Germany's Goetze shoots to score a goal past Argentina's goalkeeper Romero during extra time in their 2014 World Cup final at the Maracana stadium in Rio de Janeiro“Babası Amerikada anadan olmuş heç kəs burada futbola baxmır.  Ümid etmək olar ki, ingilis dilini öyrənməkdən əlavə, yeni amerikalılar vaxtı çatanda futbol fetişlərini də tərgidəcəklər,” deyə mühafizəkar yazar Ann Coulter “Amerikalıların Sevimli Hobbisi – Futbola Nifrət” adlı yazısı ilə sosial şəbəkələrdə fırtına yaratdı.  ABŞ milli yığmasının Portuqaliya ilə üzləşməsi ərəfəsində qələmə alınan yazıda dünya çempionatına, ümumilikdə futbola yönəlik ikrah tonu çoxlarını qəzəbləndirdi.  Əlbəttə söhbət burada Amerika futbolundan yox, bizim Azərbaycanda tanıdığımız futboldan gedir.  O futbol ki, Amerikada öz adı ilə yox, qəribə mənşəyi olan “soccer” ifadəsi ilə tanınır.

Yadımdadır ki, Amerikaya orta təhsil almağa gələndə, məndən hansı idman məşğələsinə yazılmaq istədiyimi soruşdular.  Mən dərhal “futbol” dedim.  Amma yaxınlarım məni əmin etdilər ki, mən “football” yox, “soccer” nəzərdə tuturam.  Çox keçməmiş, anladım ki, Amerikada futbol dəbilqəli, yaraq-əsləhəli bir idman növünə deyilir ki, bunun bizim futbola heç bir aidiyyatı yoxdur.  Üç-beş saniyəlik sürətli fiziki manevrlərlə müşayiət olunan oyun ərzində bir komanda iri badama oxşar topu o biri komandanın qol xəttindən keçirməyə can atır.  Oyun mürəkkəb qaydalar və böyük xallarla müşayiət olunmaqdan əlavə bahalı ləvazimat və xüsusiləşdirilmiş stadion tələb edir.  O da xatirimdədir ki, bizim məktəb futbol üzrə bölgə çempionluğunu qazansa da, hər həftənin cümə günü Amerika futbolunu seyr etməyə gələnlərin sayı, bizim futbola baxmağa gələnlərin sayından qat-qat artıq olurdu.  Əslində cümə günü axşam Amerika futbolu ictimai ənənə halını almışdı.  Burada şəhər sakinləri məktəb ansamblının konsertinə baxar, bir-birləri ilə görüşər, nahar edər, dondurma yeyər, oğlanlar qızlarla tanış olardılar.

ABŞ-ın başlıca idman növü ssayılan  Amerika futbolu mövsümünə hər il milyardlarla dollar xərclənir.

ABŞ-ın başlıca idman növü sayılan Amerika futbolu mövsümünə hər il milyardlarla dollar xərclənir.

Dünyanın əksər bölgələrindən fərqli olaraq Amerikada Avropa futboluna maraq həqiqətən də çox azdır.  ABŞ-Portuqaliya oyununa baxan amerikalıların sayı 18.2 milyon idi ki, bu da indiyədək həmin matçı Amerikada ən çox baxılan futbol matçı edir.  Halbuki Amerika futbolunun bazar günü adi mövsümi oyununa 20 milyon adam baxır.   Super Bowl kimi tanınan final oyuna isə təqribən 112 milyon amerikalı baxır.  Avropa futbolunu Amerikada təkcə amerikalıların öz futbolları yox, habelə beysbol və basketbol da asanlıqla üstələyir.  Elə bu səbəbdəndir ki, ABŞ-da LeBron James, Kobe Bryant, Sammy Sosa, Mickey Mantle kimi idmançıları David Beckham yaxud Lionel Messini tanıyandan qat-qat çox adam tanıyır.  Və həmin idmançılar Amerika idman bazarının qüdrətinə uyğun olaraq Avropa və Latın Amerika futbolçularından milyonlarla çox pul qazanır.

