blank

Haqqımızda | Bizimlə əlaqə saxlayın

Bazar Ertəsi, 14 May 2012Ceff Qoldsteyn: Azərbaycanda fundamental hüquqlar pozulur (VİDEO)

Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə siyasi təhlilçisi Ceff Qoldsteyn Amerikanın Səsinə müsahibədə Azərbaycandakı siyasi durumla bağlı fikirlərini bölüşüb.  Onun sözlərinə görə, Azərbaycanın demokratiya və insan haqları sahəsində göstəriciləri qeyri-məqbuldur.

 

çərşənbə, 09 May 2012Qazanılmış Uğurun Qədri

Bu yaxınlarda maraqlı statistikaya rast gəldim.  Belə məlum olur ki, lotereyada milyonlarla dollar pul udmuş adamlar uzun dönəmdə başqalarından o qədər də xoşbəxt olmurlar.  Əksinə, bəzi hallarda qəfil var-dövlət insanların həyat məcrasını pozur və onları çoxlu dərd-bəlaya mübtəla edir.  Artur Brooks-un Wall Street Journal qəzetindəki yazısı bu baxımdan maarifləndirici əhəmiyyət kəsb edir.  İspaniyadakı işini tərk etdikdən sonra Amerikaya gəlib burada özünə yeni həyat qurmuş müəllif yeni vətənini başqa ölkələrdən fərqləndirən mühüm xüsusiyyətə diqqət yetirir.

Barselona Filarmoniyasında hökumət işçisi qismində ştatlı musiqiçi olan Artur həyatını əksər ispanlar kimi quru maaşla yaşamaq istəmirdi.   Orada hökumətin bəxş etdiyi sabitlik hamını qane edirdi.  Nə çox varlanmaq olurdu, nə də yoxsul halda sürünmək.  “Barselonadakı dostlarıma mənim işimi tərk edib Amerikaya gəlməyim çox qəribə görünürdü,” deyə Brooks yazır.  Qayınanası kürəkəninin Amerikada ciddi sınaqlarla üzləşəcəyini güman edərək çətin vaxtlarda satmaq üçün ona qızıl qolbağ vermişdi.  Amma Birləşmiş Ştatlara qədəm qoyandan az sonra Artur və onun xanımı özlərinə iş tapdılar, yeni həyat qurdular.

“Sonda bu qənaətə gəldim ki, ABŞ-ı İspaniyadan fərqləndirən əsas cəhət qazanılmış uğurla vərdiş edilmiş köməksizlik arasındakı ziddiyətdir.  Qazanılmış uğur o deməkdir ki, sən gələcəyini özün bildiyin kimi müəyyən edirsən və müvəffəqiyyət bacarığa və işgüzarlığa əsaslanır.  Öz həyatındakı mənfəətləri istənilən meyarla ölçə bilirsən – istər pulla, istər yaratdığın musiqi ilə. Qazanılmış uğur Amerika istisnalılığının özəyində dayanır… Bunun əksi isə vərdişli köməksizlikdir.  Bu, onda baş verir ki, həyatdakı mükafatlar və ya cəzaların bacarığa heç bir dəxli olmur.  Belə olan halda insanlar qədərə boyun əyir və heç nəyə cəhd göstərmirlər.”

Cümə, 04 May 2012Dövlət Hara, Xalq Hara

“Bu fəaliyyətlər xalqa və dövlətə xeyir verir!”  Bu cür ifadələrə qeyri-demokratik ölkələrin rəsmilərinin çıxışlarında tez-tez rast gəlinir.  Təkcə rəsmilərin deyil, elə sadə vətəndaşların nəzərində də xalq və dövlət anlayışları ayrı-ayrı kateqoriyalarda qavranılır.  Əgər dövlət xalqı təmsil edirsə, bunların arasında fərq qoymağa nə hacət var?  Bu düşüncənin davamı olaraq, tez-tez “dövlət müstəqilliyinin” vurğulanması və bunun adətən hüquq pozuntularına haqq qazandırmaq kontekstində baş verməsinin şahidi oluruq.  Əgər dövlət öz vətəndaşlarının hüquqlarını pozursa, həmin vətəndaşlar üçün bu dövlətin müstəqil yaxud müstəmləkə olmasının nə əhəmiyyəti var?  Edam olunan iranlı, aclıqdan ölən şimali koreyalı üçün fərqi varmı ki, onu məhv edən kəs iranlı yoxsa ingilis, koreyalı yoxsa yapondur?   Əslində yoxdur.  Sadəcə, uzun müddət özünüidarəçilik ənənəsinə sahib olmayan millətlərin nümayəndələrinə təlqin olunub ki, dövlətin maraqları xalqın rifahından, güzəranından, hüquqlarından daha irəlidə qoyulası faktordur.

