A member loyal to the ISIL waves an ISIL flag in RaqqaİŞİD-in meydana çıxması haqda müxtəlif nəzəriyyələr var.  Adətən siyasi motivlərlə müşayiət olunan bu cür nəzəriyyələr çox vaxt diqqəti qrupun hazırkı maliyyə və silah mənbələri, yaxud təmasda olduğu tərəflər üzərində cəmləşdirir.  21-ci Əsrdə Kapital kitabının müəllifi Thomas Picketty-nin bu mövzuda irəli sürdüyü tezis qlobal terror fenomeninin sosial faktorlara əsaslandığını iddia etməklə fərqlənir. Washington Post qəzetində Pickettynin nəzəriyyəsini incələyən Jim Tankersley “gəlir bərabərsilziyinin” İŞİD-ə rəvac verən başlıca amil kimi dəyərləndirilməsini şərh edir.

Pickettynin fikirlərini  bir (uzun) cümlə ilə izah edən Tankersley yazır: “Qeyir-bərabərlik Yaxın Şərq terrorizminin, o cümlədən Parisdə terror hücumları həyata keçirmiş İŞİD-in mühərrikidir, və bu qeyri-bərabərliyə görə müəyyən məsuliyyət Qərb dövlətlərinin üzərinə düşür.”  Picketty hesab edir ki, neft var-dəvlətinin kiçik əhaliləri olan bir ovuc dövlətin əlində cəmləşməsi Yaxın Şərqdə siyasi və sosial sistemləri qeyri-stabil edib.

Məsələn, Misirlə İran arasında olan nəhəng bir ərazidə (buraya Suriya da daxildir) bir neçə neft monarxiyası ümumi var-dövlətin 60-70 faizinə sahibdir.  Halbuki, 300 milyon adamın yaşadığı bu ərazidə köfəz dövlətlərinin payına cəmi bu rəqəmin 20 faizdən azı düşür.  Söhbət burada Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman kimi ölkələrdən gedir.  Əhalinin cüzi kəsiminin əlində toplaşan var-dövlət regionu planetin “ən qeyri-bərabər” məkanı edir.

Dubay Yaxın Şərqdə ən çox lüks maşınların satıldığı şəhərdir.

Dubay Yaxın Şərqdə ən çox lüks maşınların satıldığı şəhərdir.

Hətta varlı körfəz dövlətlərində belə əhalinin qadın və qaçqınlardan ibarət nəhəng bir kəsimi yarı-qul halında yaşayır.  Pickettynin sözlərinə görə bu cür iqtisadi durum Qərb qüdrətlərinin regionu müharibəyə düçar etdikləri haqda düşüncələrə yol açır.  Buna nümunə olaraq Picketty Birinci Köprfəz Müharibəsinin ardınca Qərb qüdrətlərinin neft resurslarını Küveyt əmirlərinə qaytarmasını misal gətirir. Mövcud olan nəhəng resurslardan yalnız bir ovuc adamın bəhrələnməsi regionu faktiki olaraq barıt çəlləyinə çevirib.

Əslində Pickettyin irəli sürdüyü nəzəriyyə yeni bir şey deyil.  Karl Marksdan bu tərəfə əskər solçu mütəfəkkirlər dünyada baş verən əksər zorakılıqları material çatışmazlıq və qeyri-bərabərliklə əlaqələndirməyə çalışıblar.  Bir çox hallarda bu qeyri-bərabərlyin aradan qaldırılması uğrunda aparılan mücadilələr milyonlarla insanın erkən ölümünə bais olub.  Konkret terrora gəldikdə, 2001-ci il 11 sentyabr terror hücumlarının müəllifləri sırasında yoxsul adam yox idi.  19 terrorçunun az qala hamısı orta-tuxarı sinif ailələrdən gəlir və müasir dünyanın bəxş etdiyi bir çox nemətlərə çıxışları var idi.  Əl-Qaida təşkilatının banisi olan Usama bin Ladin özü milyarder övladı idi və uşaqlığının böyük hissəsini Qərbdə, cah-cəlal içərisində keçirmişdi.

Bir sözlə, mövcud dəlillərə əsaslanaaraq terrorizmin yalnız material qıtlıqdan, bərabərsizlikdən irəli gəldiyini demək düzgün olmazdı.  Amma qana bələnmiş regionda zorakılıqların başlıca səbəbi olaraq sosial-iqtisadi faktoru, ədalət faktorunu nəzərdən qaçırmaq, ən azı burada anti-Qərb meyllərini şərtləndirən amilləri büsbütün qulaqardına vurmaq da eyni dərəcədə yanlış olardı.  “Bütün bu körfəz rejimləri hərbi və siyasi baxımdan Qərb qüdrətlərindən dəstək alır.  Qərb bu rejimlər vasitəsilə bəzən futbol klublarını maliyyələşdirir, onlara silah satır.  Bəlkə elə bu üzdən bizim sosial ədalət və demokratiya haqda dərslərimizə Yaxın Şərq gəncliyi məhəl qoymur,” deyə Picketty müşahidə edir.

Regionda inam qazanmaq üçün Qərb ölkələri nümayiş etdirməlidirlər ki, onları regionun sosial inkişafı öz maliyyə maraqlarından, hakim ailələrlə münasibətlərindən daha çox maraqlandırır, Picketty bildirir.  Məhz buna görə də elə etmək lazımdır ki, neft pulu regional inkişafa, ələlxüsus təhsilə xərclənsin.  Əgər terrorizmi qidalandıran başlıca amil qeyri-bərabərlikdirsə, onda ona qarşı effektiv mübarizə aparmağın yolu iqtisadi ölçülərdən keçir.

Thomas Picketty, fransız iqtisadçı

Thomas Picketty, fransız iqtisadçı

Picketty əlavə edir ki, Avropa cəmiyyətləri miqrantları inteqrasiya istiqamətində səy göstərməlidirlər.  Miqrantlar arasında işsiszlik və onların üzləşdikləri ayrıseçkilik radikalizmin Avropa hüdudlarına yayılmasında da rol oynayır.  Təsadüfi deyil ki, Avropada terror aktı törədənlərin böyük qismi məhz bu qitədə boya başa çatmış miqrant nəslinin nümayəndələri olub.

Terror patologiyanın manifestasiyasıdır.  Əvvəl qeyd olunduğu kimi, onu çox səbəblər doğura bilər.  Qeyri-bərabərlik, safalət dünyanın bir çox yerlərində mövcuddur, amma bu amil heç də həmişə insanları sivilizasiyaya qarşı silaha sarılmağa sövq etmir.  O biri tərəfdən az qala terror və zorakılığın episentrinə çevrilmiş Yaxın Şərqdə cərəyan edən prosesləri hərtərəfli anlamaq bu bəlanın qarşıını maksimum almağa yalnız yardımçı ola bilər.  Picketty-nin dediklərinə inansaq, Yaxın Şərqin problemləri Suriyada vətəndaş müharibəsindən, İraqa hərbi müdaxilədən yox, xeyli əvvəl, 20-ci əsr sultanları ilə rəiyyət arasında məsafənin genişlənmə nöqtəsindən başlayıb.