Amerikada bir deyim var: “Qəbiristanlıq əvəzedilməz şəxsiyyətlərlə doludur.”  Bu “əvəzedilməz” şəxsiyyətlərdən biri də Pennsilvaniya Dövlət Universitetinin baş futbol məşqçisi Co Paternodur.   Həftənin əvvəlində əfsanəvi Paternonun heykəli universitet kampusundan yığışdırıldı.  Bundan bir neçə gün qabaq isə Nike şirkəti Co Paterno adına Uşaq İnkişaf Mərkəzinin adını dəyişdiyini elan etdi.  Paternonun 40 ildən çox baş məşqçi kimi işlədiyi Pennsilvaniya Dövlət Universiteti 60 milyon dollar cərimələndi.  Bu, belə olmaya da bilərdi.

Hər şey Paternonun müavini Cerri Sanduski adlı birisindən başladı.  1969-cu ildən bəri baş məşqçinin köməkçisi olan Sanduski komandanın rekord qələbələrlə qazandığı şöhrətin kölgəsində oğlan uşqlarını zorlamaqla məşğul idi.   10-15 yaş arasındakıkı uşaqları tez-tez evinə, kampusa dəvət edən Sanduski fürsətdən sui-istifadə edib pedofil əməllər törədirdi.  “İkinci Mil” adlı yoxsul uşaqlara yardım xeyriyyə fondunun banisi kimi Sanduski kimsəsiz uşaqlarla tez-tez təmas imkanları qazanırdı.  Onun qurbanları məşhurluğundan ehtiyatlanıb Sanduskini ifşa etmirdilər.  Ən azı 2011-ci ilədək.  Ötən ilin noyabr ayında Sanduskiyə qarşı 52 maddə üzrə cinayət işi qaldırıldı.  Sanduskinin zorladığı bir neçə adam başlarına gələnləri ictimaiyyətlə paylaşdılar.  Uzun sürən istintaqdan sonra məşqçi yardımçısı 45 maddə üzrə məhkum olundu ki, bu, da onun ömrünün yerdə qalan hissəsini həbsdə keçirəcəyini yəqin edir.

Bəs bunların Paternoya nə dəxli var?  Çox dəxli var.  Zorlama qurbanlarının universitetiə qarşı ittihamlarla çıxış etməsindən sonra rəhbərlik özəl istintaq aparmaq üçün sabiq Federal Təhqiqat Bürosunun rəhbəri Lui Frini işə cəlb etdi.  Bu addım universitetin öz adını təmizə çıxarması üçün vacib idi.  Amma bir neçə yüz səhifəlik təhqiqat sənədləri aydın etdi ki, baş məşqçi olaraq Paterno Sanduskinin nə kimi işlərlə məşğul olmasından agah idi.  Amma bu məlumatı polisə ötürmək və Sanduskini cəzalandırmaq əvəzinə, Paterno cinayətlərə göz yummağa üstünlük verirdi.  Ola bilsin ki, Paterno belə məsələləri səsə salmaqla başına iş açmaq, adına xələl gətirmək istəmirdi.  Ola bilsin ki, Sanduskinin nə etməsi onun vecinə deyildi.  Amma ictimaiyyətin gördyü bu oldu ki, kollec futbolu səviyyəsində ən çox oyun udmuş əfsanəvi baş məşqçi ona göstərilən ehtirama müvafiq hərəkət etməyib.  Əlbəttə bu nəticələr üzə çıxmazdan öncə Paterno artıq işdən qovulmuş və ondan az sonra dünyasını dəyişmişdi.  Qalan bircə Paternonun adının təmizə çıxacağını güman edən, Paternoya az qala ibadət edən futbol həvəskarlarının ümidləri idi.  Paternonun universitetdə toxunulmaz status qazanmasında bu həvəskarların rolu kifayət qədər böyük idi.

İnsan həyatına qaba etinasızlığa görə cəzalandırılan təkcə Paterno olmadı.  Pennsilvaniya Dövlət Universiteti hüquqi qurum olaraq törədilən cinayətlərə görə cavabdeh tutulub.  Növbəti beş il ərzində universiteti uşaq zorlanmasının qarşısını almağa yönələn xeyriyyə fondlarına 60 milyon dollar ianə etməli olacaq.  Universitet final matçından adətən ona ayrılan 13 milyon dollarlıq paydan məhrum edilib.  Növbəti dörd il ərzində hər il universitet 25 əvəzinə yalnız 15 futbol oyunçusuna təqaüd verib onu komandya cəlb edə bilər.  Komandaya xüsusi təqaüd vasitəsilə cəlb olunan oyunçuların sayı 65-i ötə bilməz.  2016-cı ilədək Pennsilvaniya Dövlət Universitetinin komandası mövsümdən kənarda heç bir oyuna qatıla bilməz.

Nəzərə çatdırım ki, universitet idmanı Amerikada peşəkar idman qədər məşhurdur.  Əslində peşəkar idmançıların böyük əksəriyyəti klublara universitet səviyyəsində nailiyyətlər əldə etdikdən sonra daxil olurlar.  İdman həmçinin iri universitetlərin başlıca qazanc mənbəyi sayılır.  Bu üzdən də adətən baş məşqçilərin maaşları universitet prezidentinkindən  yüksək olur.  Belə ki, Co Paternonun rəsmi maaşı 1.2 milyon dollar, universitet prezidenti Graham Spanierin maaşı isə $813,000 idi.  Sağ qalsaydı, Paternonun alacağı pensiya 13.4 milyon dollar olacaqdı.