Yuxarıda təsvir edilən haçalanmanın dərin coğrafi və fəlsəfi kökləri var, və mayasında azad və totalitar təfəkkür ziddiyətləri dayanır.  Bu yaxınlarda çapdan çıxmış “Klişelərin Tiraniyası” kitabında müəllif Jonah Goldberg bir çoxlarının hökumətlə dövlət anlayışını səhv saldıqlarını izah edir: “Anqlo-Amerika ənənəsində hökumət “vacib şər” kimi qiymətləndirilir.  Amma solçuların 19-cu əsrin avtoritar Avropasından idxal etdikləri “Dövlət” konsepti bambaşqa bir şeydir.  Konstitusiyaya əsasən Birləşmiş Ştatlarda hökumət məhdud funskiyalara cavabdeh olan, mükəmməl şəklildə tərifləndirilmiş bir təsisatdır.  O, poçt xidmətlərinə, sərhədlərin qorunmasına, vergilərin toplanmasına, müharibələrin vuruşulmasına nəzarət edir.  Lakin Amerikada hökumət insanın xarakterini müəyyələnşdirmir, və belə işlərə ümumiyyətlə qarışmır.  O biri tərəfdən, Dövlət daha çox ambsiiyalı və hər şeyi əhatə edən bir varlıqdır.  Dövlətə gəldikdə belə bir təsəvvür yaranır ki, bizim hamımız vahid amaca xidmət edirik.  Sosial elmlər üzrə mütəxəssislərin çoxu bu termini “ümumi hədəflərə” qulluq etməyimizin göstəricisi kimi yozurlar.  Amma bu, sivil cəmiyyət yox, onun əksi deməkdir.  Sivil cəmiyyət elə bir məkandır ki, orada fərdlər, qruplar və təsisatlar özəl məqsədlər üçün bir-birləri ilə təmas qururlar.  Həyat dediyimiz şey elə burada baş verir.  Tiraniya rejimlərində sivil cəmiyyət xeyli məhdudlaşdırılır, çünki hər şey siyasi mahiyyət daşıyır.  Dövlət hər şeyə qarışır.  Ona görə də dissidentlər bir-biri ilə yalnız futbol yaxud şahmat oynaya-oynaya təmas qururlar.”

Fərdi maraqların inkar olunduğu, dövlət maraqlarının fərdi maraqlardan daha yüksəkdə dayandığını ehtiva edən hər hansı bir quruluş sonda toplumun əzilməsinə gətirib çıxarır.  Kollektivist şüarlar altında insanları bir yerə yığıb onları istiqamətləndirən zümrə sadəcə öz hakimiyyətini, imtiyazlarını çoxaldır.  “Dövlət”in “Xalq” anlayışından fərqli olması bu üzdən xalqa yox, dövlətin başında dayanıb özlərini xalqdan ayıran bir ovuc adamın dar məqsədlərinə xidmət etmiş olur.  Ona görə də “Dövlət” sözünün tez-tez işləndiyi yerdə güman ki, söhbət fərdin hüquqlarının tapdanacağından gedir.  Bundan isə nə xalq, nə də camaatın beyninə sırınmış “Dövlət” xeyir görəcək.

