boğub.  Nəticədə varlı ölkənin sakinləri xeyli yoxsul həyat keçiriblər.  Liviyanın son illərdə nisbətən pullanmasına əsas səbəb isə Qəzzafinin Qərb dövlətləri ilə əlaqələri sahmana salması idi.  İraq müharibəsinin ardınca qorxuya düşən Qəzzafi kütləvi qırğın silahlarından imtina etdi.  London İqtisadiyyat Məktəbində doktorluq dərəcəsi alan oğlu Seyf ə-İslam  Qərb dünyasında özünə islahatçı imici yaratdı.  O biri oğlu və üsyanın yatırılmasına birbaşa rəhbərlik edən Xamis Liviyada üsyan başlananda ABŞ-da hərbi hava akademiyasına baş çəkirdi.  Bir sözlə, pulun çoxalması Qərbin Liviyada artan investisiyaları ilə bağlı idi, Qərblə münasibətlərin pisləşməsi ilə yox.

Bu, da söhbəti gətirib çıxarır Qərbin Liviyadakı roluna.  NATO-nun Liviya üsyançılarına həlledici yardımını danmaq qeyri-mümkündür.  Qəzzafinin hərbi maşınına on min sındırıcı hava zərbəsi endirən Qərb alyansı diktaturanın çöküşünü labüd etdi.  Amma karetanı atdan irəliyə qoymaq olmaz.  Qərb Şimali Afrikada üsyan dalğası başladıqdan, dalğa Liviyaya yayıldıqdan, və Qəzzafinin üsyançılara divan tutmağa başlamasından sonra hərəkətə keçdi.  Misir, Tunis, Suriya, Yəməndə baş verənləri ərəb baharı kontekstindən kənara qoymaq Liviya üsyanının mühüm aspektlərini nəzərdən qaçırır.  Yaddan çıxarmaq olmaz ki, ötən əsr boyu demək olar ki, bütün ərəb dövlətləri diktatorlar tərəfindən idarə olunub və idarə olunmaqdadır.  Yəni, insanların tiraniyadan təngə gəlməsini Qərbin ayağına yazmaq Qərb qüdrətlərinin imkanlarını hədsiz şişirtmək, ərəb toplumlarının iradəsini marginallaşdırmaq deməkdir.  İnsanlar, o cümlədən ərəblər iradəsiz oyuncaq deyillər.

Nəzərdən qaçırmaq olmaz ki, Qəzzafi ailəsinin 42 il hökmranlıq etdiyi bir məkanda rejimə qarşı xalq arasında böyük nifrət yaranmışdı.   On illərlə elementar hüquqları tapdanan insanların ayağa qalxmasını Vaşinqton və ya Parisdə cızılan siyasi planlarla yozmaq azadlıqları uğrunda canlarından keçmiş minlərlə liviyalının ruhuna hörmətsizlikdir.  Onu da deyim ki, Tripolini azad edən üsyançılar dərhal şəhərin mərkəzi “Yaşıl Meydanını” “Şəhidlər Meydanı” adı ilə əvəzlədilər.  Qərb qüdrətlərinin məramlarına şübhə ilə yanaşmaq qan bahasına verilmiş azadlıq mücadiləsini təhrif etməyə əsas verə bilməz.