“Milad bayramı bu il Amerikaya erkən gəldi,” deyə ABŞ Daxili Məsələlər Katibi Ryan Zinke açıqlama verdi. “Bu müəyyənləşdirmə ərsəyə gəlməzdən öncə mən ABŞ-dakı neft və qaz hasilatı barədə nikbin idim. Ancaq indi fakt olaraq mənə aydındır ki, Amerikanın enerji dominantlığı artıq üfüqdədir.”
Söhbət bu günlərdə Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə aparılan tədqiqat işlərinin nəticələrindən gedir.
ABŞ rəsmilərinin verdikləri məlumata görə, Delavar Hovuzu (Delaware Basin) adlanan məkanda 46.3 milyard barrel neft və 8 trilyon kub metr qaz və 20 milyard barrel təbii maye qazı tapılıb.
Bu ağlasığmaz rəqəmlər dünya miqyasında ən nəhəng enerji yatağının məhz Birləşmiş Ştatlar ərazisində yerləşdiyini isbat edir.
Az qala bir günün içərisində Amerikanın məlum enerji resurslarının həcmi ikiqat artıb.
Hasilatın artması ilk növbədə yataqların yerləşdiyi ştatlar olan Texas və Nyu-Meksiko ştatlarının büdcələri üçün xoş xəbərdir.
İndiyədək bəzən büdcə çatışmazlıqları ilə üzləşən Nyu-Meksiko ştatının rəsmiləri hazırda xəzinəyə axacaq pulun təhsilə və ictimai infrastruktura investisiya variantlarını nəzərdən keçirirlər.
Lakin daha önəmli faktor yeni kəşflərin Amerika və ümumilikdə dünya iqtisadiyyatı üçün kəsb edəcək əhəmiyyətidir.
Heç şübhəsiz, Amerikada bu qədər neft və qazın mövcudluğu Birləşmiş Ştatların enerji idxal edən ölkədən enreji ixrac edəcək ölkəyə çevrilməsi tempini xeyli sürətləndirəcək.
Digər tərəfdən neft sərvətləri sayəsində dünya siyasətində siyasi-iqtsadi potensiallarına qeyri-proporsional şəkildə nüfuz sərgiləyən ölkələrin istər ABŞ, istərsə də dünya iqtisadiyyatı üzərindəki rıçaqlarının zəifləməsi gözlənilir.
OPEC kimi tanınan Neft İxrac Edən Ölkələrin Təşkilatı uzun illər neft qiymətlərini nəzarətdə saxlamaqla neft-qaz sərvətləri ilə zəngin ölkələrin varlanmasına şərait yaradıb.
Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela kimi qiymətli neft sərvətlərinə malik bəzi ölkələrdə insan indeksinin inkişafından yox, kiçik siyasi elitanın ifrat dərəcədə varlanması və bu halın siyasi-ictimai arenada faciəvi fəsadları müşahidə olunub.
İqtisadi islahatları az qala lüzumsuz edən neft sərvətləri demokratik idarəçilik ənənəsi olmayan cəmiyyətləri dirçəltmək əvəzinə adətən onları avtoritar idarəçiliyə pərçimləyərək daha böyük bəlalara yol açır. Belə ki, neft sərvətinə sahib ölkələrdə avtoritar rəhbərlik düşünülmüş iqtisadi siyasət, sahibkar təşəbbüsü, vətəndaş bacarığına yox, yerin altından fışqıran qara mayeyə arxalanır, və neftdən qaynaqlanan pulu əldə saxlamağa yönəlik siyasi mexanizm formalaşdırır.
Birləşmiş Ştatların dominant fiqur olaraq enerji bazarında yer alması bu baxımdan xoş xəbər ola bilər. Və təkcə amerikalılar üçün yox.