Demokratiya yaxşı şeydir. Amma, atalar demiş, zər qədrini zərgər bilər. Yunanca demokratiya demos sözündən qaynaqlanır – yəni xalq hakimiyyəti. Toplumun mahiyyətindən asılı olaraq bu, yaxşı şey də ola bilər, çox pis şey də. Məsələn, Adolf Hitler 1933-cü ildə hakimiyyətə demokratik seçkilər yolu ilə gəlmişdi. Yaxud 1979-cu ildə şahı devirən iranlılar Ruhulla Xomeyni adlı birisini Fransadan bəh-bəhlə gətirib hakimiyyətə oturtdular. Sonrasını hamı bilir.

Misir seçkilərində ilsamçıların qələbəsi İran İslam Respublikasında son 30 ilin vəhşətini izləyən bütün adamlarda təbii narahatlıq hissi doğurur. “Hələ Ərəb Baharı başlarkən hamı həyəcan içərisində sevinəndə, mən skeptik idim,” deyə Mark Steyn yazır. Çoxları ağızdolusu demokratiyadan danışanda mən güman edirdim ki, Müsəlman Qardaşları səslərin üçdə birini toplayıb təhlükəli siyasi qüvvəyə çevriləcək. Amma mən yanılmışdım. Daha radikal mahiyyətli sələfilərlə birlikdə Müsəlman Qardaşları son seçkilərdə səslərin yarısından çoxunu qazanıblar. Ərəb Dünyasının ən böyük millətinin üçdə iksi sərt, qəddar, qadına nifrət edən, ksenofobik bir qüvvəyə səs verir.”

Steynin yazdığına görə Misrin 20-ci əsrdəki tarixi vəziyyətin ardıcıl çəkildə pisləşməsi ilə xarakterizə olunur. 1922-ci ildə Misir Britaniyadan müstəqillik əldə etdikdən sonra orada korrupsioner amma mötədil bir monarxiya bərqərar olmuşdu.  Siyasi partiyalar fəaliyyət göstərirdi.  1952-ci ildə Camal Əbdül Nasirin hakimiyyətə gəlməsi ilə Misirdə demokratiya darmadağın oldu. 1981-ci ildə Hüsni Mübarəkin hakimiyyəti təhvil alması ilə vəziyyət bir qədər də pisləşməyə doğru getdi. Misirdəki durumu izləyən Steyn proqnozlaşdırır ki, islamçıların hakimiyyətə gəlməsindən sonra çoxları yaxın keçmişin xiffətini çəkməyə başlayacaq.  “1923-cü ildə Misirin maliyyə naziri İosif Kattavi adlı bir yəhudi idi.  İndi Misirdə bir nəfər də olsun yəhudi qalmayıb.  Belə getsə, orada xristian da qalmayacaq,” deyə Steyn son həftələrdə sələfilərin Qibti xristianlara qarşı poqromlarına istinad edir.

Mübarəkin istefa verdiyi gün CBS telekanalının qadın jurnalisti Lara Loganın nümayişçilər tərəfindən Təhrir meydanında, camaatın gözü qarşısında soyundurulub zorlanması bir xəbərdarlıq idi.  Bir çox həmkarlarından fərqli olaraq Steyn hesab etmir ki, müsəlmanların böyük əksəriyyəti Qərblilər kimi liberal-demokratik prinsipləri paylaşırlar. Qərbi Avropa və ABŞ-da yaşayan müsəlman mühacirlərin davranışını əsas götürən Steyn müsəlman dünyasında fundamental hüquqların çoxluq tərəfindən dəstəkləndiyini düşünənləri xəyal-plov yeməkdə ittiham edir. Mədəniyyətlər arasında nəhəng təzadları daha aydın təsvir etmək üçün o, Əfqanıstanda baş verən son olaya diqqət çəkir. Bu günlərdə Həmid Karzay 19 yaşlı zorlanmış qadını ona təcavüz edən şəxsə ərə getmək şərti ilə əvf edib. Demək, qadın zorlanıb. Təcavüzkar azadlıqdadır. Qadın həbs olunub. Hücuma məruz qalmış qadın onu zorlayan adamın ehtiraslarını davamlı şəkildə söndürəcəyi halda azadlığa buraxılır. “Heç olmasa Misirdə yaşanılan barbarizmə görə NATO qan və pul sərf etmir,” deyə yazar özünə təsəlli verir.