İslam Respublikasının ABŞ ərazisində Səudiyyə səfirini öldürmək qəsdinin üstü açıldıqdan sonra amerikalılar bərk qəzəbləniblər.  Texaslı Konqres üzvü Maykl MkKoul, əgər sübut olunarsa, Tehranın bu planını ABŞ-a qarşı “müharibə aktı” adlandırıb.  Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin sədri Mayk Rogers deyib: “Bu, İran üçün təhlükəli yeni ərazidir.  Onlar nüvə proqramından terrorizmə dövlət sponsorluğuna, İraqda əsgərlərimizi öldürməkdən indi də ABŞ ərazisində terror əməliyyatı planlaşdırmağa keçiblər.”  Səfirlə bərabər yüz adamın ölə biləcəyini deyən ABŞ agentinə iranlı belə cavab vermişdi: “Cəhənnəmə ki…” Əlbəttə, İranın anti-bəşəri mahiyyəti azmaz qəzet oxuyan heç kəsdə şübhə doğurmur.  Məyusedici odur ki, bunca cinayətlərə imza atmış İran rejimi özünü Yer üzündə İslamın siyasi manifestasiyası kimi dəyərləndirir.

“Biz İslam mərhəməti göstərərək onları azad edirik,” deyə İran hökuməti faktiki girov götürdüyü 3 amerikalı səyyahı azad edərkən bildirmişdi.    Günahsız insanları casusluqda ittiham edib, iki il zindanda saxladıqdan sonra atılan hansısa addımı “mərhəmət” kimi qələmə vermək müşkül məsələdir.  Üstəlik buna İslam donu geyindirmək təkcə İranı yox, həm də İslamı gözdən salır.  İlk dəfə deyil ki, Yaxın Şərq liderləri dünya ictimaiyyətini öz arşınları ilə ölçərkən kobud səhvə yol verirlər.  1990-cı ildə Küveyti işğal etmiş İraq diktatoru Səddam Hüseyn bir qrup Qərblini girov götürmüşdü.  Məşhur televiziya kadrında Səddam ətrafına yığdığı girovlar arasında altı yaşlı Stuart Lokvudu yanına çağıraraq onun başını sığallamışdı.  Tiran təfəkkürünə uyğun olaraq Səddam bu jesti ilə Qərb auditoriyasında rəğbət qazanacağını güman edirdi.  Amma onun bu “mərhəməti” tam əks-effekt verdi.  Öz yaratdığı problemin həllinə yardımçı kimi görünməyə çalışan adamın səmimiyyəti ABŞ qüvvələrinin qabağından qaçan ordusu kimi mənasız bir şey idi.  Ay keçdi, il dolandı, saxta mərhəmət yiyəsinin boğazına ip saldılar.