çərşənbə Axşamı, 01 May 2012Fətullah Gülən və Vilyam Penn

“Onlara toxunsaz, sizi yandırırlar,” deyə taqətdən düşmüş amma əzmkarlığını qoruyub saxlayan türk jurnalist Əhməd Sıx New York Times qəzetinin müxbirinə söyləyir.  “İstər jurnalist, istər ziyalı, istərsə də insan haqları fəalı ol, əgər onları tənqid etsən, səni narkoman yaxud terrorist olmaqda ittiham edəcəklər.”  Söhbət Amerikada yaşayan dindar lider Fətullah Gülənin Türkiyədəki tərəfdarlarından gedir.  Pennsilvaniya ştatının sakininin doğma vətəni Türkiyədə bu dərəcədə qüvvəyə malik olması çoxlarında sual doğura bilər.  Amma “İmamın Ordusu” kitabının müəllifi olan Əhməd üçün bu, yaşanılmış həqiqətdir.  Gülən hərəkatı haqda yazdığı kitaba görə Əhməd bir il həbsxanada saxlandıqdan sonra bu yaxınlarda azadlığa çıxıb.

70 yaşlı xarizmatik lider hazırda dünyada ən nüfuzlu İslam hərəkatlarından birinə rəhbərlik edir.  Onun dünya miqyasında milyonlarla tərəfdarı və 140 ölkədə məktəbləri var.  Təkcə Amerikada, 26 ştatda Fətullah Gülənin himayəsi altında 131 orta məktəb və kollec fəaliyyət göstərir ki, bu da artan sayda amerikalıları təşvişə salmağa başlayıb.    “İctimai Məktəblərdə Xüsusi Maraqların Lobbiçiliyi Əleyhinə Vətəndaşlar” adlanan qurum konspirativ xarakterli və qapalı şəkildə fəaliyyət göstərən Gülən hərəkatını Amerikada təhsil sisteminə və ümumən dünyada azadlığa təhlükə kimi qiymətləndirir.   Qrupun verdiyi məlumata görə ötən illər ərzində Gülən hərəkatı barədə araşdırma aparmış jurnalistlər müəmmalı şəkildə qətlə yetirilmiş, həbs olunmuş, yaxud fiziki hücumlara məruz qalmışlar.

Türkiyədə İslam təmayüllü Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən sonra hakim partiya ilə Gülənçilər arasında ittifaqın yaranmasına dair spekulyasiyalar mövcuddur. Eyni zamanda baş nazir Rəcəb Təyyib Ərdoğanla Fətullah Gülən arasında müəyyən gərginliyin olduğuna dair xəbərlər dolaşır.  Fətullah Gülən təşkilatının hədəfləri açıq şəkildə formalaşdırılmadığına və bu qurumun mərkəsizləşdirilmiş qaydada fəaliyyət göstərdiyinə görə onun xarakteri barədə konkret mühakimə yürütmək çətindir.  Ümumi görüntü bundan ibarətdir ki, gülənçilər üçün əsas prioritetlər İslam dinini yaymaq, Türkiyənin Osmanlı İmperiyası dönəmindəki nüfuzunu bərpa etmək və xaricdə türk diaspora fəaliyyətini canlandırmaqdır.

Özü–özlüyündə gülənçilərin fəaliyyətində ikrah hissi doğuracaq əməllər çox elə nəzərə çarpmır.  Əslində öz fəaliyyət metodlarında Gülən hərəkatı daha çox amerikalı xristian tədris qurumlarını xatırladır.  Gülənçilərin açdıqları məktəblərdə şagirdlərə ələlxüsus riyaziyyat və dəqiq elmlər sahəsində yaxşı təhsil verilir, və əksər mədrəsələrdən fərqli olaraq uşaqların başları mövhumatla doldurulmur.   Amma onu bu növ humanitar şəbəkələrdən radikal şəkildə fərqləndirən başlıca cəhətlər təşkilatın sırf bir adamın adı ilə bağlı olması, təşkilatın qapalı mahiyyəti və onu tənqid edənlərin aqibətləridir.  Bəşəri prinsiplərə xidmət etdiyini iddia edən hərəkatın öz əleyhdarları ilə bu şəkildə davranması – “Məqsəd vasitələrə haqq qazandırır!” prinsipinə riayət etməsi onun uzun dönəmdə mənfəəti ilə bağlı suallar doğurur.

