“Bütöv əhalisi rus ordusundakı əsgərlərin sayından az olan Estoniyanın Rusiyanın hərbi hücumuna tab gətirəcəyi ideyası Atlantik okeanının bu tayındakılara səfeh ideya kimi görünə bilər. Ancaq estonlarda NATO-nun TOW (anti-tank) mərmiləri və tanklarına olan təlabatından heç də geridə qalmayan resurs var – milli iradə və səfərbər əhali. Cəmi 1.3 milyonluq əhalisi olan Estoniyada 60,000 adam tam şəkildə hərbi və ehtiyat qüvvələrində xidmət etmək üçün təlim alıb,” Molly Mkkyu Politico qəzetində yazır. Müəllifin sözlərinə görə, istənilən mübarizədə insan elementini nəzərdən qaçırmaq olmaz. Estonların çoxu hələ də rus işğalını yaxşı xatırlayır və bu perspektiv onların təhlükə qarşısında hazırlıqlarına hakim kəsilib.

Bölgədən yenicə qayıtmış jurnalist Estoniya Xüsusi Əməliyyat Qüvvələrinin komandiri polkovnik Riho Uhtegi ilə söhbətindən dəyərli qeydləri oxucularla paylaşır.

“İnsanlar Gürcüstanla beşgünlük müharibədən danışır,” Uhtegi deyir. “Ancaq müharibə təkcə beş gün çəkmədi. Hibrid kampaniya bundan xeyli öncə başlamışdı. Heç kəs bunu görmək istəmirdi.”

Dünya ictimaiyyəti Baltikyanı dövlətlərin 1940-ci ildə nasistlərlə gizli razılıq əsasında sovetlər tərəfindən işğalını SSRİ dağılanadək tanımamışdı. Eyni zamanda bu ölkələrdən çıxmış siyasi mühacirlər vətənlərinin rus işğalından azad edilməsi üçün durmadan siyasi mübarizə aparırdılar.

Sonuncu rus tankı Estoniyanı 1994-cü ildə tərk etmişdi. Əksər estonlar kimi Uhtegi həmin hadisələrin bir daha təkrarlanmaması üçün əlindən gələni etməyə hazırdır.

“Müasir müharibə mahiyyətcə asimmetrikdir. Düşmən qüvvələrini ərazidə tapmaq çətindir. Onları müəyyən etmək, mövqelərini dəqiqləşdirmək və məhv etmək çətindir. Lakin biz məhz buna hazır olmalıyıq.”

Əcdadlarının bir çoxunu sovet işğalı zamanı itirmiş Uhtegi üçün müstəqilliyin dəyəri əvəzsizdir. Əhalisinin 10 faizi sovet diktatoru İosif Stalin tərəfindən deportasiya olunmuş ölkədə eston polkovinik kimiləri çoxdur.

NATO xartiyasının beşinci maddəsi alyansın bir üzvünə hücumunu digərlərinə hücum kimi qiymətləndirir və buna kollektiv cavab verilməsini təsbit edir. Lakin estonlar vətənin qorumasında ən mühüm rolu özləri oynadıqlarını unutmurlar.

Amerikalı jurnalistlə danışan eston bir yuxusunu xatırlayır: Rus əsgərlərinin ölkəni tuta-tuta gəldiyini görə Uhtegi əlində gülləsi qurtarmış avtomatla xaricə qaçmaq üçün Baltik dənizinə daxil olur. Arxadan onu təqib edən rus əsgərlərinin və onların itlərinin səsi eşidilir.

“Mən gəmiyə getməyə hazır idim. Suyun içində idim. Amma dayandım, və düşündüm. Vətən buradır. Mən burada qalmalıyam. Nə baş verirsə, versin. Mənim yerim buradır,” deyə Uhtegi düşündüyünü xatırlayır.

“Sən bilirsən ki, ruslar 2008-də Tbilisini niyə almadılar?” Uhtegi jurnalistdən soruşur. “Şəhərin cəmi 50 kilometrliyində idilər. Onları saxlayan heç nə yox idi.”

“Çünki gürcülər dəlisovdur,” jurnalist Mkkyu dillənir.

“Bəli. Elədir ki, var. Gürcülər dəlisovdur və onlar vuruşacaqdılar. Tbilisidə asimmetrik döyüş aparmaq rusların ürəyincə deyildi.”

Estoniya İstiqlaliyyət Müharibəsinin qəhrəmanlarını şərəfləndirən abidə. Tallin. 1918-20-ci illərdə estonlar ölkəni zəbt etməyə gəlmiş 7-ci Qırmızı Orduya qarşı silahlı müqavimət göstərərək 20 il müstəqilliklərini qoruyub saxlamağa nail oldular.

Və o davam edir: “Ortada söz-söhbət dolaşır ki, ruslar Tallinə iki günə çata bilərlər. Ola bilsin. Ancaq onlar bütün Estoniyanı iki günə zəbt edə bilməzlər. Onlar Tallinə çata bilərlər. Arxada biz onların kommunikasiya və təchizat xətlərini, hər şeylərini kəsəcəyik.” İti nəzərlərini Uhtegi jurnalistə dikir.

“Onlar Tallinə iki günə çata bilərlər. Ancaq onlar Tallində öləcəklər. Və onlar bunu bilirlər… Onlara hər küncdən alov yağacaq. Hər addımbaşı.”