A couple watch US President Bill Clinton's image on a large screen TV in New York's Times Square as ..“Əgər ABŞ-dan kənarda yaşayan adamlar bilmək istəyirlərsə ki, amerikalılar niyə dünya haqda bu qədər bixəbərdirlər, cavabı üç əsas telekanalın xəbər proqramlarının tərtibatında tapa bilərlər,” bloger Jim Lobe yazır.  Belə məlum olur ki, aparıcı ABC, NBC və CBS telekanallarının təqdim etdiyi xəbər proqramlarında beynəlxalq xəbərlər cüzi bir kəsimi təşkil edir.  Üçlük il ərzində ABŞ xarici siyasəti də daxil olmaqla beynəlxalq xəbərlərə cəmi-cümlətanı 4,000 dəqiqə vaxt ayırıb ki, bu da onun ümumi efir vaxtının 27 faizini təşkil edir.  Maraqlıdır ki, bu rəqəm nə qədər kiçik də olsa, son 25 il ərzində statistik orta rəqəmdən fərqlənmir.  Beynəlxalq mövzular amerikalıların baxdıqları xəbərlərin üçdə birindən azını təşkil edir.

Tyndall Report-un apardığı araşdırma müəyyən edib ki, dünyanın bir çox guşələri adətən xəbər proqramlarında öz əksini tapmır.  Latın Amerikası, Avropanın böyük kəsimi, Səhraaltı Afrika, Cənubi Asiya və az qala bütün Şərqi Asiya haqda ötən il ərzində ABC, NBC və CBS-in xəbər proqramlarında demək olar ki, məlumat yayımlanmayıb.   Hətta Suriya kimi qaynar nöqtə haqda məlumatlar xəbər proqramının 3.5 faizini təşkil edib.  Vətəndaş müharibəsinin cərəyan etdiyi və ABŞ-ın bu müharibəyə mümkün hərbi müdaxiləsi haqda diskussiyalara ayrılan vaxt illik 15 min dəqiqəlik proqramda cəmi 519 dəqiqə təşkil edib.  Əslində bu rəqəmlə Suriya xəbər mövzuları sırasında birinci yerdə gedir.  Ondan aşağıdakı pillələrdə aprel ayında Boston marafonunda baş verən partlayış (432 dəqiqə), federal büdcə debatı (405 dəqiqə) və Obamacare proqramının təqdimatı (338 dəqiqə) yer alır.  Sonrakı yerləri isə Nelson Mandelanın vəfatı, Misir prezidenti Məhəmməd Mursinin devrilməsi və Roma Papası I Fransisin fəaliyyəti paylaşır.  Əfqanıstandakı müharibəyə həsr olunmuş reportaj dəqiqələrinin sayı Britaniya şahzadəsi Vilyamın oğlunun dünyaya gəlməsindən daha az vaxt alıb.

Amerikalıarın əksəriyyəti informasiyanı NBC, ABC və CBS axşam xəbərləri proqramlarından alır

Amerikalıların əksəriyyəti informasiyanı NBC, ABC və CBS axşam xəbərləri proqramlarından alır

Pew Araşdırmalar Mərkəzinin sorğusu göstərir ki, televiziya Amerika ictimaiyyətinin üçdə ikisi üçün əsas daxili və xarici xəbər mənbəyidir.  Kabel televiziyaları müəyyən qism adamlar üçün populyar olsa da ümumilikdə əhali ABC, NBC və CBS üçlüyünün izləyicisidir və dürüst xəbərlər üçün bu kanallara etibar edir.  Onları ən çox maraqlandıran mövzu isə əsasən ölkə daxilində baş verənlər və havadır.  Ötən ilin tornado mövsümü, qar  çovğunları, quraqlıq və meşə yanğınlarına ayrılan vaxt ümumilikdə 900 dəqiqə, yaxud il ərzindəki reportajların 6 faizini təşkil edir.

Yaponiya ilə Çin arasındakı ərazi mübahisəsi, İran və Şimali Koreya xəbərləri o qədər də geniş işıqlandırılmayıb.  Məsələn, Şimali Koreyanın gənc lideri Kim Conq Una ayrılan 87 dəqiqənin 10 dəqiqəsi basketbol ulduzu Denis Rodmanın səfərinə həsr olunub.  Hətta Həsən Ruhaninin İranda prezident seçilməsi ümumi rəqəmin 104 dəqiqəni ötməsinə əsas verməyib.  “İsrail-Fələstin münaqişəsi isə belə görünür ki, gündəmdən tam çıxıb,” deyə araşdırmanln müəllifi Endryu Tyndall qeyd edir.

Tarixən dünyanın böyük hissələrindən iki nəhəng okeanın ayırdığı Amerikada ətraf dünyaya maraq o qədər geniş olmayıb.  Yəqin Amerikaya gəlmək üçün Atlantik yaxud Sakit Okean sularının üstü ilə saatlarla uçmuş adamlar əksər amerikalıların niyə uzaq Rusiyada, Çində, yaxud Yaxın Şərqdə baş verən hadisələrə son dərəcə ciddi önəm vermədiklərini daha yaxşı başa düşür.  Dünyanın əksər yerlərində baş verən olayların amerikalıların gündəlik həyatlarına təsiri minimaldır.  Əlbəttə, 20-ci əsrdə ABŞ-ın superqüdrətə çevrilməsi ilə amerikalıların dünya haqda təsəvvürlərində çox şey dəyişb.  Nəzərə alanda ki, Amerika hər iki dünya müharibəsində fəal iştirak edib və indiyədək də dünyanın bir sıra ölkələrində hərbi qüvvələr saxlayır, Amerikanın ətraf dünyadan təcrid olunduğunu irəli sürmək düzgün olmazdı.  Hər halda son araşdırmanın nəticələri göstərir ki, “bütün siyasət lokaldır” deyimini müəyyən mənada xəbərlərə də şamil etmək olar.