Mən yeniyetmə yaşlarımda Pennsilvaniya ştatında yaşayarkən öyrənmişdim ki, ştatın adı Vilyam Penn adlanan ingilis zadəganından qaynaqlanır.  Cənab Penn 1681-ci ildə ona Britaniya kralı tərəfindən verilmiş ərazidə tam din azadlığı elan etmişdi.  Bu möhtəşəm irsin nəticəsi olaraq indinin özündə Pennsilvaniyanın şəhər və qəsəbələrinə gedən adamlar burada bir neçə təriqətin kilsələrinə rast gələ bilərlər.  Küçənin bir tayında lüterian kilsəsi, o biri tayında katolik, başqa hissəsində metodist kilsəsi fəaliyyət göstərir.   Bu baxımdan Pennsilvaniya dünyada bəlkə də ilk məkan idi ki, burada bütün din və təriqətlərin nümayəndələri öz etiqadlarını sərbəst şəkildə icra etmək hüququ əldə etmişdilər.  Fətullah Gülən kimi inanclarına görə Köhnə Dünyada təqiblərlə üzləşən milyonlarla adam bu ştatda özlərinə sığınacaq tapıb.  Yaxşı yadımdadır ki, Pennsilvaniyanın Lankaster bölgəsində indiyədək də müasir texnologiyadan imtina edən – hətta elektrik işığından və maşınlardan istifadə etməyən Amish icmasının üzvləri məni necə heyrətə gətirmişdi.  Təsadüfi deyil ki, Fətullah Gülən və onun bir neçə milyonluq şəbəkəsi məhz belə bir mühitdə çiçəklənə bilib.  Bu azadlıqlardan bəhrələnib başqalarının azadlıqlarını məhdudlaşdırmaq isə Pennsilvaniyanın şərəfli irsi ilə fəxr edənlərdə yalnız məyusluq doğurardı.

çərşənbə, 25 Aprel 2012Pulundan Keçən Canından Keçər

Dünya Xeyriyyə İndeksinin hesabatına görə dünyanın ən səxavətli milləti amerikalılardır.  Onlardan sonra siyahının yüksək pillələrində İrlandiya, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniya yer alır.  Siyahıda Azərbaycan 94-cü yerdə, Türkiyə isə 136-cı yerdə gedir.  Şimali Amerika və Avropa dövlətləri ilə müqayisədə xeyli aşağı bal toplamasına baxmayaraq Azərbaycan təkcə Türkiyəni deyil, qonşu Ermənistan (118) və Gürcüstanı (134) da üstələyir.  Sabiq sovet respublikaları arasında ən səxavətli millət türkmənlər sayılır (14).

Xeyriyyəçi əməllər üç kateqoriya üzrə dəyərləndirilir ki, bu sıraya pul vermək, könüllü çalışmaq və yad adama yardım göstərmək daxildir.  Əksər ölkələr kənar adama kömək etmək kateqoriyasında yüksək bal toplayıblar.  Məsələn, ABŞ üçün bu rəqəm 73 faiz, Azərbaycan üçün isə 42 faiz təşkil edir.  Pul verməyə gəldikdə, ABŞ-da bu rəqəm 65 faiz, Azərbaycanda isə 18 faiz təşkil edir.

Siyahıdan belə məlum olur ki, xeyriyyəçilik heç də həmişə millətin varlı yaxud yoxsul olmasına dəlalət etmir.  Əlbəttə ki, inkişaf səviyyəsinə görə demokratik və varlı millətlər siyahının yüksək pillələrində çoxluq təşkil edir.  Amma Avropa ölkələri arasında iki ölkə – İtaliya və Portuqaliya – Azərbaycandan geridə qalırlar.  Adambaşı gəlirlərin xeyli yüksək olduğu Fransa isə Azərbaycandan cəmi 14 yer irəlidə, 80-ci yerdə qərar tutub.

