“1995-2012-ci illər arasında doğulmuş bu nəslin üzvləri smartfonlarla böyüyür, Instagram hesabları var, və internetdən öncəki vaxtı xatırlamırlar,” deyə psixoloq Jean Duenge iNəsli təsvir edir. 2000-ci illərdə həddi-büluğa çatmış milleniarlarla müqayisədə ən yeni nəslin nümayəndələri iPhone təqdim olunanda yeniyetməlik dövrünə yenicə qədəm qoyurdular. Amerikada 2017-ci ildə 5,000 yeniyetmə arasında aparılmış sorğunun nəticələrinə əsasən onların dörddə üçü iPhona sahibdir.

Bir çox valideynlər uşaqlarının əl boyda ekranda ifrat dərəcədə vaxt keçirməsindən narahatlıqlarını ifadə edirlər.  Psixoloqun sözlərinə görə, bu cür cihazların həyata göstərdiyi təsirin tam miqyası hələ də anlanılmır.  “Smartfonun gəlişi yeniyetmələrin həyatının hər bir aspektini radikal dərəcədə dəyişib,” Duenge yazır. “Sosial təmasın xarakterindən tutmuş onların əqli sağlamlığınadək hər şey bu təsirə məruz qalıb. Fərqi yoxdur ki, yeniyetmə yoxsul ya varlıdır, şəhərdə, yaxud kiçik qəsəbədə yaşayır. O yerdə ki, mobil telefon qülləsi var, burada yeniyetmələr smartfonlarında həyat sürürlər.”

Bəzi yeniyetmələr üçün sosial mediada keçirdikləri virtual həyat real həyatı əvəzləyir.

Psixoloq bəri başdan aydın edir ki, onun məramı indiki nəsillə əvvəlki nəsli müqayisə edərək nostalji hisslərə qapılmaq deyil. Eksperti maraqlandıran əsas cəhət indiki nəsli, onun üzləşdiyi sınaqları, həyatı başa düşməkdir. Duengenin fikrincə, dəyişikliklər qarışıqdır – onların müsbət tərəfi də var, mənfi tərəfi də.

Bu gün amerikalı uşaqlar vaxtlarını maşında yaxud partilərdə yox, yataq otağında smartfonla baş-başa keçirməyə üstünlük verirlər. Bu üzdən indiki yeniyetmələr daha təhlükəsiz həyat tərzinə malikdirlər. Onların maşın qəzasına düşmə, yaxud alkohola qurşanma ehtimalları əvvəlki nəsillərlə müqayisədə kifayət qədər aşağıdır.

Oxşar təzad yeniyetmələrin qarşı cinsin nümayəndələri ilə təmaslarında müşahidə olunur. Əvvəlki nəsillər kiminsə kimə aşiq olmasından pıçıldaşdıqları halda, iNəslin təmsilçiləri smartfonda yazışmağa üstünlük verirlər. Fiziki görüşlər adətən uzun yazışmalardan sonr baş verir ki, bunun da ümumi sayı əvvəlki nəsillərlə müqayisədə olduqca azdır. 2015-ci ildə Amerikada məzunların 56% faizi qarşı cinsin nümayəndəsi ilə romantik görüşə çıxıb. Halbuki əvvəlki nəsillər üçün bu rəqəm 85% təşkil edirdi. Digər tərəfdən Amerikada yeniyetmə hamiləlik səviyyəsi xeyli düşüb. 1991-ci illə müqayisədə hamilə qalan yeniyetmələrin sayı 2016-cı ildə 61% azalıb.

iNəslin nümayəndələri əvvəlki nəsillərdən fərqli olaraq həmyaşıdları ilə əylənməkdən, ümumilikdə fiziki təmasdan yayınır.

Hesabatda ən çox təlaş doğuran amil iNəslin psixoloji durumudur.  Duengenin yazdığına görə yeniyetmələr arasında 2011-ci ildən bəri depressiya və intihar halları rekord həddə çatıb. “iNəslin son onilliklərin ən nəhəng mənəvi böhranı ilə üzləşdiyini demək şişirtmə olmazdı,” müəllif yazır.

Hər nəslin özünəməxsus cizgiləri, yaşadıqların vaxtın gətirdiyi ab-hava var. Üstəlik valideynlik üslubları, tədris planları da fərqlənir. “Ancaq smartfonla sosial medianın əkiz qalxımı indiyədək müşahidə etmədiyimiz miqyasda bir zəlzələyə təkan verib. Ortada olan dəlillər göstərir ki, bizim yeniyetmələrin əlinə qoyduğumuz cihazlar onların həyatını büsbütün dəyişib – elə bir dəyişiklik ki, bu, onları ciddi şəkildə bədbəxt edir.

