“Adətən 4 iyul Müstəqillik Günü haqda düşünəndə, xəyalımıza azadlıqlar gəlir. Biz Tomas Ceffersonun bütün insanlara “Yaradanın toxunulmaz hüquqlar bəxş etdiyi” barədə məşhur deyimini xatılrayırıq,” Cey Kost Milli İcmal dərgisində yazır. Anca müəllifin sözlərinə görə, İstiqlaliyyət Bəyannaməsi habelə çox vaxt nəzərdən qaçan başqa inqilabi ideyanı – xalq hakimiyyəti ideyasını təşviq edir.

Müasir zəmanədə hakimiyyətin mənbəyinin xalq olması aforizmə çevrilib. Nadir istisnalarla, sözdə də olsa, heç bir hökumət hakimiyyətin xalqa mənsub olduğunu danmır.  Ancaq bu, heç də həmişə belə olmayıb.

“Bəşər tarixinin əksər kəsimində hökumətlər güclünün zəif üzərində, varlının yoxsul üzərində hakimiyyət haqqına sahib olması prinsipi üzərində formalaşıblar,” Kost yazır. Roma İmperiyası süquta uğradıqdan sonra xristian sivilizasiyası boyu hökmdarlara yerdə Tanrının iradəsini icra edən və hakimiyyətə bu əsasla haqq etmiş şəxsiyyətlər kimi baxılırdı. Lakin Ceyms Madisonun sözləri ilə desək, Tanrı xeyir-duası bir çox hökmdarları zillət və qəddarlıqdan çəkindirmədi.

Əksəriyyəti elitar zümrəyə mənsub olmalarına baxmayaraq qurucu babaların İstiqlaliyyət Bəyannaməsində və Konstitutsiyada ərsəyə gətirdikləri ideyalar inkaredilməz qaydada tam xalq hakimiyyətinin bünövrəsini qoydu.

Maariflənmə Dövrü həmin bu siyasi düzənə qarşı ilk atəşlərin açılmasına zəmin yaratdı. Florentin Respublikası, Bolinqbrouk Birliyi ənənəsi, və daha sonra Con Lok və David Hyumun liberalizmi o ideyaya əsaslanırdı ki, hökumət bu və ya digər şəkildə xalqın iradəsini nəzərə almalıdır – xalqın siyasi prosesdə sözü olmalıdır.

“Lakin Amerika yeganə yer idi ki, burada YALNIZ xalqın hakimiyyət üzərində nəzarətə sahib olması ideyası çiçəklənməyə başladı.” Kost yazır. “Söhbət hakimiyyətin çoxluqla azlıq, yaxud zadəganlarla rəiyyət arasında paylaşımından getmirdi. Hökumətin legitimliyi bir tək xalqın razılığından qaynaqlanırdı. Vəssalam!”

Təsadüfi deyil ki, Tomas Ceffersonun müəllifi olduğu İstiqlaliyyət Bəyannaməsi təkcə fərdlərin hüquqları haqda anons verməklə deyil, həmçinin hökumətin zora yox, xalqın razılığına əsaslanmasını təsbit etməklə başlayır.

İnqilabi deklarasiya həmin vaxt Amerikanı idarə edən İngiltərə kralı III Corcun özbaşınalıqlarını sadalamaqla və nəhayət yeni siyasi quruluşa ehtiyac yaranması ilə müşayiət olunur.

Kral III Corc amerikalıların müstəqillik amacını pozmaq üçün o vaxt dünyanın ən güclü ordularından birinə sahib Britaniya İmperiyasının bütün qüdrətini səfərbər etmişdi. Amerika İnqilabı baş qaldırarkən dünyanın az qala hər yerində “ilahi iradə”-yə əsaslanan monarxiya idarə üsulu-hökm sürürdü.

“Cefferson hesab edirdi ki, kral Tanrının xeyir-duası ilə yox, xalqın razılığı ilə ölkəni idarə edir. Ona görə də onun hakimiyyətinin legitimliyi xalqa və yalnız xalqa əsaslanır.” Kost yazır. Əbəs yerə Ceyms Madison 1791-ci ildə yazmırdı: “İctimai rəy hər hökumətə sərhəd qoyur və hər bir azad quruluşda həqiqi hakim odur.”

Kost inkar etmir ki, 1776-cı ildə İstiqlaliyyət Bəyannaməsində əks olunan idealların ABŞ-ın siyasi reallığında öz əksini tapması xeyli vaxt apardı. Bu Bəyannaməni imzalayanların çoxu Amerikanın mülkədar və tacir zümrəsinə mənsub idilər. Ölkənin əksər hissələrində quldarlıq mövcud idi.

Massaçusets ştatının Leksinqton qəsəbəsində amerikan kolonistlərlə Britaniya əsgərlərinin ilk toqquşmasını şərəfləndirən abidə. Dünyanın ən qüdrətli imperial ordusuna qarşı əzmlə döyüşən “minutemen” adlı silahlı partizan dəstələri Amerikanın Britaniyadan müstəqillik qazanmasında müstəsna rol oynadılar.

Məhz İstiqlaliyyət Bəyannaməsinin tarixi baxımdan unikal aspekti də elə buradadır. “Öz inqilablarına haqq qazandırmaq üçün imzaçıların əsas gətirdikləri arqument bütövlükdə əlahiddə hökumət imtiyazını rədd edirdi.” Kost izah edir. “Beləliklə, Bəyannamənin özü onu imzalayanlardan daha radikal mahiyyətə malik idi ki, bu da öz növbəsində dünya boyu cəmiyyətlərin yeni prinsiplər üzərində formalaşmasına yol açdı.”

Bəyannamədə əks olunan prinsipləri əldə bayraq edərək cəmiyyətin proqressiv düşüncəli kəsimi Amerikada quldarlığa son qoydu. Səsvermə üçün ilkin olaraq tələb olunan mülkiyyət şərtləri ləğv olundu. Qadınların səsvermə hüququ qazanması və ötən iki əsrin bir çox cahanşümul siyasi dəyişiklikləri öz bəraətlərini müstəbid hakimiyyətinə qarşı üsyan mahiyyəti daşıyan və Abraham Linkolnun sözləri ilə desək, “hakimiyyətin xalq içərisindən, xalq tərəfindən və xalq üçün” olduğunu təsbit edən sənəddə tapdılar.