“Bu fəaliyyətlər xalqa və dövlətə xeyir verir!”  Bu cür ifadələrə qeyri-demokratik ölkələrin rəsmilərinin çıxışlarında tez-tez rast gəlinir.  Təkcə rəsmilərin deyil, elə sadə vətəndaşların nəzərində də xalq və dövlət anlayışları ayrı-ayrı kateqoriyalarda qavranılır.  Əgər dövlət xalqı təmsil edirsə, bunların arasında fərq qoymağa nə hacət var?  Bu düşüncənin davamı olaraq, tez-tez “dövlət müstəqilliyinin” vurğulanması və bunun adətən hüquq pozuntularına haqq qazandırmaq kontekstində baş verməsinin şahidi oluruq.  Əgər dövlət öz vətəndaşlarının hüquqlarını pozursa, həmin vətəndaşlar üçün bu dövlətin müstəqil yaxud müstəmləkə olmasının nə əhəmiyyəti var?  Edam olunan iranlı, aclıqdan ölən şimali koreyalı üçün fərqi varmı ki, onu məhv edən kəs iranlı yoxsa ingilis, koreyalı yoxsa yapondur?   Əslində yoxdur.  Sadəcə, uzun müddət özünüidarəçilik ənənəsinə sahib olmayan millətlərin nümayəndələrinə təlqin olunub ki, dövlətin maraqları xalqın rifahından, güzəranından, hüquqlarından daha irəlidə qoyulası faktordur.

Yuxarıda təsvir edilən haçalanmanın dərin coğrafi və fəlsəfi kökləri var, və mayasında azad və totalitar təfəkkür ziddiyətləri dayanır.  Bu yaxınlarda çapdan çıxmış “Klişelərin Tiraniyası” kitabında müəllif Jonah Goldberg bir çoxlarının hökumətlə dövlət anlayışını səhv saldıqlarını izah edir: “Anqlo-Amerika ənənəsində hökumət “vacib şər” kimi qiymətləndirilir.  Amma solçuların 19-cu əsrin avtoritar Avropasından idxal etdikləri “Dövlət” konsepti bambaşqa bir şeydir.  Konstitusiyaya əsasən Birləşmiş Ştatlarda hökumət məhdud funskiyalara cavabdeh olan, mükəmməl şəklildə tərifləndirilmiş bir təsisatdır.  O, poçt xidmətlərinə, sərhədlərin qorunmasına, vergilərin toplanmasına, müharibələrin vuruşulmasına nəzarət edir.  Lakin Amerikada hökumət insanın xarakterini müəyyələnşdirmir, və belə işlərə ümumiyyətlə qarışmır.  O biri tərəfdən, Dövlət daha çox ambsiiyalı və hər şeyi əhatə edən bir varlıqdır.  Dövlətə gəldikdə belə bir təsəvvür yaranır ki, bizim hamımız vahid amaca xidmət edirik.  Sosial elmlər üzrə mütəxəssislərin çoxu bu termini “ümumi hədəflərə” qulluq etməyimizin göstəricisi kimi yozurlar.  Amma bu, sivil cəmiyyət yox, onun əksi deməkdir.  Sivil cəmiyyət elə bir məkandır ki, orada fərdlər, qruplar və təsisatlar özəl məqsədlər üçün bir-birləri ilə təmas qururlar.  Həyat dediyimiz şey elə burada baş verir.  Tiraniya rejimlərində sivil cəmiyyət xeyli məhdudlaşdırılır, çünki hər şey siyasi mahiyyət daşıyır.  Dövlət hər şeyə qarışır.  Ona görə də dissidentlər bir-biri ilə yalnız futbol yaxud şahmat oynaya-oynaya təmas qururlar.”

Fərdi maraqların inkar olunduğu, dövlət maraqlarının fərdi maraqlardan daha yüksəkdə dayandığını ehtiva edən hər hansı bir quruluş sonda toplumun əzilməsinə gətirib çıxarır.  Kollektivist şüarlar altında insanları bir yerə yığıb onları istiqamətləndirən zümrə sadəcə öz hakimiyyətini, imtiyazlarını çoxaldır.  “Dövlət”in “Xalq” anlayışından fərqli olması bu üzdən xalqa yox, dövlətin başında dayanıb özlərini xalqdan ayıran bir ovuc adamın dar məqsədlərinə xidmət etmiş olur.  Ona görə də “Dövlət” sözünün tez-tez işləndiyi yerdə güman ki, söhbət fərdin hüquqlarının tapdanacağından gedir.  Bundan isə nə xalq, nə də camaatın beyninə sırınmış “Dövlət” xeyir görəcək.