2013-cü ildə ağır ittihamlarla həbs edilən N!DA Vətəndaş Hərəkatının üzvlərinin yanvarın 30-da növbəti məhkəməsi keçiriləcək. Onlar arasında Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov da var. 1 ilə yaxındır həbsdə olan Rəşadət Axundov Sərbəst Kürsü vasitəsilə oxucularımızın və sosial şəbəkə iştirakçılarının suallarını cavablandırmağa razılıq verib.
Rəşadət Axundova suallarınız və şərhlərinizi aşağıdakı ŞƏRHLƏR bölməsində yaza bilərsiniz. Suallar fevralın 4-ü, çərşənbə axşamınadək qəbul olunacaq. Daha sonra onların içərisindən ən maraqlıları seçilərək Rəşadət Axundova göndəriləcək. Bir həftə ərzində Rəşadət sualları cavablandıraraq Amerikanın Səsinə göndərməyə çalışacaq.
——————————————————————————————————————–
05 Fevral
Suallar artıq Rəşadət Axundova göndərilib.
——————————————————————————————————————–
20 Fevral 2014
Amerikanın Səsinin sualları:
Sual: Həbsdə olduğunuz müddətdə ictimai dəstəyin mövcudluğunu hiss edirsinizmi?
Cavab: Sualınıza cavab olaraq bildirirəm ki, bəli, ictimai-siyasi sektorda təmsil olunan təşkilatların, partiyaların, QHT-lərin diqqəti, dəstəyi yetərincə olub. Sadəcə problem odur ki, geniş xalq kütləsi bizim niyə həbs edildiyimizi bilmir. Problem budur ki, cəmiyyətin böyük bir qismi nəinki bizim həbsimiz, hətta bizim də və demokratik düşərgənin digər təşkilatlarının da nə uğrunda mübarizə apardığı haqqında yetərincə məlumatı yoxdur.
Sual: Azərbaycan gəncliyinin siyasi fəallığını artırmaq üçün nə etmək olar? Yəqin ki, bir çoxları NİDA üzvlərinin həbs olunduğunu görüb, siyasi fəaliyyətdən çəkinməyə qərar verir. Sizin həmin gənclərə sözünüz nə olardı?
Cavab: Sualınızın ikinci hissəsindən başlayıb demək istəyirəm ki, həbslərin gənclərin siyasi fəaliyyətinə mənfi təsir etdiyini düşünmürəm. Əksinə biz həbs edildikdən sonra N!DA-ya dəstək olaraq xeyli gənc qoşuldu. Fədakar mübariz insanların fəaliyyətinə isə həbslər təsir etmir, həbslər oldu-olmadı onlar həmişə meydandadırlar. Problem ondadır ki, aktiv olmayan təbəqə fəallaşmaq istəmir, həbslər onları qorxudur.
Sual: Görmək istədiyiniz Azərbaycanı təsvir edə bilərsinizmi?
Cavab: Küçədə gəzərkən ac-yalavac, dilənçi görünüşündə balaca görmədiyim Azərbaycan!
Oxucularımızdan daxil olan suallar:
Samir: Əziz qardaşım Rəşadət, N!DA-nın başqa ölkələrdə formalaşması üçün tövsiyyələrin nələrdir?
Cavab: Samir bəy, bu günlər də keçəcək, narahat olmayın. Möhkəm olun. N!DA-nın başqa ölkələrdə yaşayan Azərbaycan vətəndaşı olan tələbə və gənclər tərəfindən özəklərinin yaradılmasına müsbət baxıram. Harada yaşamasından asılı olmayaraq hesab edirəm ki, hər bir gənc ölkəsinin taleyinə biganə qalmamalı və vətəndaşlıq missiyasını anlamalıdır.
Movlan: N!DA-nın siyasi iddiasi nə zaman olacaq?
Cavab: Mövlan bəy, N!DA-nın siyasi iddiası həmişə olub. Bu da demokratik cəmiyyətin qurulmasıdır. Bizim yalnız siyasi hakimiyyətə iddialı olmaq, alternativ olmaq iddiamız yoxdur. Biz öz haqqlarına sahib çıxmağı bacaran vətəndaşların öz iqtidarını azad seçki ilə seçməsini arzulayırıq və bunun uğrunda mübarizə aparırıq.
Rauf Binnətov: Salam Rəşadət. Həbsinizlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikriniz varmı?
Cavab: Rauf bəy, təbii ki, Azərbaycan daxilindəki məhkəmələrdə istədiyimiz nəticələri almasaq Avropa məhkəməsinə müraciət edəcəyik.
Sakit: Həbsxanada siyasi ədəbiyyat oxumağa və yazı yazmağa məhdudiyyət varmı? Qohumlarınıza sizə görə təzyiqlər varmı?
Cavab: Həbsxanada hər hansı ədəbiyyata oxumağa maneə yoxdur. Yazı yazmağa və mətbuatda yazı dərc etməyə isə ciddi məhdudiyyət var. Bunu da oranın istintaq təcridxanası olması ilə əsaslandırırlar.
Orxan Məmməd: Rəşadət, Amerikadan salamlar! Sualım: Nelson Mandela 25 ildən çox həbsdə qaldıqdan sonra onu sevənlər ölkədə vəziyyəti elə gərginləşdirir ki, hakimiyyət Mandela ilə danışıqlara getməyə razı olur. İstərdinmi ki, səni sevənlər ölkədə belə gərginlik yaratsın və ya həmin cəmiyyətin nə vaxtsa yetişəcəyinə inanırsanmı?
Cavab: Orxan bəy, cəmiyyətin həm bizim, həm öz hüquqlarını müdafiə etməsini hər zaman arzulayıram. Ancaq bu dinc, qeyri–zorakı, demokratik üsullarla həyata keçirilməlidir, heç bir provokasiyaya və zoraki gərginliyə rəvac verilməməlidir. Dinc mübarizənin alternativi yoxdur.
6 responses to “Rəşadət Axundov həbsxanadan Amerikanın Səsinin suallarını cavablandırıb”
Salam Rashad hebsinizle bagli Avrupa insan haqlari mehkemesine muraciet etmek fikriniz varmi ?
Hər axşam intihar xəbərləri ilə yatıb , intihar xəbərləri ilə oyanan və bu hadisələrə biganə yanaşan cəmiyyətin nümayəndələriyik.
Bu cəmiyyəti dəyişmək üçün hansı təklifləriniz var ?
N!DA nin siyasi iddiasi hacan olacag?
Rəşadət Amerikadan salamlar. Sualım Nelson Mandela 25 ildən çox həbsdə qaldıqdan sonra onu sevənlər ölkədə vəziyyəti elə gərginləşdirir ki, hakimiyyət Mandela ilə danışıqlara getməyə razı olur. İstərdinmi ki, səni sevənlər ölkədə belə gərginlik yaratsın və ya həmin cəmiyyətin nə vaxtsa yetişəcəyinə inanırsanmı?
Hebsxanada siyasi edebiyyat oxumaga ve yazi yazmaga mehdudiyyet varmi? Qohumlariniza size gore tezyigler varmi?
Eziz qardashim Resadet, senden cox uzaq olmaq ve yaxinda olsam da yene uzaq olmaq cox keder verici ve darixdirici veziyyetdir. Sualim beledir ki, N!DA-nin basqa olkelerde formalasmalari uchun tovsiyelerin nelerdir?