“Bolşevik İnqilabının 100-cü ildönümü haqda düşünərkən, xatırlamağımız gərəkli olardı ki, bu dövr cəhənnəm olub – 100 il sürən inqilab, zülm, aclıq, kütləvi qırğın, soyqırım və tarixdə misli görünməmiş terror,” Artur Herman ‘Milli İcmal’ dərgisində yazır.
100 il öncə Vladimir Lenin Rusiyada respublika idarə üsulunu devirəndə az adamın ağlına gələrdi ki, növbəti illərdə nəhəng bir ölkə öz əhalisinin üçdə birini aclıq, müharibə və kütləvi mühacirət nəticəsində itirəcək.
Müvəqqəti Hökuməti Petroqradda qərargahlanan müharibədən narazı əsgərlər və Kronştatda donanma bazasındakı matrosların köməyi ilə devirdikdən bir gün sonra – 8 noyabrda Lenin Xalq Komissarları Şurası adlanan yeni hökumət yaratdı. Əslində bu, xalqın geniş təbəqələrini təmsil edən idarəçi qurum yox, Lenin və onun bolşevik silahdaşlarından ibarət bir dəstə idi.
“Az qala bir güllə də atılmamışdı – Rusiya paytaxtında bolşeviklərin çevrilişində ölən adamların sayı bir maşına da yerləşməzdi,” deyə Artur Herman 7 noyabr gecəsi Petroqradda baş verənləri təsvir edir. “Ancaq həmin gündən bu günədək Leninin irsi tarixdə ən ölümcül siyasi sistemin əsasını qoyacaqdı.”
Hermanın sözlərinə görə, Leninin qurduğu kommunist quruluşu dünyanın dörd küncünə yayıldıqca Çin, Kamboca, Kuba və Efiopiya kimi ölkələrdə repressiv totalitar rejim yaradılmasına rəvac verərək milyonlarla adamın “sinfi düşmən” damğası altında güllələnməsinə gətirib çıxardı.
Digər milyonlar kommunist liderlərin (SSRİ-də İosif Stalin, Çində Mao Tsedonq, Şimali Koreyada Kim sülaləsi) qəsdən törətdikləri süni aclıq nəticəsində tələf oldu.
Sağ qalanları isə qəddar polis rejiminin dəmir yumruğu altında psixoloji vahimə və material səfalət içərisində bir həyat gözləyirdi.
“Hələ söhbət kommunizmin Vyetnam, Koreya, Malayziya, Yunanıstan, Nikaraqua, El Salvador, Anqola və Rusiyanın özündə bərqərar olmaması uğrunda həyatlarından keçən adamlardan getmir,” Herman yazır.
Başda amerikalılar olmaqla, azad dünyanın on minlərlə övladı Vyetnam cəngəlliklərində, Koreyanın donmuş təpəliklərində kommunizmi dayandırmaq naminə tüğyan edən müharibələrdə həyatlarını itirəcəkdi.
Az qala yarım əsr dünya əhalisi kommunizmin başlıca dayağı sayılan Sovet İttifaqı ilə nüvə müharibəsinin qorxusu ilə yaşayacaqdı. “Həmin onilliklərdə yaşamış adamlar Sovet İttifaqının 1991-ci ildə süquta uğrayacağını ağıllarına belə gətirməzdilər.”
Müəllifin sözlərinə görə, mövcud olan hər şeyi dağıtmağı qarşısına məqsəd qoymuş Vladimir Lenin inanırdı ki, belə etməklə o, daha yaxşı gələcək quracaq.
Bu gün İŞİD və əl-Qaida kimi terror qruplarının Leninin “totalitarizmin nihilizmlə qarışdığı terror və zorakılıq” amalına bənzər təfəkkürdən qidalandıqlarını qeyd edən Artur Herman təhlükənin tam sovuşmadığını xatırladır.
“Lenin və onun davamçıları sivilizasiyaya müharibə elan etdilər. Həmin müharibə müxtəlif yerlərdə və müxtəlif vasitələrlə hələ də davam edir.”