Member of a newly-formed pro-Russian armed group called the Russian Orthodox Army stands guard at a barricade near Donetsk airportRusiyanın Ukraynaya və ümumilikdə Qərbə qarşı propaqanda müharibəsində “faşist” ifadəsi tez-tez işlədilir.  Ukraynada xalq inqilabının qələbəsini faşist xuntasının çevrilişi kimi qələmə verən Vladimir Putin hökuməti israr edir ki, korrupsiyaya uğramış, öz xalqına güllə atılmasına əmr vermiş Viktor Yanukoviçi devirən qüvvələr vətənpərvər ukraynalılar yox, bir qrup faşistdir.  Maraqlısı budur ki, faşizmə qarşı müharibə elan etmiş Rusiya məhz faşistlərin 1930-cu illərdə işlətdikləri taktikalardan istifadə edərək qonşu dövlətin torpaqlarını zəbt edir.

Putinin öz düşmənlərini “faşist” adlandırması təcavüz üçün bəhanə kimi dəyərləndirilə bilər.  Amma faşizm ifadəsindən istifadənin Rusiyanın sovet keçmişində dərin kökləri var. “Bu, köhnə oyundur,” National Review jurnalının siyasi çərhçisi Jonah Goldberg yazır. “İosif Stalin bütün siyasi rəqiblərini faşist adlandırardı.  Belə “faşistlərin” sırasına onun Leon Trotski kimi sabiq bolşevik silahdaşları, Qırmızı Ordunun nəhəng zabit heyəti və saysız hesabsız ukraynalılar da daxil edilmişdi.”  Stalinin faşizm nəzəriyyəsi onun hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyən istənilən qüvvəni, o cümlədən sosialistləri, sosial demokratları əhatə edirdi.  Goldbergin yazdığına görə həyasızlıq o həddə çatmışdı ki, Moskva hətta Franklin Ruzvelti və Amerika Sosialist Partiyasının rəhbəri Norman Toması da faşist adlandırırdı.

Əlbəttə, düşməni məhv etmək üçün onu ictimai nəzərdən salmaq, ona qara yaxmaq təkcə rus-sovet imperializminin sevimli taktikası deyildi.  Amma Kreml bu sahədə öz dəst-xətti ilə seçilir.  Dezinformasiya ifadəsini lüğətə gətirən dövlət yaranan gündən qara piarda yüksək peşəkarlıq sərgiləyib. Sovet kəşfiyyat idarəsinin böyük bir bölməsi bütün fəaliyyətini beynəlxalq miqyasda yalan yaymağa, ictimai fikri azdırmağa yönəltmişdi.

Sovet kəşfiyyat maşını 1980-ci illərdə QİÇS-in Amerika trəfindən icad edilməsinə dair şayiələr yayırdı.

Sovet kəşfiyyat maşını 1980-ci illərdə QİÇS-in Amerika tərəfindən icad edilməsinə dair şayiələr yayırdı.

Goldberg yazır ki, rusların propaqanda uğurları hətta Amerikadan da yan ötməmişdi.  Belə ki, indinin özünədək bəziləri Con F. Kennedinin öldürülməsində Mərkəzi Kəşfiyyat Agentliyini günahlandırır.  Məşhur solçu rejissor Oliver Stone bu barədə film də çəkib.  “1980-ci illərdə sovetlər böyük məbləğdə pul xərcləyərək şayiə yaymışdılar ki, QİÇS xəstələyini bioloji müharibə strategiyasının tərkib hissəsi olaraq ABŞ yaradıb.” Goldbergin yazdığına görə bu iftiranı 1987-ci ilin ilk altı ayında üçüncü dünya ölkələrinin 40 qəzeti çap etmişdi.

Soyuq Müharibə dönəmində demokratik Qərbi anti-bəşəri qüvvə kimi təqdim etməyə çalışan Sovet DTK-sının şinelindən çıxmış Vladimir Putinin köhnə oyun qaydalarından istifadə etməsi təəccüblü deyil.  Təəccüblü olanı odur ki, müasir informasiya erasında Putin milyonlarla rusu və sabiq Sovet məkanında yaşayan insanları inandırıb ki, Ukraynanın torpaqlarını zəbt etməklə, orada qardaş qırğınına bais olmaqla Rusiya düzgün addım atır.

Rusiyada mövcud olan dezinformasiya mühiti bir gündə yaranmayıb.  Hakimiyyətə gəldiyi gündən müstəqil medianı addım-addım dağıdan Vladimir Putin elə bir vəziyyət ayaradıb ki, alternativ düşüncə, rəy ifadə etmək üçün platforma yoxdur.  Təsadüfi deyil ki, hakimiyyəti əldə cəmləşdirən bir çox tiranların ilk hədəfi həmişə azad mətbuat, müstəqil informasiya olub.  Azad mətbuatın olmadığı məkanda propaqandanın ictimai fikri yönləndirməsi xeyli asanlaşır.

“Sabiq KQB casusu olan bir adamın öz faşist davranışına baxmayaraq, “faşist” ifadəsini yenidən canlandırması qəribə görünür.  Putinin idarəçiliyi faşizmin iqtisadi doktrinası sayılan korporatizmə əsaslanır.  O, kilsəni, biznesi, sənayeni və medianı millətçi bayraq altında mərkəzləşdirilmiş hökumətə tabe edən diktatorial liderdir.”  Bu gün Ukraynada inzibati hökumət binalarını tutan separatçılar daha çox Nasist Almaniyasının SS dəstələrini xatırladır.

Amma rus xalqına təqdim olunan mənzərə bambaşqadır.  Orada yalan həqiqəti üstələyir.  Ağ qara, qara isə ağ adlandırılır. Faşist demokrata “faşist” deyir.