Ötən dəfə metroda gedərkən üzərində Che Guevaranın şəkli olan mayka geymiş bir gənc gördüm. Kollec şəhərində belə gənclərə tez-tez rast gəlinir: kommunizmdən bixəbər, tarix haqda cüzi anlayışı olan, amma yaşlı nəslə qarşı irrasional qiyam hissi ilə alışıb-yanan gəncliyin simvolu. Fikirləşdim ki, görəsən üzərində Heynrix Himmler və ya İosif Göbbelsin şəkli olan mayka geymiş adama necə münasibət bəslərdilər? Axı niyə görə kommunistlərə münasibət nasistlərdən xeyli dərəcədə fərqlənir? Hər halda Stalinin SSRİ-si, Maonun Çini və Şimali Koreyada kommunistlərin qırdıqları adamların ümumi sayı nasistlərin qırdıqlarını tozda qoyur. Hələ Şərqi Avropada, Kambocada, Afrikada və Kubada repressiyaya məruz qalan milyonları demirəm. Yox, amma Kubanı deməli olacağam. Çünki, deyəsən Che Guevaranı sinələrində gəzdirən çoxlarının bu inqilabçının törətdiyi cinayətlərdən xəbəri yoxdur. Ən azı ümid edirəm ki, bu, belədir.
Kubalı mühacirlərin “La Cabana Cəlladı” adlandırdıqları Ernesto Guevara Serna özünə Fidel Kastronun sağ əli kimi şöhrət qazanmışdı. Hələ Batista rejiminə qarşı mübarizənin ilk mərhələsində Guevara xüsusi qəddarlığı ilə Kubanın yarım əsrlik diktatoru olacaq Fidelin diqqətini cəlb etmişdi. “Burda Kuba cəngəlliyində sağ və qana susamış vəziyyətdəyəm,” deyə Guevara həyat yoldaşına yazırdı. Guevaranın yüzlərlə qurbanlarından birincisi 1957-ci ildə düşmənə məlumat ötürməkdə şübhəli bilinən Eutumio Guerra idi. “Problemi .32 kalibrlik tapança ilə bitirdim. İndi onun əşyaları mənimdir,” deyə Guevara soyuqqanlıqla gündəliyində qeyd edir. Mübarizəni tərk etmək istəyən kəndli Aristidonu da Che Guevara belə bitirmişdi. Azacıq xoşu gəlmədiyi adamları o dünyaya göndərən argentinalı zorakılığı inqilabın başlıca atributu kimi tərənnüm edirdi.
1959-cu ilin yanvarında La Cabana qalasını ələ keçirən Che Guevara buranı baş qərargaha və hərbi həbsxanaya çevirir. Rəhbərlik etdiyi ilk beş ay ərzində La Cabana-da yüzlərlə adam edam olunur. La Cabana-da vəkil işləmiş Jose Villauso həbsxanadakı gündəlik ritmi belə təsvir edir: “Edamlar sübh çağı keçirilərdi. Hökm oxunan kimi müttəhimin yaxınları oğul və ya ataları üçün nalə çəkir, çığırtıları məhkəmə zalını bürüyürdü. Bəzi qadınları otaqdan zorla çıxarırdılar… Bu dəhşətin travması mənimlə ömrümün sonunadək qalacaq. Güllələrlə dəliklənmiş divar qarşısında, üzlərində hədsiz ağrı əlamətləri olan meyitlər, təsvir oluna bilməyən pozalarda. Bəzi cəsədlərdə kəllə sümüyü darmadağın edilmişdi, beyin ətrafa səpələnmişdi.” Edam olunanlar sırasında Batista rejiminin təmsilçiləri ilə bərabər siyasi məhbuslar, jurnalistlər, və dindar xristianlar var idi. Güllənənlərdən biri Ariel Lima adlı 16 yaşlı oğlan uşağı idi. Arielin mərhəmət diləyən anasının yalvarışına kobudluqla cavab vern Che Guevara ona “təsəlli tapmaq üçün” keşişə müraciət etməyi məsləhət görmüşdü.
Fidel Kastro hakimiyyəti ələ keçirdikdən az sonra Che Guevara Sovet DTK-sının modeli əsasında yeni rejimin xüsusi xidmət orqanlarını yaratmağa başladı. Bu məqsədlə o, 1940-cı ildə Stalinin göstərişinə əsasən Meksikada Leon Trotskinin başını külünglə darmadağın etmiş və buna görə Sovet İttifaqı Qəhrəmanı adını almış Ramon Mercaderin yaxın silahdaşı Angel Ciutah ilə görüşürdü. İnqilabın ardınca Kubaya təşrif buyurmuş Sovet satrapı Anastas Mikoyanla danışıqlar aparan Che Guevara az sonra kommunist ölkələrinə səfərə çıxdı. Bu turne zamanı Che Guevarada ən müsbət təəssürat bağışlayan ölkə Şimali Koreya oldu.
