“Mütləq hakimiyyət mütləq korrupsiyaya uğrayır,” Lord Acton 1887-ci ildə yepiskop Mandell Creighton-a ünvanladığı məktubda yazırdı.  Yəqin təsadüfi deyil ki, tarixdə mütləqiyyətə qarşı ilk sistematik mübarizə Lord Acton-un vətəni İngiltərədə başlayıb.  1215-ci ildə üsyana qalxmış ingilis baronlarının birgə qüvvələrinə məğlub olan Kral John Magna Carta Libertatum – yəni Böyük Hürriyət Xartiyası adlanan sənədə imza atdı.  Həmin tarixi sənəddə ilk dəfə olaraq monarx özünün qanundan yüksəkdə durmadığını etiraf etdi və təəbələrinin bəzi fundamental hüquqlarını tanıdı.

Magna Carta-dan sonra kralın səlahiyyətlərinin hüdudlarını müəyyən etmək istiqamətində hələ çox qan töküləcəkdi.  Amma ilkin sənəd olaraq bu xartiya Anqlo-Sakson liberalizminin əsasını qoydu.

“Bu elə bir qanun idi ki, kraldan yüksəkdə idi və hətta o, da onu poza bilməzdi.  Ali qanunun təsdiqi və onun xartiyada öz ifadəsini tapması Magna Cartanın əsas töhfəsidir,” deyə Winston Churchill tarixi sənədi qiymətləndirmişdi.  1215-ci ildə kralın müflisləşdirici müharibələrindən, zülmündən və şiltaqlığından cana doymuş aristokratlar hərbi qüvvə cəmləşdirərək Londonu tutdular.  Müqavimətin mənasız olduğunu yəqin edən kral güzəştə getməyə məcbur oldu.  63 maddədən ibarət razılaşmada kral həbs, kilsə, feodal qanunlar, idarəçilik, meşələrə nəzarəti tənzimləyən qaydalar üzrə baronların diktəsini qəbul etdi.

Səlahiyyət bölgüsünü və məhdud hakimiyyət icrasını özündə təsbit edən bu razılaşmanın ən başlıca müddəasi “Habeas Corpus” idi.  Latınca “cəsədi gətirəcəksən” mənasını verən bu anlayış monarxa insanları səbəbsiz, dəlil-sübutsuz həbs etməyi qadağan edirdi.  Baronların amacı sadə idi:  Onlar kralın səlahiyyətlərinə məhdudiyyət təbiq etməklə dövlət aparatının başqa ölkələrdəki kimi ət maşınına çevrilməsinin qarşısını alırdılar.  Zadəganları narahat edən kəndlilərin güzəranı və ya bərabərlik anlayışı yox, öz taleləri, öz azadlıqları idi.

Vaşinqtonda yerləşən Amerika Milli Arxiv Muzeyində "Magna Carta"-nın əsli ən dəyərli eksponatlardan biri kimi sərgilənir.

Vaşinqtonda yerləşən Amerika Milli Arxiv Muzeyində “Magna Carta”-nın əsli ən dəyərli eksponatlardan biri kimi sərgilənir.

İngilislərin əsasını qoyduqları məhdud hakimiyyət və kollektiv idarəçilik prinsipləri pilqrimlərlə birlikdə Yeni Dünyaya ayaq açdı.  1787-cü ildə müasir tarixdə ilk konstitution hakimiyyət quran və söz, din azadlığı kimi inqilabi prinsipləri Hüquqlar Bəyannaməsində qanuna çevirən amerikalılar Magna Carta-nın təkan verdiyi liberal düzənin yetirmələri idilər.

“Təmsilçilik olmadan vergi olmamalıdır!” şüarı altında bir araya gələn Amerika kolonistləri kralın özbaşınalığına qarşı çıxmış ingilis baronlarından ruhən çox fərqlənmirdilər.  Vaşinqtonda yerləşən Milli Arxiv Muzeyində müsafirləri qarşılayan ilk sənəd də Magna Carta-dır.  Amerikalılar bu sənədə 229 yaşı olan konstitutsiyalarının sələfi kimi baxırlar.  Əslində isə Magna Carta dünya boyu hüquqi idarəçiliyi təsbit edən bütün konstitutsiyaların sələfidir.