Əksər amerikalılar hesab edirlər ki, dövlət sektorunun güclü olduğu ölkələrdə insanlar qonşularına yardım etməyi hökumətin funksiyası kimi görürlər.  O yerlərdə ki, məsələn ABŞ-da, hökumət rifah halını yaxşılaşdırmaq üçün yalnız minimal xidmətlər göstərir, icmalar və fərdlər ehtiyacla üzləşən adamlara yardım etməyi özlərinə borc bilirlər.   Xaricdə bir çoxları ABŞ-dakı kapitalizmi eqoizmlə və xəsisliklə əlaqələndirirlər.  Amma siyahıdan və öz təcrübəmdən gördüyüm kimi, amerikalılar özəl həyatlarında xeyriyyəçi fəaliyyətlərə geniş yer verirlər.  Hökumətdən çox şey gözləməyən insanlar anlayırlar ki, müsbət dəyişikliyin məsuliyyəti əksər hallarda onların öz çiyinlərinə düşür.  Bunu səmərəli şəkildə həyata keçirmək üçün Amerikada saysız-hesabsız dini və özəl ictimai qurumlar mövcuddur ki, onlar müntəzəm qaydada vətəndaşları müxtəlif növ xeyriyyəçi əməllərə cəlb edirlər.

çərşənbə, 18 Aprel 2012Örtülü Bazar Firavanlığı Pozar (Oxunmalı Kitablar)

Millətlərin var-dövlətini ölçmək üçün ən effektiv meyar adambaşı ümumdaxili məhsulun həcmi sayılır. Bu baxımdan Forbes jurnalının yazdığına görə birinci yerdə cırtdan Qatar gedir. 1.7 milyon əhalisi olan Qatarda adambaşı gəlir 88 min dollardır. Rekord neft və qaz qiymətləri sayəsində bu ölkənin maliyyə imkanları ötən illərdə xeyli yüksəlib. 2022-ci ildə Dünya Futbol üzrə Dünya çempionatına ev sahibliyi edəcək Qatarda hökumət infrastruktura milyardlarla dollar xərcləyib.

Qəribədir ki, var-dövlətinə görə yuxarı onluqda yer almış ölkələrin əksəriyyəti cırtdan dövlətlərdir. Məsələn bu siyahıda Lüksemburdq (2-ci), Sinqapur (3-cü) və Bruney(5-ci) və Honq Konq (8-ci) var. Belə görünür ki, əhalinin azlığı və ərazinin kiçikliyi ilə adambaşına düşən gəlirin həcmi arasında sıx bağlılıq var. Əlbəttə ki, burada təbii resursların mövcudluğu böyük rol oynayır. Amma əsas diqqəti cəlb edən cəhət bu ölkələrdəki hüquq sisteminin, iqtisadi sistemin oxşarlığıdır.

Britaniya məhkəmə sisteminin təşəkkül tapdığı bu ölkələr kapitalizm prinsiplərinə riayət edir və burada mülkiyyət hüquqları toxunulmazdır. Təsadüfi deyil ki, bu ölkələrin siyahısında ABŞ kimi nəhəng dövlət də yer alıb. Amerikada adambaşı gəlir 46 min dollar təşkil edir. Güman etmək olardı ki, acı kommunizm təcrübəsindən sonra millətlər hansı sistemin işlədiyini, hansının isə işləmədiyi haqda aydın təsəvvür əldə edər və sakinlərin rifahını yüksəltmək üçün liberal iqtisadi islahatlar həyata keçirərdilər. Amma bərabərlik pərdəsi altında iqtisadi resursları hökumətin əlində cəmləşdirmək səyləri bir çox ölkələrdə hələ də davam edir, və bəzi hallarda bu tendensiya vətəndaşlar tərəfindən himayə olunur.

Azad bazar iqtisadiyyatı haqda bilgi almaq istəyən ingilis dilli izləyicilərə aşağıdakı kitabları oxumağı tövsiyə edərdim:

Adam Smith: The Wealth of Nations
Friedrich Hayek: The Road to Serfdom
Albert J. Nock: Our Enemy, The State
Ayn Rand: Capitalism: The Unknown Ideal
Milton & Rose Friedman: Free to Choose
Richard Pipes: Property and Freedom

şənbə, 14 Aprel 2012Titanik

“Hətta Allah da bu gəmini batıra bilməz,” deyə Titanik gəmisinin ekipaj üzvü nigaran sərnişini arxayın etdi. Bir neçə gün sonra aprelin 14-dən 15-ə keçən gecə dünyanın ən iri okean layneri və White Star Line şirkətinin tacı aysberqlə toqquşaraq Şimali Atlantikin 3 kilometr dərinliyinə qərq oldu.  Müasir nəslin əksər üzvləri bu haqda məlumatı James Cameronun rejissorluq etdiyi epik “Titanic” filmindən alıblar.  Üstündən 100 il keçməsinə baxmayaraq bu gəmi qəzası insanları riqqətə gətirməkdə davam edir.

