“Dərk etməyə başladım ki, öləcəyəm və bu düşüncə bütün varlığıma hakim kəsildi,” o deyir. “Ailəmə yazığım gəldi, ancaq indiyədək yaşadığım həyat üçün şükran idim.”
Danışan 52 yaşlı Cudi Perkinsdir.
10 il döş xərçəngi ilə mübarizə apardıqdan sonra Perkins xəstəliyin dördüncü və sonuncu mərhələsinə daxil olmuşdu. Onun qara ciyərində tennis topu boyda bədxassəli şiş var idi və xərçəng hüceyrələri az qala bütün bədəninə yayılmışdı.
Amerikada onkoloji xəstələrlə bağlı tibbi protokola uyğun olaraq həkimlər ona ömrünün sonuna bir neçə ay qaldığnı bildirmişdilər.
Son şans olaraq baş vurduğu eksperimental immunoterapiya hər şeyi qəfil dəyişdi.
İnqilabi anti-xərçəng terapiyasının tərkib hissəsi olaraq Perkinsin bədəninə 90 milyard xərçəngi məhv edən immunitet hüceyrələri yeridildi.
Perkins dəyişikliyi sürətlə hiss etməyə başladı.
“Terapiyadan bir həftə sonra hiss etdim ki, sinəmdəki şiş çəkilir,” Perkins BBC-yə danışır. “Bir-iki həftənin içərisində şiş tamamilə sovrulub getdi.
Həyatının son günlərini yaşadığı zənn edilən Perkinsin palatasında eyforiya yaşanılırdı.
“Tibbi heyət o qədər sevinirdi ki, onlar həyacanlarından hoppanıb düşürdürlər,” o xatırlayır.
Perkins öz xilaskarı Dr. Steven Rozenberqlə ABŞ-ın aparıcı tibbi tədqiqat təsisatı sayılan Milli Səhiyyə İnstitutlarında rastlaşmışdı.
Rozenberq insan bədəninin immunitet sistemini xərçəngə qarşı çevirmək ideyasının pioneri sayılır.
Xərçəngi yaradan hüceyrələrdəki genetik mutasiyadır ki, bu mutasiya onların durmadan artmasına və tədricən bədənin başqa orqanlarını sıradan çıxarmasına yol açır. Sadə dildə desək, xərçəng bir qrup hüceyrənin tam nəzarətdən çıxaraq ölümcül dozada artmasıdır.
Rozenberqin yanaşmasının əsasında həmin bu mutasiyanı görə bilən və onları vaxtında məhv edən immun hüceyrələrini müəyyən etmək və bədən daxilində xərçəngə qarşı onlardan ibarət ordu yaratmaq dayanırdı.
Laboratoriya şəraitində Rozenberqin tibbi araşdırma heyəti bir neçə immun hüceyrəsini götürüb onların sayını milyardlara çatdırdılar – və yetişdirilmiş hüceyrələrlə dolu məhlulu Perkinsin qan-damar sisteminə vurdular.
“Təqribən 10 gün olardı ki, şişin yumşaldığını müşahidə etməyə başladıq,” Perkins deyir. “Və onda məni həyəcan götürdü – Aman Allah, bu doğurdan da işləyir.”
Perkins artıq iki il yarımdır ki, xərçəngdən azad şəkildə həyat sürür.
“Onun bədənində dolaşan iri sayda hüceyrələrdir ki, biz bunları ona iki il yarım öncə vurmuşduq,” Dr. Rozenberq deyir. “Bu müalicənin vacib tərəfi budur ki, həmin hüceyrələr sağdır. Onlar Cudinin bir hissəsidir. Onlar Cudi Perkinsdir.”
İmmunoterapiya nə qədər inqilabi olsa da, insanların çoxdan kəşf etdiyi elementar tibbi həqiqətə əsaslanır. Bizim immun sistemimiz daim xəstəliklərə qarşı mübarizə aparır. Yad hüceyrə – virus yaxud bakteriya bədənə daxil olan andan – sayıq hüceyrələrimiz onları hədəf alıb məhv etməyə başlayır. İnsanların istənilən xəstəlikdən sağalması məhz bu proses nəticəsində baş verir.
Problem budur ki, funksiyası xəstəliklərə qarşı mübarizə aparmaq olan sağlam hüceyrələr bəzi hallarda xərçəng hüceyrələrini yad orqanizm kimi tanıya bilmir və nəticədə onların bədəndə qol-budaq atmasına və nəhayət orqanizmi məhv etməsinə sipər olmurlar.
Hazırda xərçənglə mübarizədə istifadə olunan iummunoterapiyanın əsas növləri monoklonal anticismlər (konkret xərçəng hüceyrələrini hədəf alan süni zülalların insan bədəninə vurulması), immun sistemini gücləndirməyə yönəlik inhibitorlar, anti-xərçəng vaksinləri (xərçəng doğuracaq virusların qabaqcadan peyvənd olunması) və qeyri-specifik immunoterapiya (bədənin bütöv immun sisteminin xərçəng hüceyrələrinə qarşı səfərbər edilməsi) vasitələridir ki, bu istiqamətlər üzrə son bir neçə ildə ciddi nailiyyətlər əldə olunub.
Yaxınlarını bu dəhşətli azara itirmiş adamlar üçün bu xəbər zəif təskinlik ola bilər. Amma arzulandığı nəticələri verərsə, inqilabi yeni metodun milyonlarla həyatı xilas edəcəyini düşünmək sevinc və nikbinlik doğurur.