“Venesuela paytaxtı Karakasın civarındakı təbiət fermerə lazım olan hər şeyə malikdir – münbit torpaq, su, günəş işığı və su qiymətinə yanacaq.  Ancaq nədənsə buradakı ailələr şəhərdə uzun çörək növbələrinə duran və zibillikdə yemək üçün eşələnən Karakas sakinləri kimi bir dəri bir sümükdürlər,” Washington Post qəzetinin müxbirləri Mariana Zuniga və Nick Miroff yazır. “İqtisadi aksiomları illər boyu qulaqardına vuran ölkə indi sadə riyaziyyatın acı dərsləri ilə ayaqlaşmalıdır.”

“Keçən il 200,000 toyuğum var idi,” Araqua ştatında toyuq və donuz ferması sahibi Saulo Eskobar Post-a danışır. “İndi cəmi 70,000 qalıb.”

Eskobarın toyuq fermasında boş hinlər çoxdur. Belə ki, Eskobar nə əlavə cücə, nə də toyuqları yedirtmək üçün yem ala bilmir.  Hökumətin qiymətlərə nəzarəti biznesi gəlirsiz edib.  Silahlı reketirlər isə ondan pul qoparır, tez-tez yumurtalarını oğurlayırlar.

İnsanlar adi ərzaq malları almaq üçün saatlarla növbəyə durur.

Müasir rejimin banisi Uqo Çavezin hakimiyəti dönəmində sosializmi dövlət siyasəti kimi qəbul etmiş Venesuelada aclıq tədricən normaya çevrilməkdədir. Hazırkı prezident Maduroya qarşı etiraz nümayişlərində səsləndirilən əsas şüar “biz acıq”-dır.

Bu yaxınlarda 6,500 ailə arasında keçirilən sorğuda bəlli olub ki, venesuelalıların dörddə üçü 2016 ildə orta hesabla 7 kiloqram çəki itirib. “Kollektiv arıqlamaya burada ikrahla “Maduro pəhrizi” deyirlər, lakin belə aclıq səviyyəsi müharibə və ya təbii fəlakət zonalarından kənar heç yerdə müşahidə edilməyib.”

Venesuela Səhiyyə Nazirliyi ölkədə uşaq ölüm səviyyəsinin təkcə ötən il 30 faiz artıdığını deyir. 2016-cı ildə 11,000 körpə aclıq və dərman qıtlığı üzündən vəfat edib. Statistikanı açıqlayan naziri Prezident Maduro iki gün sonra işdən çıxarıb.

Hökumətin avtoritar və yarıtmaz siyasətinə qarşı nümayişlər ara vermir.

Ola bilsin ki, Maduro körpələrin acından ölməsinə görə statistik hesablamalar aparan məmurları qınayır.  Amma vətəndaşların əksəriyyəti baş verən fəlakətə görə Maduro və onun sələfi Çavezin yürütdüyü səbatsız siyasəti günahkar bilir.

“Söhbət təkcə topağın milliləşdirilməsindən (dövlət nəzarətinə keçirilməsi nəzərdə tutulur) getmir. “kənd təssərrüfatı eksperti Karlos Maçado deyir. “Hökumət qərar verib ki, hər istehsalçı, həm emalçı, həm də paylaşdırıcı olacaq. Bu üzdən bütün ərzaq istehsal prosesi səmərəsiz bürokratiyadan əziyyət çəkir.”

Boş mağaza piştaxtaları Uqo Çavezin “Sosializm yaxud Ölüm” siyasətinin rəmzinə çevrilib.

Eskobara üç aylıq fəaliyyəti davam etdirmək üçün 400 ton yüksək zülallı heyvan yemi lazımdır. Lakin o, yalız 100 ton yem əldə edə bilib. Bir çox başqaları kimi o da qara bazara üz tutmaq məcburiyyətində qalıb.  Lakin Washington Post-un yazdığına görə, burada o, yalnız ucuz və keyfiyyətsiz yem ala bilir.  Ona görə də onun toyuqları əvvəllə müqayisədə daha kiçikdir.  Elə toyuqların yumurtaları da.

Bir vaxtlar Eskobarın donuzları 110 kiloqram gələrdi.  İndi onların çəkisi 80 kiloqrama enib. Ötən il Eskobar peyvənd çatışmazlığı üzündən üç ayın içərisində 2,000 donuzunu itirdi.

Venesuela rançerlər assosiasiyasının sabiq prezidenti Vinsente Karrillo deyir ki, ölkədə son beş ildə iribuynuzlu malqaranın sayı 13 milyondan 8 milyona azalıb. Karrillo özü rançosunu yerli fəallar onu “kapitalist” olmaqda ittiham etdikdən sonra satmalı olub. “30 il həyatımı sərf etdim bu biznesə, amma hər şeyi arxada qoymalı oldum,” o, Washington Post-a bildirir.

Paytaxtın Caricuao Zooparkında heyvanlar da aclıqdan arıqlayıblar.

Eskobarın sözlərinə görə bu günlərdə fermerlər üçün özlərini dolandırmağın yeganə yolu qanunu pozaraq öz məhsullarını bazar qiymətlərinə satmaqdır.

“Əgər mən məhsullarımı dövlətin müəyyən etdiyi qiymətlərə satsaydım, bir kiloqram da olsun quş yemi ala bilməzdim,” Eskobar deyir.

Dünyanın neftlə ən zəngin ölkələrindən biri olaraq Venesuelanın bu günə necə düşməsi bəziləri üçün müəmma ola bilər. Lakin Çavezin azad bazarla müharibəsinin əks cəbhəsində durmuş sahibkarlar üçün cavab aydındır.