Amerikada varlı ailələrdə böyüyən uşaqlar haqda belə bir deyim var:  “Ağzında gümüş qaşıq böyüyüb.”  Harvard Universitetinin politoloqu Robert Putnam-ın apardığı elmi araşdırma göstərir ki, ağzında gümüş qaşıq böyüyən uşaqların gələcəyi də adətən qaşıqları qədər parlaq olur.

“Putnamın statistikası bir çoxumuzun real həyatda müşahidə etdiklərini təsdiq edərək göstərir ki, varlı və yoxsul adamların uşaqları xeyli fərqli mühitlərdə böyüyür, və bu üzdən də fərqli şanslara malik olurlar,” David Brooks New York Times qəzetində yazır.  Vaxt var idi ki, Amerikada varlı və orta sinif təbəqənin uşaqları oxşar atmosferdə ərsəyə gəlirdilər.  Amma son vaxtlar varlı valideynlər öz uşalqarının gələcəyinə əhəmiyyətli dərəcədə investisiya qoymağa başlayıblar.

Əvvəla, varlılar öz uşaqlarına daha çox vaxt sərf edirlər.  Universitet təhsilli valideynlər uşaqlarına hər gün kitab oxuyur, onların gündəlik həyatlarında aktiv rol oynayırlar.  İkincisi, varlı valideynlər öz uşaqlarına daha çox pul sərf edirlər.  Məsələn, ABŞ-da zəngin uşaqların dərsdən kənar hazırlıq kurslarına və başqa növ fəaliyyətlərə ildə orta hesabla 5300 xərclənir.  Nəticələr isə göz qabağındadır.  Varlı uşaqlar məktəbdən sonrakı idman məşğələlərində ikiqat artıq iştirak edirlər.  Onların komanda kapitanı olmaq şansları ikiqat artıqdır.  Bu uşaqların habelə teatr və musiqi dərnəkləri kimi qeyri-idman fəaliyyətlərində iştirak faizi də yüksəkdir.

Varlı uşaqlar aktivliklərini gücləndiryi halda, yoxsul uşaqlar daha çox bədbinliyə qapılır və özlərini  cəmiyyətdən təcrid edirlər.  Yoxsul mühitdə böyüyən uşaqlarda hər şeyə ikrah, sinisizm hissi daha güclü olur, paranoyaya meyl artır.  Bu üzdən də həmin uşaqlar gənc amerikalılara erkən yaşdan məsuliyyət və cavabdehlik aşılayan könüllü fəaliyyətlərdən uzaq dururlar.

Yoxsullar təkcə aktivlik baxımdan deyil, mənəvi müstəvidə də uduzmağa başlayırlar.  Gündəlik dolanışıq üçün səhərdən axşamadək işləməyə məcbur olan valideynlərin uşaqları ənənəvi dəyərləri də qulaqardına vururlar.  Nikahdan kənar doğuşlar onların arasında daha tez-tez baş verir.  Bundan əlavə, varlı və ağıllı adamların uşqları özləri kimi varlı və ağıllı adamlarla evlənirlər.  Onlar da öz növbələrində uşaqlarını kasıb adamların yaşadığı mühitdən təcrid olunmuş vəziyyətdə böyüdür və beləliklə tendensiyanı davam etdirirlər.  David Brooksun nəzərində Amerikada cərəyan edən proseslər “toxun acdan xəbəri olmaz” deyiminə uyğun gəldikcə siniflər arasında yarğan genişlənir, və cəmiyyətin sabitliyi sual altına gəlir.