Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ölkəsinin hərbi dəniz donanmasına məxsus yeni doktrina açıqlayıb ki, bu sənədə əsasən ABŞ Rusiyanın dünya sularında başlıca rəqibi kimi qeyd olunur. Rusiya donanmasını “strateji çəkindirmə siyasətinin ən effektiv vasitələrindən” biri kimi dəyərləndirən doktrina konkret olaraq Şimal Buzlu Okeanında ABŞ və onun müttəfqilərinin hərbi mövcudluğunu hədə kimi görür. “Rusiya Federasiyası böyük hərbi donanma dövləti olaraq öz statusunu qoruyub saxlayır və dünya okeanları boyu öz milli maraqlarını qorumaqda qətidir,” sənəddə deyilir, və əlavə olunur ki, “başqa ölkələr” Rusiyanın dənizlərdəki təbii sərvətlərə çıxışını məhdudlaşdırmağa çalışır.

Rusiyanın özünün təhlükə qarşısında hiss etməsi müəyyən mənada təbii tarixi fenomen kimi dəyərləndirilə bilər. Əsaslı yaxud əsassız, Monqol istilasından bəri Rusiyada xarici hərbi təhlükəyə qarşı ifrat sayıqlıq – ən azı belə bir iddiada yeni bir şey yoxdur.  Yeni olanı Qərbin, konkret olaraq son yarım əsrdə yarı-pasifist mövqe sərgiləyən Avropa dövlətlərinin Rusiya ilə münasibətlərində müşahidə edilən dəyişikliklərdir.

Putin hökuməti ABŞ donanmasının okeanlardakı mövcudluğunu təhlükə kimi görür.

Təhlilçi Peter Apps Qərbi Avropada cərəyan edən son prosesləri “hərbi renessans” adlandırır.  Onun sözlərinə görə, bu ayın əvvəlində Böyük İyirmiliyin Hamburqdakı sammitində Qərb dövlətlərinin Rusiyanın daxili siyasətlərinə qarışmaq cəhdlərinin qarşısını almaq yollarını aradıqları müşahidə olunurdu. “Ancaq bağlı qapılar arxasında ABŞ və Avropa hərbi qüvvələri Prezident Vladimir Putin və Moskvanın aqressiv yeni hərbi doktrinasına qarşı effektiv şəkildə uyğunlaşmağa başlayıblar,” Apps yazır.

Təhlilçinin nəzərincə, Rusiyanın Ukryanaya təcavüzü və Krımı ilhaq etməsi Qərbdə Moskvanın məramları ilə bağlı hesablamaları radikal şəkildə dəyişdirib.  Öz növbəsində bu dəyişiklik ABŞ və Avropa hərbi qüvvələrində “inqilabi” dəyişikliyə yol açıb.

“Proses hələ də körpə çağlarını yaşayır. Ancaq artıq aparıcı NATO dövlətləri, ən başlıcası ABŞ əsgərləri, təyyarələri və hərbi gəmiləri Şərqi Avropada daimi mövcudluğunu bərqərar edib,” Apps yazır.  ABŞ-ın hərbi və diplomatik rəhbərliyi aydın edib ki, Vaşinqton NATO-nun beşinci maddəsi qarşısındakı öhdəliklərinə ciddi yanaşır.  Söhbət NATO 1949-cu ildə təsis olunarkən “bir ölkəyə hücum hamıya hücum kimi qəbul olunacaq” prinsipini özündə ehtiva edən alyans nizamnaməsinin həyati maddəsindən gedir.

Britaniya Şərqi Avropa ölkələrinin mümkün Rusiya təcavüzündən müdafiəsində aktiv rol oynayır.

Hazırda NATO-nun bir nömrəli prioriteti bir vaxtlar Sovet İttifaqının tərkibində olmuş və potensial Rusiya təcavüzünə ən çox məruz qala biləcək Baltikyanı dövlətləri – Estoniya, Latviya və Litvanı qorumaqdır.

Qarşıdurmanın başqa önəmli səhnəsi Ukraynadır ki, bu ölkənin şərqində Rusiyaya sadiq qüvvələr demokratik idarəçilik yolunu tumuş suveren dövləti parçalamağa səy göstərirlər. Kreml dəfələrlə Ukraynanın şərqində, Donbas regionunda savaşan qüvvələrin yerli azadlıq aşiqləri olduğunu vurğulayıb.  Lakin separatist hərəkatın hansı mərkəzdən idarə olunduğu və hansı məramlardan qaynaqlandığ az adamda şübhə doğurur.

