Deyilənə görə hadisə belə olub: 15 yaşlı Hələb sakini Məhəmməd Qatta nisyə qəhvə almaq istəyən müştəriyə deyib: “Hətta Məhəmməd peyğəmbər də həyata qayıtsa, sənə nisyə qəhvə verməyəcəyəm.”  Bunu eşidən bir qrup üsyançı məhəllədə “Salmo” ləğəbi ilə tanınan oğlan uşağını özləri ilə maşına oturdub naməlum istiqamətdə aparıblar.  Bir qədər sonra döyülməkdən qana bələnmiş oğlanı döyüşçülər həmin yerə gətiriblər.  Burada qeyri-Suriya aksenti ilə Məhəmmədə hökm oxunub.  Yeniyetməni kafirlikdə ittiham edən döyüşçülər peyğəmbəri təhqi edən hər adamın aqibətinin belə olacağını dedikdən sonra Məhəmmədin ağzından və boynundan güllə ilə vuraraq valideynlərinin, məhəllə camaatının gözü qarşısında qətlə yetiriblər.  “Mənim oğlumu niyə öldürdülər?  Allah onların cəzasını versin!” deyə azyaşlının anası mediaya müsahibədə nalə çəkir.  Belə məlum olur ki, Məhəmməd Qatta Əsəd rejiminə qarşı başlanan ilk nümayişlərdə fəal iştirak edib.

15 yaşlı Məhəmməd Qatta

Yazıya sadə amerikalıların reaksiyaları maraqlıdır.  “Bunlar guya ki, bizim konqresmenklərin silahlandırmaq istədikləri yaxşı tərəfdir?” “Bu vətəndaş müharibəsi bizlik deyil.” “Hey McCain, sən bunlara pul və silah vermək istəyirsən? Mən istəmirəm.”  Başqaları daha sərt tonda yazır: “Bu xəstəlik tam nəzarətdən çıxıb.  Radikal islamçılara güzəştə getidkcə vəziyyət pisləşəcək.” “Heç bir müsəlmana silah verməyin!” “Yəqin Ərəb Baharı belə çiçəklənir.” “İslamçı qatillərə yardıma yox deyirəm. Onlar zibildir.”

Suriya vətəndaş müharibəsi dönüş nöqtəsini yaşayır.  Qüseyr kimi strateji şəhərin əldən çıxması ilə prezident Bəşar əl-Əsədə sadiq qüvvələr momentum qazanıb.  Əsədə sadiq ordu birləşmələri, Hezbulla döyüşçüləri və İranın məxfi agentləri yaxın günlərdə Hələb şəhərinə genişmiqyaslı hücum planlaşdırırlar.  Belə bir ərəfədə üsyançılara beynəlxalq ictimai dəstək hava-su kimi lazımdır.  Yaxşı, bəs belələrinə necə dəstək verəsən?  Hakimiyyətdə olduğu dönəmdə Əsəd rejimi minlərlə adamın, o cümlədən qadın və uşaqların, qanını töküb.  Elə rejimə qarşı üsyan da bu səbəbdən başlamışdı.  Etiraz dalğasının ilk günlərində Əsəd agentlərinin oğlan uşağına işgəncə verərək onu öldürmələri üsyanın silahlı müstəviyə keçidində böyük rol oynadı.  Amma indi belə çıxır ki, qarşı tərəf də onun tayıdır, və bəlkə də daha pis.

Bu, birinci dəfə deyil ki, islamçı ekstremistlər öz vəhşilikləri ilə iqtidardan narazı camaatı özlərinə qarşı çevirirlər.  İraq müharibəsinin qızğın çağında ABŞ-a düşmən münasibət bəsləyən sünni uçbucağında da eyni dinamika yaşanmışdı.  Qəzəbli əhalini sakitləşdirməyə çalışan ABŞ əsgərləri bir müddət sonra ərazini tərk etməyə məcbur olmuşdular.  Nəzarəti ələ alan ekstremistlər tezliklə siqaret çəkənin barmağını, futbol oyanayanın başını, mahnı oxuyanın dilini kəsirdilər.   Nəhayət yerli icmalar cana doyub silahlı dəstələr formalaşdırmağa başladılar və ABŞ qüvvələrindən qat-qat effektiv şəkildə Əl-Qaidaçıları məğlub edərək öz yurdlarından qovdular.

Amma belə görünür ki, islamçı ekstremistlər İraq təcrübəsindən dərs almayıblar.  Mənasız zorakılığa aludə olan, utopik ideyalara sığınmiş, dar dünyagörüşlü bu adamların idarəçilik haqda təsəvvürləri heç yeddinci əsr normalarına də uyğun gəlmir.  Onlar üçün zorakılıq vasitə yox, məqsəddir.  Cəmiyyətin ən aşağı qatlarından çıxan bu ekstremistlər əldə etdikləri müvəqqəti səlahiyyətdən yalnız və yalnız cəza mexanizmi kimi istifadə etməyi bacarırlar.   Bu isə əvvəl-axır həyat axarı tapmağa çalışan insan toplumunu bezdirir və yeni siyasi düzənin yaranmasına yol açır.

Əlbəttə ki, bütün bu baş verənlərdən hələlik yalnız bir adam faydalanır.  O, da məğlubiyyətin astanasında olan Bəşar əl-Əsəddir.  İosif Stalin kimi deyəsən onun da düşmənlərdə bəxti gətirir.  Necə olursa ona qarşı çıxan qüvvələr odiozluq dərəcəsində tiranı ötüb keçməyə nail olurlar.  Nasist Almaniyasının qoşunları 1941-ci ildə Ukraynaya daxil olanda Stalinin zülmündən cana doymuş insanlar almanları duz çörəklə qarşılamışdılar.  Sonradan insanları kütləvi şəkildə güllələməklə, müxtəkif növ vəhşikliklər törətməklə irqi aliliyn carçıları dostu düşmənə çevirdilər.  Bir vaxtlar Stalinin əlindən zəncir çeynəyən adamlar əllərinə silah alıb partizan qismində meşələrə çəkildilər və Nasist Almaniyasının məğlub olmasında mühüm rol oynadılar.  Amma fakt-faktlığında qalırdı – Stalin də Hitler kimi qəddar tiran idi və milyonlarla günahsız insanın həyatına bais olmuşdu.  Bu həqiqəti dərk edən Britaniya lideri Winston Churchill o zaman demişdi: “Kaş ki, hər ikisi uduzaydılar.”  Sadə suriyalılar isə ümid etməlidirlər ki, dünya ictimaiyyəti onların vətəndaş müharibəsi haqda eyni qənaətə gəlməyəcək.