Yaxşı, bəs amerikalılar futbolu niyə sevmir?  Stephen Moore-un cavabı sadədir: “Çünki futbol DARIXDIRICIDIR!”  Amerikalı müəllif yazır ki, futbola baxmaq paltarların qurumasına baxmaq qədər darıxdırıcıdır: “Sən buterbord almaq üçün iki kilometr yol qət edib, aramla qayıda bilərsən, və mümkündür ki, hesab dəyişməz qalsın.”  Əksər amerikalıların futbola qarşı iddiası ondan ibarətdir ki, 90 dəqiqləik oyun ərzində qol az olur.  Bir çoxlarının nəzərində iki komandanın bir-biri ilə saat yarım oynamasından sonra hesabın 0:0 başa çatması dözülməzdir.  “Mən amerikalyam, Mən hesab görmək istəyirəm.  Hərəkət istəyirəm.  Bu qədər vaxt ərzində komandanın qarşı qapıya bir yaxud iki qol vurması məni cuşa gətirmir,” deyə Moore fikrini izah edir

Şagirdi olduğum Quakertown orta məktəbində Amerika futbolu böyük bir ənənə idi.

Şagirdi olduğum Quakertown orta məktəbində Amerika futbolu böyük bir ənənə idi.

Hakimin futbolda mütləq söz sahibi olması da çoxlarını qıcıqlandırır.  “Qol vurmaq o qədər çətindir ki, çoxları bilərəkdən özlərini yerə yıxır ki, hakimdən penalti alsın.  Hakimlər meydanda ən mühüm adamlardır,” Moore şikayətlənir.  Daniel Drezner razılaşır ki, pis hakimlik əksər idman növlərində var,  amma amerikalıların sevdikləri oyunlarda belə bir arxayınlıq var ki, komandalar öz talelərini özləri həll edir, hakim yox.  Həyata bu cür münasibət əslində amerikalılarla avropalılar arasında başlıca fərqi özündə əks etdirir.  “Həyatda uğurun fərdin öz əməllərindən asılı olub-olmaması haqda suala amerikalıların cavabları Qərbi Avropalılarınkından daha optimistdir.  Ameikalılardan yalnız 36 faizi hesab edir ki, onun öz qisməti üzərində nəzarəti azdır.  İspaniyada bu rəqəm 50%, Fransada 57%, Almaniyada isə 72 faizdir…  Amerikada düşüncə budur ki, oyunu əsasən ən yaxşı komanda udur.  Amma Dünya Kuboku matçlarının yekun nəticələrindən gəldiyim qənaət budur ki, səylə nəticə arasındakı uzlaşmanın ən zəif olduğu idman növü futboldur,” Drezner yazır.

Dünyanın başqa yerlərində az qala tanınmayan beysbol Amerikada ən populyar idman növlərindən biridir.

Dünyanın başqa yerlərində az qala tanınmayan beysbol Amerikada ən populyar idman növlərindən biridir.

Bu səbəblərin nə dərəcədə ciddi, sübuta yeriləcək arqumentlərə əsaslandırğını demək qeyri-mümkündür.  Müşahidə olunanı budur ki, oturumuş ənənəni yenisi ilə əvəzləmək istənilən cəmiyyət üçün xeyli çətindir.  İnsanlar kimi toplumlar da qiymətli xatirələrə bağlanmış vərdişlərini asanlıqla dəyişmir.  Onu da nəzərdən qaçırmaq olmaz ki, istər Amerika futbolu, istər beysbol, istərsə də basketbol televiziya reklamları üçün münbit platformadır.  Oyunlarında iki dəqiqədən bir taymaut götürülməsi bu matçları reklamlarla az qala diffuziya edib.  O biri tərfədən 90 dəqiqəlik futbol matçı davamlı izləmə tələb edir və yeganə birbaşa reklam imkanı stadionların hasarlarında ayrılmış lövhələrdir.  İstər beysbol olsun, istərsə də futbol, oturuşmuş ənənələrin müəyyən mənada kapitala, maliyyə maraqlarına söykənməsi isə köhnə hekayədir.