Statistika göstərir ki, yeniyetmələr smartfonda nə qədər çox vaxt keçirirsə, bir o qədər çox depressiya simptomları özünü büruzə verir. 8-ci sinif şagirdləri arasında sosial mediaya aludə olmuş uşaqlar arasında depressiya riski idmanla məşğul olan, hətta ev tapşırıqlarını yetrinə yetirənlərlə müqayisədə 27% yüksəkdir.

Smartfonlara qapanmış yeniyetmələr depressiyaya daha meylli olur.

Hər gün smartfonda 3 saat yaxud daha çox vaxt keçirən yeniyetmələrin intihar riski 35% yüksəkdir. Bu, digər amillərlə, məsələn televizora baxmaqla bağlı olan riskdən qat-qat yüksəkdir. Maraqlıdır ki, intihar riski nə qədər böyükdürsə, smartfona aludə olmuş yeniyetmələrin qətl törətmə ehtimallları bir o qədər aşağıdır. 2011-ci ilin statistikasına əsasın son 24 ildə ABŞ-da ilk dəfədir ki, yeniyetmənin intihar etmə ehtimalı qətl törətmək ehtimalından daha böyükdür.

Burada gender fərqi də aşkar nəzərə çarpır. Belə ki, 2012-2015-ci illər arasında oğlanların depressiyaya düşmə ehtimalı 21% artım olduğu halda, qızlar üçün bu rəqəm 50% təşkil edir. 2015-ci ildə öz həyatına qəsd edən qızların sayı 2007-ci ildə intihar edən qızların sayından üçqat yüksək olduğu halda, oğlanlarda həmin artım ikiqat səviyyədədir. Duenge onu da qeyd edir ki, özünə-qəsd zamanı daha ölümcül metodlara əl atan oğlanlar ümumilikdə qızlardan daha çox intihar edir.

Tədqiqatlar göstərir ki, uşaqlar nə qədər çox idman və başqa qrup fəaliyyətləri ilə məşğul olurlarsa, psixoloji baxımdan bir o qədər çox sağlam olurlar.

İntiharda xüsusi rol oynayan gözümçıxdıya məruz qalmanın yeni metodu – sosial medianın peyda olması bu trendə xüsusi təkan verib.  Kiber-gözümçıxdının geniş hal almasından  sosial media şirkətləri də agahdırlar. Bu yaxınlarda mətbuata sızan sənəddən məlum olur ki, Facebook rəhbərliyi yeniyetmələrin onlayn davranışına uyğun olaraq onların mənəvi durumu haqda təsəvvürə əsaslanaraq yeniyetmələrin özünə-inam hissini gücləndirməsinə yönəlik postların sayını və məqamını müəyyən etməyə çalışır. Facebook sənədin həqiqiliyini inkar etməsə də, insanların emosional durumuna müvafiq olaraq onların Facebook divarına  postlar hədəfləmədiyini bildirib.

Jean Duenge təkcə depressiya ilə smartfon arasındakı bağlılığı əsas götürürək uşaqlarına telefonu yerə qoymağı tövsiyə edir. Maraqlıdır ki, mobil texnologiyanın vətəni sayılan Silikon Vadisində şirkət rəhbərlərinin bir çoxu öz övladları ilə bağlı bu qaydaya riayət edir. Apple şirkətinin əfsanəvi banisi Stiv Cobs öz uşaqları üçün dünyaya bəxş etdiyi iPhone-dan istifadəni məhdudlaşdırmışdı.

“Söhbət uşaqların yenyetmə kimi keçdiyi təcrübədən gedir,” Duenge yazır. “Smartfonların müntəzəm mövcudluğu uşaqların böyümə prosesində dərin iz buraxır. Uşaqlıq dönəmində depressiya keçirmiş adamların az qala yarısı həyatın sonrakı mərhələlərində də depressiyaya düşür. Yeniyetməlik sosial qabiliyyətləri inkişaf etdirmək dövrüdür. Yeniyetmələr üz-üzə nə qədər az vaxt keçririlərsə, onların bunu məşq etmək imkanı da bir o qədər az olur. Təəssüfləndirici o olardı ki, gələcəkdə adamların çoxu situasiyaya müvafiq hansı sifət ifadəsindən daha çox hansı emocidən istifadə etməli olduqlarını bilsinlər.”