Amerikalıları başqalarından ilk baxışda fərqləndirən bir fundamental xüsusiyyət varsa, o da təbəssümdür.  İstər xaricdə, istərsə də Birləşmiş Ştatlarında özündə, insanların bir-birləri ilə təmasda gülümsəməsi az qala normadır.

“Atlantic” məcmuəsinin yazarı Olqa Xazan həmin bu təbəssüm haqda 2015-ci ildə aparılmış araşdırmanın üzə maraqlı tapıntılar çıxardığını yazır.  Məlum olur ki, mühacirətin demoqrafiyasında mühüm rol oynadığı ölkələrdə insanlar tarixən qeyri-şifahi ünsiyyət vasitələrinə daha çox üz tuturlar.

32 ölkədə araşdırma aparmış alimlər müəyyən ediblər ki, insanların sifət ifadələri və bunu açıq şəkildə büruzə vermələri demoqrafiyanın rəngarəngliyi ilə sıx bağlıdır. “Başqa sözlə desək, harada çox mühacir varsa, orada qarşılıqlı etimad və əməkdaşlıq qurmaq üçün gülümsəməyə daha çox ehtiyac var, çünki hamı eyni dildə danışmır.”

Kanada və ABŞ kimi ölkələrdə əhalinin etnik mənbələri onlarla ölkəni əhatə edir. Bunun əksi olaraq Zimbabve və Çində əhali homogendir.

Təbəssüm Amerikanın siyasi arenasında olduqca mühüm rol oynayır.

İnsanların müxtəlif mədəniyyətləri təmsil etdikləri ölkədə gülümsəmək adamla dost olmaq istəyinin kəsə və effektiv işarəsidir.

Digər tərəfdən, əhalisinin homogen olduğu ölkələrdə gülümsəmək başqasi üzərində səlahiyyət əlaməti kimi yozula bilər. Müəlliflər hesab edir ki, xaricilərin az olduğu ölkədə cəmiyyətlər daha iyerarxik olur və burada qeyri-şifahi ünsiyyət daha çox qüvvə balansının saxlanmasına xidmət göstərir.

“Amerikalılar ona görə gülümsəyir ki, bizim isveçli babalarımız italiyan qonşuları ilə dostlaşmaq istəyirdilər və onlar “buonjurno” tələffüz edə bilmirdilər,” Olqa Xazan fikrini aydın edir.

Bəs entusiazmı necə izah edək? Axı dişlərin görünməsinə nə ehtiyac var?

Çin kimi cəmiyyətlərdə gülümsəmək bəzən daha çox qüdrət göstəricisi kimi yozulur.

“Ola bilsin ki, amerikalılar yüksək enerjili, xoşbət hissləri başqa ölkələrdəkindən dah çox dəyərləndirirlər,” müəllif yazır.  O, nümunə kimi amerikalı və çinli hökumət və biznes liderlərinin fotolarına diqqət çəkir.  Bu fotoların analizi göstərir ki, amerikalılar çinlilərdən daha çox sifət əzələsi hərəkət etdirirlər və onların təbəssümündə daha çox həyəcan var.

Alimlər 10 müxtəlif ölkənin tələbələri arasında keçirdikləri sorğuda müəyyən ediblər ki, ölkələrdəki xoşbəxtliyə, yüksək enerjiyə verilən dəyər hökumət rəsmilərinin gülümsərliyinə mütənasibdir. Maraqlıdır ki, həmin ölkələrdə insanların əsl xoşbəxtlik əmsalı burada rol oynamır.  Liderlərin həyəcanı rəhbərlik etdikləri insanların həqiqi yox, ideal emosiyalarına əsaslanır.

Emosional ifadələr transmilli korporasiyaların qlobal əməliyyatlarında bəzən dilemmalara yol açır. Məsələn, McDonald’s şirkəti ilk dəfə Moskvada restoran açanda, ruslara gülümsəməyi öyrətmək əməlli başlı problem idi. Sabiq McDonald’s işçisi Yuri Çekalin öz təcrübəsini belə təsvir edir.

“Amerikalılar bizə təlim videosu göstərib izah etdilər ki, müştərilərin gözünə baxıb onlarla vizual təmas qurmaq və gülümsəmək vacibdir…  Bizdə Rusiyada isə adamın gözlərinə baxanda, onlar bunu aqressiya əlaməti kimi qəbul edir.”

Moskvada McDonald’s restoranı açılanda amerikalı korporativ nümayəndələr yerli işçilərə gülümsəməyin önəmini izah etməkdə çətinlik çəkirdilər.

Wal-Mart pərakəndə satış şirkəti Almaniyada mağazalar açanda, məcbur olub işçilərdən müştərilərə gülümsəmək tələbini aradan qaldırdı. Təkcə gülümsəmək yox, işçilərin səhər tezdən firma şüarını səsləndirməsi ənənəsi də istisna edildi.  “Adamlara burada belə şeylər qəribə görünürdü. Almanlar belə davranmırlar,” Hans-Martin Poschmann izah edir. Təəccüblü deyil ki, çox keçməmiş Wal-Mart Almaniyadakı bizneslərini qapatmalı oldu.

“Bir çox gündəlik davranışlar kimi Amerika təbəssümü də bizim mədəniyyətimizin məhsuludur. Və bu məhsulu ixrac etmək də oxşar dərəcədə çətin ola bilər,” Olqa Xazan fikrini tamamlayır.