Ötən həftəsonu National Geographic muzeyində Titanik sərgisini gəzdikcə mən də 1500 adamın həyatına son qoymuş qəza haqda düşündüm.  Sərgidə Titanikdən qurtulmuş adamların istifadə etdiyi qayıq, qurbanların şəkilləri, gəminin iri maketi, və hətta Titanik filminin baş qəhrəmanı gənc Jack-i (Leonardo DiCaprio) saxlamaq üçün quraşdırılmış dustaq otağı var idi.  Titanikdən Carpathia gəmisinə göndərilən həyəcan siqnallarına, gəmidən götürülmüş əşyalara, 1912-ci ilin qəzet manşetlərinə baxdıqca adamda qəza haqda daha real təsəvvür yaranırdı.

Özü-özlüyündə Titanikin batması qeyri-adi faciə deyil.  Tarixdə çox gəmilər batıb.  Elə onlardan biri 3 il sonra Birinci Dünya Müharibəsi zamanı alman sualtı qayığı tərəfinən batırılmış Lusitania gəmisinin hekayəsidir.  1153 adamın ölümü ilə nəticələnən bu qəza bəlkə də tarixi baxımdan daha böyük əhəmiyyət kəsb edir.  Belə ki, 128 sərnişinin amerikalı olduğu gəminin Almaniya tərəfindən batırılması o zaman neytral ABŞ hökumətini xeyli qəzəbləndirmiş və Amerikada anti-alman əhval ruhiyyəsini son dərəcə gücləndirmişdi.  1918-ci ildə ABŞ-ın Antanta tərəfində müharibəyə qatılması və Almaniyanın məğlubiyyətini təmin etməsində Lusitania hadisəsinin xüsusi rolu var.

Bəs Lusitanianı Titanikdən fərqləndirən nə idi?  Gəminin adına diqqət yetirin – Titanik.  Qədim yunan əsatirində Titanlar Allaha qarşı üsyan qaldırmış və sonda məğlub olmuş super məxluq irqi sayılırlar.  Lusitania-nın batması cəmi 18 dəqiqə vaxt aparmışdı.  Titanik isə aysberqə toqquşandan 2 saat 40 dəqiqə sonra sulara qərq olmuşdu.   Bu vaxt bir kinonun süjet xətti üçün, saysız hesabsız məhəbbət, fədakarlıq hekayələri üçün bəs edir.  Lustaniadan fərqli olaraq, Titanik bakirə gəmi idi.  Transatlantik səyahət gəminin ilk səyahəti idi.  Gəmiçilik zavodundan yenicə çıxmış bu gəmidə hər şey təzə idi.  Mühəndislər son model texnologiyaya əsaslanan Titanikin suda qalaya çevrilməsi üçün əllərindən gələni əsirgəməmişdilər.  Gəmi az qala istənilən ssenariyə qarşı sığorta olunmuşdu.  Az qala…

çərşənbə, 11 Aprel 2012Mitt Romni Niyə Qalib Gəlir

Sabiq Pennsilvaniya senatoru Rik Santorum nəhayət dünən ağ bayraq qaldırdı.  Respublikaçı prezidentliyə namizədlik uğrunda yarışda Santorum gözlənilmədən əsas iddialı sayılan Mitt Romni üçün son aylarda ciddi rəqibə çevrilmişdi.  Sosial mühafizəkarların və milyoner Romnidən narazı elektoratın dəstəyi sayəsində bir neçə ştatda keçirilən praymerizn qalibi olmuş Santorum bütün hallarda Romnidən xeyli geridə qalırdı.  Santorum yarışdan çıxmasını nadir xəstəlikdən əziyyət çəkən qızının səhhəti ilə izah edir.  Amma əksər müşahidəçilər Santorumun doğma Pennsilvaniyada keçiriləcək praymerizdə uduzmaq perspektivi ilə qarşılaşdığını  və o səbəbdən yarışı üzüsulu tərk etdiyini deyir.

