“Biz Putinist idarəçilik sistemini gələcəyin ideologiyası kimi tanımalı, anlamalı və təsvir etməliyik.” Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladislav Surkovun bu günlərdə dərc etdiyi məqalənin qayəsini bu tək cümlə dolğunluqla əks etdirir.

Bir vaxtlar Kremlin “boz kardinalı” kimi ad çıxarımış Surkov Putin idarəçiliyinin sirrini xalqla hökumət arasında qurulan etimadda görür ki, onun anlamında Qərb ölkələrində bu cür vəhdət yoxdur. “Bu vəhdət müasir Rusiya dövlətçiliyini Qərb modelindən fərqləndirən başlıca xüsusiyyətdir – orada cəmiyyətə etimadsızlıq və tənqid aşılanır,” Surkov yazır.

Bəs Surkovun təsvir etdiyi ideologiya xarici ekspertlər tərəfindən nə dərəcədə ciddiyə alınmalıdır?

The American Interest (Amerika Marağı) məcmuəsində yazan Karina Orlovanın fikrincə, Surkovun yazdıqlarının üstündə çox elə baş sındırmağa dəyməz. Burada söhbət sadəcə Putinin avtoritar hakimiyyətinə hər vəchlə haqq qazandırmağa çalışan apparatçikin öz mənsəbini yüksəltmək cəhdindən gedir.

Vladislav Surkov müşavir kimi Putin hakimiyyətinin ən erkən vaxtlarından Rusiya prezidentinə yaxın olub.

“Putinin Rusiyası Qərbə qarşı kəmfürsət ölçülərdən savayı hansısa ideologiya ilə çıxış etməyib,” Orlova yazır. “Bizə məlum deyil ki, Rusiya sağçıdır, yoxsa solçu – Avropada ultra-sağçıları maliyyələşdirir, Venesuelada isə Nikolas Maduronun radikal solçu rejiminə dəstək verir. Bizə məlum deyil ki, Rusiya İsrailə qarşıdır, yoxsa onunla dostdur. Bir tərəfdən Həmasa dəstək verir, digər tərəfdənsə Qüdslə isti münasibətlər saxlayır.”

Qərb-stilli demokratiyaların yalnız “seçim illüziyası” bəxş etdiyini vurğulayan Vladislav Surkov Putin Rusiyasını yeni tip dövlət kimi qələmə verir ki, burada “Putinizm ideologiyasının mürəkkəb aspektləri və ideyaları” gələcəyə yeni yol göstərir.

Rusiyanın Qərbə qarşı informasiya əks-hücumları da məhz “hegemonun hegemonluğuna” qarşı effektiv mübarizə xarakteri daşıyır. Surkovun sözlərinə görə, Rusiya təkcə xarici ölkələrin seçkilərinə müdaxilə etmir. “Situasiya daha ciddidir: Rusiya onların beyinlərinə müdaxilə edir.”

Sergey Priqojin kimi oliqarxlara arxalanaraq Vladimir Putin xarici ölkələrdə siyasi proseslərə müdaxiləni Kremlin başlıca prioritetlərindən birinə çevirib.

Surkov hesab edir ki, Putinin qurduğu dərin dövlət qaçılmaz mədəni cazibə qüvvəsi yaradaraq milləti və onun elitasını köklərinə bərkidir və onun kosmopolit şəkildə pərvaz etməsinin qarşısını alır.

Rusiyanın özündə bəzi müşahidəçilər Surkovun yazdıqlarını Adolf Hitlerin tərənnüm etdiyi  “Üçüncü Reyx”-in ideoloji əsaslarına bənzədiblər.

“Minillik Reyx bu cür ideologiya ilə bir neçə il çəkmədi. Sən nəyə eyham vurursan, cənab Surkov?” Exo-Moskva-nın baş redaktoru Aleksey Venediktov soruşur.

Hətta Kremlə yaxın “Danışır Moskva” radiostansiyasının rəhbəri Sergey Dorenko da Surkovun essesini ”heyrətamiz loyallıq andı” kimi dəyərləndirib.

Venesuelada sosialist Nikolas Maduroiya dəstək verən Vladimir Putin Avropada ultra-sağçılara, Suriyada isə Bəşar əl-Əsəd kimi avtoritar liderlərə himayədarlıq edir.

Surkova tezliklə vəzifə veriləcəyini gözlədiyini deyən Dorenko sarkazmla müşahidə edir: “Mən Putinə birbaşa və poetik məhəbəttin izharı olan abzasları şərh etməyəcəyəm – mən onları diz üstə, ekstazdan doğan göz yaşları içərisində oxudum.”

Karina Orlovanın öz qənaəti yuxarıdakılardan çox elə fərqlənmir. Onun fikrincə, Surkovun yalnız bir auditoriyası var – o, da Vladimir Putinin özüdür.

Bu adam karyerasının ilkin pilləkələnlərindən yalnız ona-buna yarınmaqla yüksəlib, Orlova yazır. Onun anlamında iki əsas mövqe mövcuddur – “ya yuxarıda qərar tutub insanlara əmr vermək, ya da aşağıdan yuxarıların ayaqqabılarını öpmək.”

Sankt-Peterbuqrda qərargahlanan trol ferması 2016-cı il ABŞ seçkilərinə müdaxilədə önəmli rol oynayıb.

Əslində Surkovun yazdıqlarında dərin məna axtarmaq əbəsdir. Belə ki, o, mövcud reallıq haqda yox, Putinin eşitmək, oxumaq istədiklərini yazır.

Bəlkə də elə Putinizmin faciəsi bundadır, deyə Orlova müşahidə edir. Surkovun yazısı səkkiz il sürən mənəvi və intellektual deqradasiyanın Rusiyanı hansı nöqtəyə düşürdüyünü göstərir.

“Mixail Bulqakovun məşhur “İt Ürəyi” əsərinin qəhrəmanı Şarikov kimi bütün Rusiya indi cəfəng Putinizm dilində danışır,” Orlova fikrini tamamlayır. ”Bütün bəlağətləri və ədabazlığı ilə Surkovun məqaləsinə orijinal intellektual əsər kimi baxmaq Kremlə layiq olduğundan daha çox dəyər vermiş olardı.”