Əksər cəmiyyətlərdə qərəz və ayrseçkiliyə meyl intellektin aşağı səviyyədə olması ilə əlaqələndirilir.  İrqçilik, ifrat millətçilik, yaxud tayfabazlıq əsasən dayaz düşüncəli adamlara xas xüsusiyyət kimi tanınır.  Lakin bu yaxınlarda aparılmış bir tədqiqat qərəzin təkcə aşağı intellektli adamlarda büruzə verməsini sual altına alır.  Eksperimental Psixologiya Jurnal-ında dərc olunan araşdırmanın nəticələrindən belə hasil olur ki, əslində ağıllı adamlar qərəzə və başqalarını stereotipləşdirməyə daha çox meyl göstərir.

Atlantic məcmuəsində araşdırmanı təhlil edən Olqa Xazanın yazdığına görə haqqında danışılan eksperimentlər aşkar edib ki, zehni qavrama baxımdan testlərdə daha yaxşı nəticələr göstərən adamlar stereotipləri daha tez formalaşdırır və həyata tətbiq edirlər.

Eksperimentlərin birində alimlər kompüterlərin yaratdığı iki tip kişi sifətlərindən istifadə ediblər. Birinci kateqoriyada enli, ikincidə isə dar burunlu sifətlər cizgiləndirilib. Alimlər dar burunlu kişi sifətlərinin 80 faizini yaxşı davranışla əlaqələndiriblər, enli burunlular üçünsə bunun əksini ediblər. Eksperimentin ikinci hissəsində alimlər iştirakçılara pul paylayaraq onu ən çox etimad edikləri sifətlərə məxsus personajlara verməyi tapşırıblar. O adamlar ki, uyğunluqlar üzrə testdə yüksək ballar toplayıblar, onlar daha çox pulu dar burunlulara veriblər.


“Bu depressiv nəticələr göstərir ki, ağıllı olmağın mənfi tərəfləri var – o sizi situasiya haqda erkən nəticə çıxarmağa və faktlardan kənar qənaətlərə gəlməyə sövq edir,” Xazan qeyd edir.

Lakin nikbinlik üçün də müəyyən əsaslar var.

Araşdırmanın ikinci hissəsində tədqiqatçılar müəyyən ediblər ki, ağıllı adamlar stereoptipləri sürətlə öryənərək icra etdikləri kimi, yeni informasiya ilə üzləşdikdə əvvəl öyrəndiklərini bir kənara qoymağa, davranışlarını dəyişməyə daha açıq olurlar. Məsələn, ağıllı iştirakçılara dar burunlu kişilər haqda yeni məlumat verildikdən sonra onlar pul vermək məsələsində daha çox ehtiyat nümayiş etdirməyə başlayıblar. Halbuki uyğunluq testində aşağı bal toplamış adamlar öz davranışlarını dəyişməyiblər. Eyni prosesi alimlər gender stereoptiplərini aradan qaldırmağa çalışdıqları zaman eksperiment iştirakçılarında müşahidə ediblər.

İnsanların bir-biri haqda düşüncə formalaşdırmasında sifətin ifadəsi azdırıcı rol oynaya bilər.

Digər tərəfdən müşahidəçiıər başqa araşdırmalarda ayrıseçkiliyə meylli adamların abstrakt düşüncədə aşağı ballar topladığına diqqət çəkiblər. Belələri hesab edir ki, ümumiyyətlə aşağı intellekt səviyyəsi ayrıseçkilik sentimenti ilə sıx bağlıdır.

Toronto Universitetinin sosiologiya professoru Geoffrey Vodtke hesab edir ki, aparılmış eksperimentlər kompüterlərin yaratdıqları şəkillərə əsaslanıb, real insanlara yox. Bu üzdən də ağıllı adamlar öz stereotipik düşüncələrini boğmaq barədə ehtiyatlanmayıblar. Əlbəttə ki, insanlardan “’afro-amerikalılar barədə nə fikirləşirsən?’ soruşmaq hansısa mücərrəd kompüter cizgisi haqda soruşmaqdan fərqli nəticələr hasil edə bilər. “Real dünya psixologiya laboratoriyasından daha mürəkkəb bir yerdir,” Vodtke xəbərdarlıq edir.

Bəzi sosioloqlar real cəmiyyətdə yaşamağın psixoloji laboratoriyadan fərqli olduğunu vurğulayaraq insan davranışını eksperiment əsasında proqnozlaşdırmaqda ehtiyatlı olmağı tövsiyə edirlər.

Nyu York Universitetinin psixologiya professoru və araşdırmanın müəlliflərindən olan Conatan Freeman də bu fikirlə qismən razılaşır. Onun sözlərinə görə, yüksək intellektlə az qərəz arasındakı bağlılıqda sosio-iqtisadi status və müxtəlif insanlarla təmas təcrübəsi rol oynaya bilıər. “O adamlar ki, abstrakt düşüncədə daha böyük potensial nümayiş etdirirlər, onların qrupdan kənar fərdlərlə təmasları daha çox olub, və daha çox təmas daha az qərəz əks etdirir,” o bildirir.

“Başqa sözlə, ağıllı olmaq sizi daha çox ayrıseçkiliyə meyllilik riskinə məruz qoya bilər, lakin siz bu instinktlərə qarşı öz düşüncənizi sual etməklə, sizə oxşamayan adamlar haqda daha çox öyrənməyə çalışmaqla müqavimət göstərə bilərsiniz. Freemanın göstərdiiyi kimi, elə bu yeni informasiyanın özü sizdə ilk növbədə yaratmağa meylli olduğunuzu stereoptipləri aradan qaldırmaqda yardımçı ola bilər,” Olqa Xazan fikrini tamamlayır.