Dünyanın başqa guşələrində olduğu kimi son vaxtlar Amerikanın özündə də Birləşmiş Ştatları Çinlə müqayisə etmək dəbə düşüb. Prezident Barak Obamadan tutmuş New York Times köşə yazarı Thomas Friedmanadək tez-tez Çində baş verən son texnoloji yeniliklərdən, Çin iqtisadiyyatının qüdrətindən və çinli uşaqların guya dünyada ən savadlı şagird olmalarından ağızdolusu danışırlar. Belə bir təsəvvür yaranır ki, hələ də kommunistlərin idarə etdiyi və siyasi məhbusların olduğu Çin gələcəyi, Amerika isə keçmişi təmsil edir.

Mühafizəkar publisist Jonah Goldberg bu günlərdə yazdığı məqalədə müqayisə predmetinə yeni nəzər salır. “Çində 40 milyon adam mağaralarda yaşayır ki, bu Texasla İllinois ştatlarının əhalisi qədərdir. 21 milyon adam Kommunist Partiyasının yoxsulluq xətti adlandırdığı xəttdən aşağı səviyyədə yaşayır. Xeyr, ağlınıza Amerikada 4 nəfərlik ailə üçün müəyyən edilmiş $22000 illik mədaxil gəlməsin. 35 milyon çinli ildə $125-a yaşayır. Yüz milyonlarla çinlinin payına isə gündəlik $1-2 düşür.”

“Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatları kimi bir ölkə var. Eyni həcmdə, eyni əhalidə. Lap bizə oxşar. Üstə gəl də bir milyard kəndli. Bax, Çin budur!” deyə Çində Sülh Korpusunda çalışmış Michael Levy bildirir. Goldbergin yazdığına görə Amerikada infrastruktur layihələri həyata keçirmək – yeni yollar, aeroportlar, dəmiryol inşa etmək istəyən prezident Obama Çini nümunə gətirməyi sevir. “Yaxşı, gəlin bu rəqəmlərə də nəzər salaq: Amerikada 5194 asfalt uçuş zolağlı aeroport var. Bu, Çindəki 442 aerportdan 11 dəfə çoxdur. Əslində Amerikadakı aeroportların sayı sırada növbəti 10 ölkənin aerportlarının cəmindən çoxdur. Amerikanın magistral yolları Çindəkindən ikiqat, dəmiryol isə üçqat uzundur.” Uzun illər inkişaf görməmiş ölkənin inkişaf tempinin sürəti təəccüb doğurmamalıdır. Əlbəttə, bir dolları yüz faiz artırıb iki dollar etmək, bir milyardı iki milyard etməkdən xeyli asandır.

“Bəli, Çin böyük iqtisadi və hərbi qüdrətdir. Amma yalnız səfeh Amerikanın yerini Çinlə əvəzləməsini arzulayar. Çinin səhiyyə və sağlamlıq standardları Amerika ilə müqayisədə bərbad durumdadır. Çinin havası çirkli, çayları isə tullantı yığınağıdır. Demoqrafik baxımdan Çin fəlakətlə üz-üzə dayanıb. Hə, bir şeyi də yaddan çıxarmayaq. Çin avtoritar polis dövlətidir,” deyə Goldberg yazısını bitirir.