Santorumun yarışı tərk etməsi ilə hamı tərəfindən quruluğuna, həyəcansızlığına, maraqsızlığına görə tənqid olunan Mitt Romni üçün yaşıl işıq yandırıb.  Bəzi Respublikaçılar milyoner siyasətçiyə ağız büzməkdə davam edir.  Amma unudulur ki, Romnini bu yarışda qalib edən elə onu uğurlu sahibkara çevirən xüsusiyyətlər idi.  New York Post qəzetinin köşə yazarı John Podhoretz çoxlarının Romninin zəif nöqtələrinə diqqət yetirdiyini amma onun güclü tərəflərini nəzərdən qaçırdığını yazır:

“O, ştat-ştat gəzərək ötən 3 il ərzində səbrlə kampaniyasını təşkilatlandırdı.  2010-cu il Respublikaçı praymerizlərdə bu təşkilatlanmanın rolu əvəzsiz idi. Bu vaxt ərzində Mitt Romni öz üzərində ciddi işlədi, əsas məsələlərdə nitqini inkişaf etdirmiş oldu.  2008-ci ildə namizədlik uğrunda yarışda öyrəndiyi dərsləri 2012-ci seçkilərinə tətbiq etdi. Keçirilən 20 debatda Mitt Romni natiqlik qabiliyyəti sayəsində parladı və ondan çox rəqibini üstələməyə nail oldu.  Başqaları TV-də bir anlıq qələbə uğrunda çarpışırkən, Mitt Romni uzun dönəmli, strategiyalı oyun aparırdı.  Onunku qaçış yox, marafon idi. Başqaları elektoratın gözünü qamaşdıranda Romni küyə düşməkdən imtina etdi.  Öz təbiətinə sadiq qaldı.  Qudurğan görünmədən rəqibləri ilə konfrontasiyaya girib onları müvazinətdən saldı.  Lazım gələndə rəqiblərinə qarşı neqativ reklamlarla hücuma keçən Romni həlledici məqamlarda həlledici aqressivlik nümayiş etdirdi.  Və bununla da Respublikaçı seçicilər qarşısında Obama ilə təkbətək yarışda möhkəm olacağını sübuta yetirdi.  Təmkinini pozmadan, özündən çıxmadan, mövqeyini güzəştə getməyən Mitt Romni payızda Demokrat rəqibinə qarşı mübarizədə əzmli görünür.”

Cümə Axşamı, 05 Aprel 2012David Landes Hindu Sivilizasiyalarının Çöküşü Haqda

“Tarix təkcə cəsur hərəkətlər üzərində qurulmayıb. Xalqın mahiyyəti burada böyük rol oynayır, və Atstek imperiyası dərin səbəblər üzündən dağıldı. Onlardan ən mühümü xərac imperiyalarının təbiəti ilə səciyyələnir ki, bu, əhali arasında möhkəm həmrəyliyi olan milli dövlətlərdən fərqlənir. Biz/Onlar anlamı daxildəkiləri xaricilərdən deyil, idarəçiləri idarə olunanlardan və qrupun bir üzvünü o birindən ayırır. Bu növ dövlətlər çılpaq qüdrətin ifadəsidir. Onlar heç bir dərin loyallığa əsaslanmır, heç bir legitimliyə sahib olmur; zor və hədə-qorxu gücünə xalqın mal-mülkünü talayır. Hərçənd ki, onlarda qüdrət görüntüsü var, əslində bu, sadəcə görüntüdür. Ona görə toplum daim bir dəstə tiranın başqası ilə əvəzlənəcəyinə, və bununla bəlkə vəziyyətinin yaxşılaşacağına ümid bəsləyir. Reallıqda bu konstruksiyalar parıltıdan, mənasız dəb-dəbədən başqa bir şey deyil. Onların möhkəmliyi də yumurta qabığını xatırladır…

