Azərbaycanda prezident seçkilərinin nəticələrinə baxdıqca dahi şahmat ustası Bobbi Fişerin bir əhvalatı yadıma düşdü. Bütün rəqiblərini böyük hesabla udan çempiondan özündən sonra ən yaxşı şahmatçı kimi hesab etdiyini soruşurlar.  “Birinci yerdə mənəm, ikinci, üçüncü yeri tutanlar isə yoxdur,” deyə o, cavab verir.  İlkin rəsmi nəticələrə görə az qala 85 faiz səs toplamış prezident İlham Əliyevdən sonra ikinci yerə çıxmış Milli Şuranın namizədi Cəmil Həsənli 5 faizdən bir qədər artıq səs toplayıb.  Özü-özlüyündə bu, rekord göstərici və parlaq qələbə sayılmalıdır.  İntəhası siyasət şahmat deyil, və demokratik ölkələrin demək olar ki, heç birində siyasi namizəd öz rəqibini bu boyda səs fərqi ilə məğlub etmir.

2008-ci il prezident seçkiləri mövsümündə nəinki Amerika ictimaiyyətini, bütünlükdə dünyanı riqqətə gətirən Barak Obama 52.9 % səslə 45.7 % səs toplamış Respublikaçı rəqibi Con Makkeyni məğlub etmişdi.  Amerika standartları ilə götürdükdə bu, kifayət qədər hörmətli bir rəqəm idi.  Belə ki, prezident Obamanın sələfi Corc Buş Demokrat rəqibi Con Kerrini bir faizdən azacıq çox səs üstünlüyü ilə yenmişdi.  Ondan əvvəlki Bill Klinton isə nə 1992, nə də 1996-cı il seçkilərində 50 faiz səs toplaya bilməmişdi – yalnız sadə səs çoxluğu ilə Ağ Evə mandat qazanmışdı.   Hətta prezident seçkiləri tarixində ən böyük qələbə hesab edilən 1984-cü il səsverməsində Ronald Reyqan 60 faiz baryerinə çata bilməmişdi.

Yaponiya baş naziri Şinzo Abe parlament seçkilərində partiyasının qələbəsini bayram edir

Bu növ səs fərqi təkcə ABŞ seçkilərinə xas deyil.  Liberal demokratiya olan Fransa, Almaniya, Yaponiya və əksər başqa ölkələrdə də səs fərqi oxşar nəticələri əks etdirir.  Ötən il Fransada keçirilən prezident seçkilərində sosialist namizəd Fransua Holland prezident Nikola Sarkozini 51:48 faiz nisbətində məğlub etmişdi. Parlamentar respublikalarda təzad bir qədər də sönükdür.  Qonşu Almaniyada rəqiblərinə əzici üstünlüklə qalib gələn Xristian Demokrat Angela Merkel ümumi səslərin 33.8 faizini toplamaqla hakimiyyəti əldə saxlamışdı.  Yaponiyada isə Liberal Demokratlar qələbəyə 27 faizlə nail olmuşdular.

Yuxarıda sadalanan ölkələrdə adambaşı ümumdaxili məhsul Azərbaycandakından qat-qat yüksəkdir.  2012-ci il üçün ABŞ-da bu rəqəm $49,965, Yaponiyada $46,720, Almaniyada $41,514, Fransada isə $39,771 təşkil etdiyi halda Azərbaycanda göstərici $7,227-dir.  Görəsən azərbaycanlılar öz hökumətlərindən onlardan qat-qat varlı amerikalılar, yaponlar yaxud almanlardan bu dərədəcə çox razıdırlar ki, 85 faiz bir partiyanın namizədinə səs verir? Bəlkə Azərbaycan seçkilərini ABŞ yaxud Almaniya seçkiləri ilə deyil, siyasi mədəniyyət və nəticələr baxımdan ona yaxın başqa ölkələrlə müqayisə etmək daha məqsədəuyğun olardı?