Sonralar Milli Bank və Sənaye Nazirliyinə rəhbərlik etmiş Che Guevara kommunist ölkələrində gördüyü eksperimentləri Kubada tətbiq etməyə başladı. Nəticəsi o, oldu ki, Mayamidən cəmi bir neçə kilometr cənubda yerləşən turist cənnəti səfalət içərisində üzən ümidsizlik girdabına çevrildi. İqtisadiyyatdan qətiyyən başı çıxmayan Che Guevaranın “islahatları” sayəsində Mərkəzi Amerikanın vaxtikən ən varlı məmləkətində əhali başqa kommunist ölkələrində olduğu kimi ərzaq talonlarına oturduldu. Hər aya dörd yumurta, iki kiloqram düyü, yarım kiloqram lobya, ildə iki dəfə yarım kiloluq ət kubalının ərzaq normasına çevrildi. Milyonlarla yarıac kubalı adam kimi yaşamaq üçün Florida sahillərinə üz tutdu.
Haradasa Amerikada yaşayan dünyadan bixəbər gəncin Che Guevaranı özünə nümunə seçməsini əsaslandırmaq olar. Əksər amerikalıların kommunizm və onun gətirdiyi zülm və səfalət haqda təsəvvürləri yoxdur. Amma Facebook-da rastlaşdığım bəzi dostların son vaxtlar kommunizmi tərənnüm etməsi təəccüb doğurur. Bir çox sabiq kommunistlərin hələ də hakimiyyətdə olduqları keçmiş Sovet məkanında Che Guevaranın dəbə minməsi çətin anlaşılır. Əcəba insanlar yaxın keçmiş haqda bunca məlumatsızdırlar?
Bu mövzunun yeni nəslin fikirlərinin formalaşmasında doğrudanda böyük rolu vardır. Xüsusi ilə bu gün Amerika cəmiyyətində extremal mövqe tutan Çay Partiyasının dini-mühafizəkar çıxışları və “Wall Street” zəbt eləyənlərin varlılara qarşı qalqırdıqları sosialist şüarların mənasını dərindən dərk eləmədən tələb eləməkləri 1692-ci ildə Amerikanın Salem şəhərində baş vermış “ifritə ovunu” yada salır. Söszüz tarixdə “witch hunting” adı ilə qalan bu hadisə sonradan Fransız, Rus, Alman və başqa ölkələrdə sosial-azadlıq adı altında baş verən inqilablar vaxtı milyonlarla insanın faciəsinə və həlakına səbəb olub.
Che Guevaranı bir növ Bolşevik inqilabı tarixində Qırmızı terrorun əsasını qoyan Trotski ilə müqayisə eləmək olar. Bəzi ziyalılar sonradan Trotskiyə bəraət qazandırmaq istəyəndə onun Stalinlə münasibətdə daha mərhəmətli olacağını söyləyirdilər. Amma Chenin və yaxud Trotskinin hakimiyyətdə olduqları zaman dahada çox insanı qira biləcəklərini kiminsə təsəvvür edə bilməsi çətindir.
Chenin “motosiklet gündəlikləri” adlanan xatirələri onun 1952-ci ildə 8000 km-lik səyahətində başına gələn məcəraları və insanların keçirtdiyi iztirab və məşəqqətlərin müşahidəsini əhatə edir. Ümumiyyətlə Che kimi insanların xoşbəxtliyi naminə qurbanların verilməsinə müsbət yanaşması tarixdə az olmayıb. Bizə məlum olanlar çalışıblar həqiqətən bunu praktikada həyata keçirtsinlər və nəticədə bəşəriyyəti dahada fəlakətli nəticələrlə üzləşdiriblər.
Ona görə bu gün hər bir cəmiyyətdə yaşayan insanlalrın Che kimi ifrat fikirli fərdlərin arxasınca getməməsi üçün gərək mərhum Əpplin yaradıcısı Steve Jobs kimi şəxslərin çox olması vacibdir. Orta sinfin özünü təmin edə bilməsi, dövlətdən az asılı olması və varlıların sayının çoxalması hər hansı dini, milli, sosialist və başqa yaşamağa mane törədən ideyaların üstələməsinə imkan verməyəcək.