“Azadlıq ağacı ara-sıra patriotların və tiranların qanı ilə suvarılmalıdır,” Amerika istiqlaliyyətinin müəlliflərindən olmuş Tomas Cefferson bəyan etmişdi. Dünən liviyalılar yenicə əkdikləri azadlıq ağacını 42 il ölkəyə diktatorluq etmiş Müəmmər Qəzzafinin qanı ilə suvardılar. Hamının şahidi olduğu dramatik səhnələr xalqına illərlə zülm etmiş tiranla cana doymuş xalq arasında mübarizənin məntiqi sonluğu idi. Qəzzafinin ölümünü bayram edən liviyalıların üzlərində hədsiz sevinc, eyni zamanda müəyyən qəzəb sezilirdi. Tirana qarşı mübarizədə on minlərlə liviyalı həyatını itirdi. Təkcə inqilab başlanandan bəri hakimiyyəti xoşluqla tərk etməyən Qəzzafi minlərlə adamın ölümünə bais oldu. Bir sözlə, bu xəmir çox su apardı. Amma əminliklə demək olar ki, azadlıqları üçün bunca qurbanlar vermiş Liviya xalqı yəqin ki, o azadlığın qədrini başqalarından daha çox biləcək. Ən azı bir də Qəzzafi kimisinin meydana çıxmasına imkan verməyəcək.

Zülmkarı ədalətli sonluğa çatdırmaqla azadlıq imtahanı vermiş liviyalılar bu şərəfli yolu keçə bilmiş millətlər sırasına qoşuldular. Müasir tarixdə ilk dəfə bu yola ingilislər qədəm qoyublar. 1642-ci ildə Kral I Çarlz-ın özbaşınalığından cana doymuş parlament monarxa qarşı üsyan etdi. Hətta döyüş meydanında uduzduqdan sonra da I Çarlz Allahdan siyasi mandat aldığını iddia edir və hansısa güzəştə getməkdən imtina edirdi. 1649-cu ildə inqilabçıların səbr kasası doldu. Kralın başını kəsdilər. Bu hadisədən təqribən əsr yarım sonra uzaq Amerikada xalq ayağa qalxdı. Kral III Corc-a əli çatmayan amerikalılar onun portretini Filadelfiya küçələri ilə sürüklədilər. Amerikalılardan ilham alan fransızlar 1793-cü ildə ekstravaqant həyat stilinə görə ad çıxarmış Kral XVI Lüdoviqi və xanımı Mari-Antuaneti edam etdilər. 20-ci əsrdə oxşar səhnələr İtaliyada Benito Mussolininin başıaşağı asılması və Rumıniyada Nikolae Çauşeskunun xanımı ilə birlikdə güllələnməsi ilə tarixə düşdü. Ən yaxın keçmişdə Səddam Hüseynin asılması da bu nümunələr kateqoriyasına şamil edilə bilər, hərçənd ki, diktatoru İraq xalqı deyil, amerikalılar devirmişdilər.

Əslində bəzi amerikalıların İraqdakı müharibəyə etirazları məhz ondan irəli gəlirdi ki, iraqlılar öz diktatorlarını devirmədiklırinə görə yeni qurulan siyasi sistemə yiyə durmaqda tərəddüd edirlər. “Xalq uğrunda vuruşmadığı azadlığın qədrini bilmir,” deyə Buş administrasiyasının əleyhdarları öz arqumentlərini əsaslandırırdı. Prezident Barak Obamanın Liviyadakı siyasəti də müəyyən mənada bu düşüncədən qidalanırdı: Azadlıq istəyən millət onun üçün vuruşmağa hazır olmalıdır. Prezident Obama inanırdı ki, sonda Liviya xalqı öz azadlığını özü əldə etməlidir. Əlbəttə, NATO təyyarələrinin sındırıcı zərbələri olmadan üsyançıların Qəzzafiyə qalib gəlməsi xeyli çətin olardı. Amma bu da faktdır ki, Benqazidə, Misratada, Əcdəbiyyədə, Breqada, Bəni Validdə və nəhayət Sirtdə vuruşub ölənlər amerikalılar yaxud fransızlar deyil, liviyalılar idi. Küçələrdə diktatorun süqutunu və azadlığın gəlişini bayram edən də. Onlar buna haqq etmişdilər.