İraq diktatoru Səddam Hüseyn seçkilərdə 100% “səs” almışdı.

Azad mühitin mövcud olmadığı məkanda nəinki 85, hətta 100 faiz də səs toplamaq olar.  2002-ci ilin oktyabrında İraqda keçirilən referendumda qeydiyyata alınmış 11,445,638 vətəndaşın hər biri Səddam Hüseynin hakimiyyətdə qalmasına səs vermişdi.  Yaxın Şərqin siyasi mədəniyyətini təhlil edəndə mən tez-tez Beyrutdan Qüdsə kitabının müəllifi Tomas Fridmanın hekayəsini xatırlayıram.  Livan paytaxtında yaşayarkən müəllifin dostu Fuad ona atasının böyük ehtiram göstərdiyi bir kişini təsvir edir.  “Fuadın atası ona deyərdi ki, bu kişi o qədər sərt idi ki, təkcə yumurtanı yeməzdi. O, yumurtanı da yeyərdi, üstəlik qabığını da.  O, heç kim üçün heç nə qoymurdu, hətta qabığları da.”  Avtokratın özünə 100 faiz səs yazdırması əslində demokratiyanın təməl prinsipi sayılan güzəşti rədd edən bu təfəkkürün təzahürüdür. İndi həmin bu qabığyeyənlər ərəb dünyasını sonu görünməyən təlatümlərə qərq edib.

Bəziləri Şərqdə siyasi avtoritarizmin çiçəklənməsini insanların ifrat dərəcədə ailəcanlı olması ilə izah etməyə çalışır.  Bu düşüncəyə görə insanlar öz ailələrinə o qədər bağlıdırlar ki, onları dolandırmaq, ən azı başlı-başına buraxmamaq naminə haqq səslərini ucaltmır, qədərə boyun əyirlər.  Başqa tərəfdən sual yaranır: Öz övladlarını düşünən valideyn onların gələcəyinə necə biganə yanaşa bilər?  Övladını sevən valideyn necə razı ola bilər ki, onu bu dünyada qanun aliliyinin təmin olunmadığı, güclünün həmişə haqlı olduğu  bir cəmiyyətdə qoyub getsin?  Söhbət burada təkcə haqqı pozulanlardan yox, həm də haqqı pozanlardan gedir.  Bütün başqa varlıqlardan fərqli olaraq insan yeganə canlıdır ki, öz öləcəyini bilir.  Necə ki, keçmişdə yaşamış insanlar hamısı dünyadan gediblər, indi yaşayan adamlar da, onlardan sonra gələnlər də nə vaxtsa gedəcək.  Bəs insan özündən sonra həyatda nə kimi irs, övladlarına nə kimi miras qoyub getmək istəyir?

Corc Vaşinqtonu öz hərəkətlərində özündən sonra miras qoyacağı irs istiqamətləndirirdi.

1799-cu il soyuq dekabr günündə bərk xəstələnmiş Corc Vaşinqton sonun yaxınlaşdığını hiss etməyə başlayır.  Müasir tibb elmindən başı çıxmayan həkimlər yatağa düşmüş xəstədən qan çıxarmaqda davam edirlər.  Heydən düşmüş sabiq prezident xanımı Martaya kabinetinə düşərək, masasının siyirtməsində saxladığı iki vəsiyyətnaməni gətirməyi xahiş edir.  Bu vəsiyyətlərin birində Corc Vaşinqton sahibi olduğu qullarla bərabər bütün əmlakını öz vərəsələri arasında paylaşır.  İkinci nüsxədə isə o, qulların azad edilməsini vəsiyyət edir.  Martaya üz tutan Vaşinqton birinci vəsiyyətnaməni yandırmağı tapşırır.  Bir neçə saat sonra ABŞ-ın birinci prezidenti, müasir erada ilk demokratik respublikanın banisi son nəfəsini dərir.