Qərb silahlı qüvvələri üçün başlıca vəzifə Rusiyanın Avropadakı əməllərinə qarşı effektiv əks tədbirlər inkişaf etdirmək – eyni zamanda ABŞ-ın dəstəklədiyi İraq ordusunun Mosuldakı kampaniyası, Suriyada İŞİD-ə qarşı əməliyyatlar, Somali və Nigeriyadakı hərbi təcrübələrdən bu istiqamətdə yararlanmaqdır.  Digər tərəfdən Qərb strateqləri Rusiyanı növbəti təcavüz əməlindən çəkindirmək üçün Soyuq Müharibə dönəmində mövcud olan klassik hərbi taktikalara üz tutublar.

ABŞ hərbçiləri əməliyyatlara nəzarət otağında İraq ordusunun Mosulu İŞİD-dən azad etməsinə yardım göstərir.

Kreml regiondakı qonuşları siyasi və hərbi hədələrlə intimidasiya etməkdə davam edir. Lakin Putinin bu cür davranışı regionda əks effekt verməkdədir. “Qərbin planlaşdırması o deməkdir ki, bir neçə il əvvəllə müayisədə Moskva üçün hər hansı bir hücum əməliyyatı daha çətin olacaq – və Putin nə qədər çox səs-küy salsa bu iş bir o qdərə çətinləşəcək,” Peter Apps yazır. Onun sözlərinə gröə alyans ümid edir ki, artıq regionda olan hərbi mpvcudluq Putinə aydın edib ki, Moskva tərəfindən aqressiv addım daha böyük müjharibəyə yol aça bilər.

Öz hərbi xərclərini artırmaöa başlamış Almaniya aydın edib ki, bu addıma səbəb məhz Rusiyanın əməlləri olub. Almaniya hərbi qüvvələri bir vaxtlar korşalmış havadan hücuma hazırlıq qabiliyyətləri və hərbi mühəndislik sahələrində imkanlarını təkmilləşdiriblər. Almanlar qonşu Avropa dövlətləri ilə hərbi əməkdaşlığı da gücləndirib.

Ukrayna hərbi qüvvələrinin Rusiyanın dəstəklədiyi separatçılara qarşı mübarizədə sərgilədiyi müqavimət bir sıra müşahidəçilərin gözləntilərini üstələyib.

Qərbin strateqləri hesab edirlər ki, Putinin başlıca hədəfi propaqanda və başqa siyasi təxribatlarla NATO və ümumilikdə Avropa İttifaqını parçalamaqdır. “Bu ehtimal nə qədər zəif görünsə də Rusiya təhlükəsi ilə üz-üzə qalan Baltikyanı dövlətlər və Finlandiya arxayınlıq hissinə qapılmırlar. Hücum baş verdiyi təqdirdə ümummilli səfərbərlik əsasında cəmləşəcək qoşunların meşələrə çəkilib ruslara qarşı partizan müharibəsi aparmasına dair aktiv planlar mövcuddur.”

Əlavə olaraq, İsveç, Finlandiya, Norveç, Hollandiya, Danimarka və Baltikyanı dövlətlər bir ayara gələrək Böyük Britaniyanın rəhbərliyi altında “Birləşmiş Ekspedisiya Qüvvəsi” yaradıblar. “Bu çərçivə Baltik dövlətrini qorumaq üçün formalaşdırılmış qüdrətli və davamlı qüvvədir ki, hətta NATO parçalandığı və ABŞ regiondakı öhdəkiyindən geri çəkildiyi halda mövcudluğunu saxlayacaq.” Əlbəttə, görülən tədbirlər Rusiyanın NATO dövlətlərinə qəfil hücumunun qarşısını tam ala bilməz.  Lakin Moskva tərəfindən atılan hər bir addım yalnız Avropanın özünü-müdafiə səylərini gücləndirməsinə xidmət göstərir.

ABŞ qüvvələri taktiki təlimlər çərçivəsində Litva-Latviya sərhədini keçir.

“Fakt budur ki, Avropa indiki kimi son bir neçə onillikdə belə qüdrətli özünü-müdafiə qabiliyyəti sərgiləməyib. Əgər Rusiya bundan özünə təhlükə sezirsə, Putin günahı özündə axtarmalıdır,” Apps təhlilni tamalayır.