Bütün qüdrət və şöhrət görüntüsünə baxmayaraq Atstek imperiyası lələklərdən düzəldilmiş ev idi. Tiraniyasına görə nifrət olunan və daxildən parçalanmış qurum ispanlar gələndə artıq dağılmaq üzrə idi. Nifrətin səviyyəsi o qədər yüksək idi ki, konkistador Hernando Kortez yeni dünyada özünə müttəfiqlər tapmaqda çətinlik çəkmədi. Onların köməyi olmadan kiçik ispan qüvvəsi sahildən dağları aşıb Meksika vadisinə daxil ola bilməzdi…

Eyni sözləri cənubdakı İnka İmperiyası haqda da demək olar.

İspanlarla görüşə gələn bər-bəzəkli bayram libasları geymiş minlərlə inkalı təmtəraqla meydana daxil oldular. İmperator Atahualpa bir qrup inkalının çiyinlərində daşınırdı. İspan keşiş onlara tərəf irəliləyərk imperatora İncili təqdim etdi. Atahualpa kitabı açdı, o tərəf-bu tərəfinə baxdı və yerə tulladı. Keşiş dərhal dəstəbaşı Pizarroya tərəf qaçdı. “Çıxın, çıxın! Gəlin, bu Allahı rədd edən itləri qırın!” Bunun ardınca hücuma keçən ispanlar bir neçə min hindunu elə yerindəcə qılıncdan keçirdilər. İspan süvarilər əsasən ən parıltılı paltar geymiş elita üzvlərini hədəf alırdılar.

Atahualpa özü lüt halda əsir götürüldü. İspanlar heç Avropa krallarının ödəyə bilməyəcəkləri həcmdə girov pulu tələb etdilər – bir otaq döşəmədən tavandək doldurulmuş qızıl! Əlbəttə ki, hindular bunu ödədilər. Amma ispanlar Atahualpanı buraxmadılar. İnka liderini İspan kralına (!) itaətsizlikdə ittiham edərək öldürdülər. İnkalıların bər-bəzəkli liderini öldürməklə də İnka İmperiyasının axırına çıxdılar.

Qısa mövcudluğu dönəmində İnka İmperiyası insanları bir ərazidə birləşdirdi və hazırda And vadisinin sakinləri tərəfindən danışılan kueçua dilini ümumi dilə çevirdi. İnqilabçı Che Guevara sonradan bu dili öyrənərək ondan siyasi mübarizədə hindular arasında dəstək toplamaq üçün istifadə edirdi. Ama İnka “sülhü” heç də qayda-qanun və harmoniya demək deyildi. Belə görünür ki, hindular çox səbrli və itaətkar idilər, amma alkohollu içkilərə və narkotikaya üz tutmaq həmişə pis əlamətdir. Bu simptomların çoxu məhəbbətsiz böyüyən uşaqlarda müşahidə olunur: o körpəni heç vaxt əzizləməmişdilər, onu qucaqda tutub süd verməmişdilər. Bu mədəniyyət sadə insanı təşəbbüsdən, avtonomiyadan və şəxisyyətdən məhrum edən bir mədəniyyət idi.”

David S. Landes Millətlərin Var-Dövləti və Səfaləti: Niyə Bəziləri Belə Varlıdır, Niyə Bəziləri Yoxsul

Bazar Ertəsi, 02 Aprel 2012Rəsul Quliyevlə Söhbət (VİDEO)

Martın 30-da Azərbaycan parlamentinin sabiq spikeri və Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının rəhbəri Rəsul Quliyev Amerikanın Səsinin qonağı olub. Müsahibədə cənab Quliyev Vaşinqtonda keçirdiyi görüşlər haqda təəssüratlarını və Azərbaycanda siyasi durum haqda düşüncələrini paylaşıb.

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu yeddi ildən çoxdur ki, Amerikanın Səsində ABŞ-Azərbaycan münasibətləri, Amerikanın daxili siyasəti və müxtəlif növ siyasi mövzularda reportajlar hazırlayır. O, habelə “Dünyaya Baxış” telexəbər proqramının aparıcısıdır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində almış Əsgər tarix elmləri doktorudur.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories