U.S. President-elect Trump greets outgoing President Obama before Trump is inaugurated during ceremonies on the Capitol in WashingtonYanvarın 20-də bütün dünya Amerika milli ritualına seyrçi oldu. Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp dünyanın ən qüdrətli ölkəsinin rəhbərliyini Barak Obamadan təhvil aldı. Dinc hakimiyyət dəyişikliyi ənənəvi andiçmə mərasimi, inaqurasiya paradı və gecə balları ilə müşayiət olundu.

Sabiq Sovet dissidenti Natan Şaranski ölkənin azad olub-olmadığını müəyyən etmək üçün sadə litmus testi təklif edirdi. Əgər paytaxtın mərkəzi meydanında polis müdaxiləsi olmadan hökumət əleyhinə şüar səsləndirə bilirsənsə, azad ölkədə yaşayırsan.

Demokratiyanın testi də bu baxımdan oxşardır.  Əgər ölkədə dinc hakimiyyət dəyişikliyi baş verirsə, dövlət başçıları sivil şəkildə dəyişirsə, həmin ölkə demokratiyadır.  Belə ki, qeyri-demokratik ölkələrdə hakimiyyət dəyişikliyi öncədən planlaşdırılmış ritualla həyata keçmir – adətən qəfil olur və tabutun kölgəsində baş verir.

“Üzvlərinin biri-birinə qarşı müntəzəm nifrət, yaxud kor-koranə sevgi bəslədikləri millət müəyyən mənada kölədir.” – Corc Vaşinqtonun vida çıxışından.

“Üzvlərinin biri-birinə qarşı müntəzəm nifrət, yaxud kor-koranə sevgi bəslədikləri millət müəyyən mənada kölədir.” – Corc Vaşinqtonun vida çıxışından.

Müasir tarixin bu ənənəsinə görə bəşəriyyət ABŞ dövlətinin banilərindən olmuş Corc Vaşinqtona minnətdardır. 1797-ci ildə hakimiyyəti könüllü şəkildə tərk etməyə qərar verəndə, Vaşinqton o zaman dünya boyu bütün həmkarlarını heyrətə gətirmişdi. 18-ci əsrdə az qala heç kəs könüllü şəkildə hakimiyyəti əldən vermirdi.

Lakin bu addımı atmaqla Vaşinqton ABŞ-da və dünya demokratiya tarixində mühüm bir ənənənin təməlini qoymuş oldu.  Belə ki, Vaşinqtondan sonra ABŞ prezidentləri iki dönəmdən artıq xidmət etməyi özlərinə layiq görmədilər. 1940-cı illərdə Franklin Delano Ruzvelt bu ənənədən kənara çıxdqıdan az sonra – 1947-ci ildə Konqresdə səs çoxluğu qazanan Respublikaçılar Konstitutsiyaya düzəliş edərək iki dönəmlik məhdudiyyəti qanunda təsbit etdilər.

Dinc hakimiyyət dəyişikliyinin əsasında kompromis və arzuolunmaz nəticəni qəbul etmək ənənəsi dayanır ki, bu da Amerika cəmiyyətinin üzvlərinə ən erkən yaşlarda aşılanır.  Hətta məktəb şagirdləri sinif hökuməti üçün seçkili mübarizə aparanda, məğlubiyyəti sivil qaydada qəbul edib, rəqiblərini təbrik edir və həyatlarına davam edirlər.

Sinif otaqları Amerika demokratiyasının ilkin laboratoriyasıdır.

Sinif otaqları Amerika demokratiyasının ilkin laboratoriyasıdır.

Yetkin rəqabət özünü təkcə məktəb səviyyələrindəki seçkilərdə yox, hətta sadə idman oyunlarında da büruzə verir. Xatirimdədir ki, Pennsilvaniyada məktəblərarası futbol matçlarının ardınca həmişə sıraya düzlənib, rəqib komanda oyunçularının əlini bir-bir sxmalı olurduq.  Kimin udub-udmamasından asılı olmayaraq, bu, qayda idi.

Bir vaxtlar yardımçısı olduğum Merilend Universitetinin tarix professoru mühazirələrinin birində tələbələrdən soruşdu: “Sizə təəccüblü gəlmirmi ki, 1996-cı il prezident seçkilərində qələbə çalan Bill Klinton rəqibi Bob Doulu həbs etdirmədi?” Tələbələrin reaksiyası ucadan gülüş oldu.  “Əvəzində, Klinton Doulu “Azadlıq” medalı ilə təltif etdi və ona nüfuzlu dövlət komitəsinə rəhbərlik etməyi həvalə etdi… Fakt budur ki, dünyanın bir sıra ölkələrində siyasi rəqabət əl sıxmaqla, barışıqla yox, rəqibin həbsi, daha pis hallarda isə aradan götürülməsi ilə müşayiət olunur,” deyə professor gənc amerikalıların təbii hesab etdikləri fenomenin nə dərəcədə unikal olduğunu izah etdi.

Güzəşt, insaf, və paylaşma demokratik düzənin təməl dəyərləridir.  Məşhur “Beyrutdan Qüdsə” adlı kitabında Tomas Fridman mərhum dostu, görkəmli şərqşünas Fuad Əcəminin ona danışdığı bir söhbəti oxucularla bölüşür.  Livanda kirayədar olan Əcəminin atası bir həmkarına qibtə edərdi.  “Fuadın atası ona deyərdi ki, bu adam elə zirək idi ki, o, təkcə yumurtanı yox, onun qabığını da yeyərdi. O, başqlarına heç nə qoymurdu – heç yumurta qabığını da,” Fridman yazır. Bu cür kompromis hissindən xali adamların dominantlıq etdiyi cəmiyyətlərdə konsensual hökumət qurmaq, hakimiyyət paylaşmaq çətin olur.

Donald Trampın andiçmə mərasimində iştirak edənlər sırasında onun siyasi rəqibləri və əks partiyanı təmsil edən prezident var idi.

Donald Trampın andiçmə mərasimində iştirak edənlər sırasında onun siyasi rəqibləri və əks partiyanı təmsil edən prezident var idi.

Siyasi rəqabətin əl sıxmaqla başa çatması heç də rəqabətin mülayimliyinə dəlalət etmir. Seçkilərin fəsadları cəmiyyət üçün kifayət qədər həyati əhəmiyyət kəsb edir və qızğın emosiyalarla müşayiət olunur.  Lakin hansısa məqamda, toplum müəyyən edib ki, siyasi fikir ayrılıqlarını hamının qəbul edəcəyi oyun qaydaları çərçivəsində müəyyən etmək, hər dəfə silaha əl atmaqdan daha məqbul, daha məntiqlidir. Əslində səsvermə vətəndaş müharibəsinin dinc formasıdır.

Hakimiyyətin savaşsız təhvil verilməsi bəzilərinə adi hadisə kimi təsir bağışlaya bilər. Lakin unutmaq olmaz ki, Suriya kimi dünyanın bir sıra ölkələrində belə bir ritualın olmaması yüz minlərlə insanın qətlinə gətirib çıxarır. Əgər insanlar hakimiyyətlərini sivil, razılaşdırılmış oyun qaydaları çərçivəsində müəyyən edə bilmirlərsə, onun fərqli yolunu tapmağa çalışırlar.  Yaxud da nifrət etdikləri liderin dəmir yumruğu altında inləməkdə davam edirlər.

Hətta demokratik cəmiyyətdə belə seçkilər siyasi rəqabətin sonucunu yox, davamlı siyasi prosesin axarını əks etdirir.  Kiminsə bir dəfə dövlət başçısı, yaxud konqresmen seçilməsi o demək deyil ki, 2, 4 yaxud 6 il sonra həmin toplum fikrini dəyişə bilməz.  Demokratiyanın başlıca xüsusyyəti məhz bu dəyişiklik, bu dəyişkənlikdir.

19-cu əsr Britaniya tarixçisi Lord Aktonun təbirincə desək, “mütləq hakimiyyət mütləq korrupsiyaya uğradır.” O baxımdan, seçki mexanizminin mövcudluğu cəmiyyət qarşısında cavabdeh hökumətin mövcudluğuna təminat verən başlıca amildir.  Digər faktorlardan əlavə bu amil həm də səsvermədə qalib çıxmış liderin öz sabiq rəqibləri ilə iltifatla davranmasına şərait yaradır.

Dünyanın ən eksklüsiv klubu - sabiq ABŞ prezidentləri

Dünyanın ən eksklüsiv klubu – sabiq ABŞ prezidentləri

Donald Trampın andiçmə mərasimində iştirak edənlər sırasında təkcə onun hakimiyyətdə əvəzləyəcəyi Barak Obama və Demokrat administrasiyanın yüksək rütbəli xadimləri yox, eləcə də sabiq rəqibi Hillari Klinton var idi.  İnaqurasiyadan dərhal sonra düzənlənn ziyafətdə Tramp xanım Klintonun şərəfinə badə qaldıraraq ona dərin ehtiramını ifadə etdi.

İnaquasiya mərasimində Hillari Klintonun yanında iki dönəm prezident olmuş əri Bill Klinton əyləşmişdi. Orada ondan əlavə üç sabiq prezident də var idi.   Dünyanın ən eksklüsiv klubu – sabiq prezidentlər klubunun üzvləri kimi Cimmi Karter, Bill Klinton, Corc W. Buş, və Barak Obama yeni prezidenti qarşıda nə kimi məsuliyyət yükü gözlədiyindən agah idilər.  Bu məsuliyyətdən əlavə onların keçirdikləri başqa bir hiss sabiq prezident olmağın izzəti idi.