Strong-Fathers-Strong-Daughters-9780345499394“Qızınız hər səhər tezdən ona görə durur ki, siz varsınız.  Birinci siz olmusunuz, və o, sizə görə həyata gəlib.  Onun kiçik dünyasının episentrində siz dayanırsınız.  Dostlar, ailə, müəllimlər, professorlar yaxud məşqçilər ona müxtəlif dərəcələrdə təsir göstərəcəklər, amma onlar onun xarakterini müəyyən etməyəcəklər.  Bunu siz edəcəksiniz. Çünki siz onun papasısınız.”  Bu cümlələri pediatr həkim Meg Meeker Güclü Atalar, Güclü Qızlar: Hər atanın bilməli olduğu 10 sirr kitabının müqəddiməsində yazır.  Geriyə baxırkən atasının öz həyatında ən mühüm rol oynamış adam olduğunu anlayan Meeker hesab edir ki, ata qız uşağı üçün təkcə valideyn yox, həm də örnək, qəhrəman, himayədar – bir sözlə, ən ideal insan nümunəsidir.  Təəssüf ki, bir çox atalar vaxtında bu həqiqəti dərk etmir.

Uşaq psxiatrı kimi iyirmi illik təcrübəsi olan Meg Meeker gündəlik işində depressiyaya düşmüş, alkoqola, narkotikə qurşanmış saysız-hesabsız yeniyetmələrlə təmasda olub.  Onun qənaətinə görə psixikası pozulmuş qızların böyük əksəriyyətində əsas səbəbkar ata olur.  O qızların ki, ataları ilə sağlam münasibətləri olmur, onlarda özünə-inam aşağı olur və beləliklə yeniyetmə yaşlarında ciddi problemlər meydana çıxmağa başlayır.  Ataların qızların dünyasındakı yerini təsvir edən Meeker yazır:  “Siz otağa daxil olanda onlar dərhal dəyişirlər.  Onların bütün cizgiləri dəyişir: gözləri, ağızları, jestləri, fiziki davranışları.  Qızlar heç vaxt atalarının yanında biganə olmurlar.  Bu biganəlik anaların yanında baş verə bilər, amma ataların yox.  Onların ya kefi açılır, ya da ağlayırlar.  Onlar sizin hər hərəkətinizi diqqətlə izləyirlər.  Hər sözünüzə yapışırlar.  Onlar daim sizin diqqətinizi cəlb etməyə çalışır və səbirsizliklə bunu gözləyirlər.  Onlara bircə “afərin” işarəsi lazımdır, adi bir baxış ki, onları əmin etsin ki, siz onları sevirsiz və onlara yardım edəcəksiz.”

Qızlar gözlərini dünyaya açanda onların həyatındakı ilk kişi ataları olur.  Bu, o deməkdir ki, qız bütün dünyanı sizin gözlərinizlə qavramağa başlayır.  İdeal nümunə olaraq sizin hər bir addımınız onun üçün həyat reseptinə çevrilir.  İlk baxışdan qəribə görünür ki, qız üçün həyatda nümunə əks cinsin nümayəndəsi olsun.  Amma qadın pediatr israr edir ki, qiş uşaqlarının psixologiyasında ataya verilən önəm həyatda başqa heç kəsə verilmir.  “O, sizin yanınızda olanda daha çox səy göstərir.  Siz ona nəyisə öyrədəndə, daha tez öyrənir.  Əgər siz bilsəydiniz ki, siz qızınızın həyatına necə fundamental şəkildə təsir göstərə bilərsiniz, bu sizi dəhşətə gətirərdi, inanılmaz olardı.  Sevgililər, qardaşlar, ərlər onun xarakterini sizin kimi müəyən edə bilməzlər.  Siz onun bütün həyatına təsir göstərəcəksiz, çünki o, sizə həyatında heç kəsə vermədiyi imtiyazı verir.”

AA1030Qıza verilən tərbiyə özünə-inam qədər mühümdür.  Yadda saxlayın ki, siz onun dostu yox, valideynisiz.  Bu, isə o deməkdir ki, qaydalar qoyulmalı, cızıqlar çəkilməlidir.  Psixoloqlar aşkar ediblər ki, uşaqlar qaydaların aydın bəlli olduğu struktur daxilində özlərini daha rahat hiss edir, daha yaxşı böyüyürlər.  “Ata olmağın ən çətin tərəfi ona təkcə nəyin düz, nəyin səhv olduğunu başa salmaq yox, həm də onu cızıqda saxlamaqdır.  Atalar bəzən özlərinə qarşı qızlardan daha tələbkar olurlar,” Dr. Meeker müşahidə edir. Hər dəfə yatmaqdan öncə şokolad dondurması tələb edən qızcığaza “yox” deməyə özünüzdə güc tapmalısınız (etiraf edim ki, bu imtahandan heç də həmişə üzüağ çıxmıram).  Qızlar yeniyetməliyə yaxınlaşdıqca onlarda üsyankarlıq, sui-istifadəçilik, valideynin müqavimətini qırmaq tendensiyaları güclənir, deyə psxiatr xəbərdarlıq edir.  Davranış, əxlaq, iş etikası kimi prinsipial məsələlərdə güzəştə getmək olmaz.  İstər qız, istərsə də oğlan olsun, övlad bilməlidir ki, müəyyən edilmiş qaydaların pozulması konkret fəsadlarla müşayiət olunacaq.  Cəza arbitrar, şəxsi əhval-ruhiyyədən asılı olmamalıdır.  Yanlış hərəkət avtomatik və gözlənilən ölçü ilə cavablandırılmalıdır. “Uşaqlarda öz atalarını manipulyasiya etmək qabiliyyəti güclü olur.  Ona görə də üzüyumşaq atalara xəbərdarlıq!  İki yaşlı qzınız özündən çıxanda, onu küncə qoyun.  Sakitləşənədək məhəl qoymayın.  16 yaşına çatanda da eynən belə edin,” deyə pediatr tövisyə edir.  “Təmkininizi itirməyin. Amma möhkəm və ardıcıl olun.  Mehribanlıq, güc və qətiyyət – üçü bir yerdə yaxşı atalara xas xüsusiyyətlərdir.”

Dr. Meeker atalara olan tövsiyələrini 10 fəsildə daha geniş izah edir.  Bu fəsillərin başlıqlarına diqqət yetirmək özü məlumatlandırıcıdır: “Ona qəhrəman lazımdır”, “Siz onun ilk məhəbbətisiniz”, “Ona təvazökarlıq öyrədin”,  “Onu qoruyun, müdafiə edin”, “Praqmatizm və dirəniş – iki ən mühüm keyfiyyət”, “Onun evlənmək istədiyi kişi nümunəsi olun”, “Ona Allahı tanıdın”, “Ona vuruşmağı öyrədin”, “Ona insanlarla təmas qurmağa yardım edin”.  Bu fəsillərin hər biri uzun illərin təcrübəsindən qaynaqlanan müdrik nəsihətlərlə, əyani hekayələrlə doludur. Əlbəttə ki, bir çox tövsiyələr kimi bunların hamısına əməl etmək heç də həmişə asan olmur.  Amma özünə uğurlu həyat qurmuş və buna görə atasına minnətdar olan qızın yazdığı kitabın dəyəri qız övladı böyüdən atalar üçün əvəzsizdir.  Yetər ki, qızınızın həyatında ən mühüm adam olduğunuzu və hər addımda diqqətlə izlənildiyinizi heç vaxt unutmayasanız – bütün sevinci və məsuliyyəti ilə.