Rauf Arifoğlu:120-140 min nüsxə qəzetimizi ticari dövrüyyədən çıxarıblar

Posted November 12th, 2013 at 4:58 pm (UTC-4)
3 comments

“Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin çapını dayandırıb. Qəzetin çapının nə vaxt bərpa ediləcəyi məlum deyil. Yeni Müsavat qəzeti də çapı dayandırmamaq uğrunda mübarizə aparır. Bu qəzetin də qarşıdakı günlərdə çapını dayandıracağı istisna olunmur.

Rauf Arifoglu - 1Qəzetlərin çapı ilə bağlı yaranmış son problemləri müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunu dəvət etmişik. Noyabrın 13-ü Rauf bəy sizin suallarınızı cavablandırıb.

———————————————————————————————————–
21:00 / 13 noyabr 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.  Sərbəst Kürsü canlı forumunun moderatorunu mən Emil Quliyev aparıram. Sərbəst Kürsünün qonağı isə Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğludur.

21:02
Emil Quliyev [moderator]: Rauf bəy, Sərbəst Kürsüyə qatıldığınız üçün sizə minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi forumda canlı olaraq oxucularımızın suallarını cavablandırırsınız.

21:04
Rauf Arifoğlu: Məmnunam. İştirakçıları salamlayıram. Sualları gözləyirəm.

21:06
Emil Quliyev: İlk sualı Rufet adlı istifadəçi göndərib. O yazır:

– Rauf bəy, Azadlıq qəzetini artıq bağladılar. Sizi də bağlanmanız gün məsələsinə oxşayır. Artıq seçki də başa çatıb. Belə bir addım atmaqlarının arxasında nə durur. Məntiqsiz deyilmi?

21:11
Cavab: Məntiqsizdir. Əslində hakimiyyət onun üçün ciddi problem yaratmayan seçkidən sonra bu cür addımlar atmamalı idi. Xüsusi ilə fundamental azadlıqlardan sayılan söz azadlığının üzərinə bu cür getməsi, tənqidçi medianı tamamilə susdurmaq istəməsi təəccüb doğurur. İstənilən halda reaksiya olacaq. Həm daxildən, həm də xaricdən. Qınaqlar, bəyanatlar, tələblər… İqtidar, prezident davamlı gündəmə gələcək. Bu baxımdan, baş verənlər qəzetlərin də, iqtidarın da ziyanınadır.

21:12
Sual [Adnan Kamilli]: Rauf bəy, qəzetinizin APA TV ilə əməkdaşlığının olduğu görünür. Bu əməkdaşlığın sizə bir köməyi olmur?

21:15
Cavab: Bizdə APA TV-nin və 10-a yaxın başqa media quruluşunun banerləri reklam olunur. Yalnız bir köməyi dəyir – reklama görə pul ödəyirlər.

21:17
Sual [Məhəmməd Salmanlı]: Musavat Partiyasının sizə maliyyə köməyi ola bilərmi?

21:26
Cavab: Müsavat Partiyası abunə kampaniyasında bizə dəstək oldu. 1200 manat dəyərində 100 müsavatçı Yeni Müsavata abunə yazıldı. Məsələ burasındadır ki, müxalifət partiyaları çox kasıbdırlar. Onların heç bir yerdən maliyyə qaynaqları yoxdur. İstəsələr də, qəzetlərə böyük miqdarda dəstək verə bilməzlər. Əslində, son aylara qədər Yeni Müsavat qəzetinin maliyyə dəstəyinə ehtiyacı olmayıb. Son illərdə-  qəzetlərin qiyməti 20 qəpikdən 40 qəpiyə qalxandan sonra Yeni Müsavat qəzeti yüksək gəlirlə işləyib. Biz 2005-ci ildən – 8 ildir ki, problemsiz və gəlirlə işləyirik. Bu səbəbdən də bir səra hallarda qəzetimiz kimlərəsə –  məsələn, siyasi dustaq ailələrinə, demokratik düşərgənin müəyyən əlamətdar tədbirlərinə arada-sırada dəstək verə bilirdi. Lakin bizi son aylarda yürüdülən siyasətlə iflas həddinə gətiriblər-  bu səbəbdən də indi cəmiyyətdən dəstək axtarırıq. Dəstək istəyinin də yalnız bir mahiyyəti var: Çap etdiyimiz qəzet nüsxələrini ictimaiyyət nümayəndələri, partiyaların üzvləri abunə şəklində alsınlar. Çünki hazırda qarşıya çıxan problemimiz yayım-satışla bağlıdır. Bizə çap etdiyimiz qəzeti Bakıda satmağa imkan vermirlər. Paytaxt qəzet satışına yasaqlanıb.

21:27
Sual [Rasim]: Sizin maliyyə problemləriniz başlıca olaraq nədən qaynaqlanır?

21:45
Cavab: Bizim maliyyə problemlərimizin bir neçə səbəbi var. 1. “Yeni Müsavat”a reklam vermirlər. İş adamlarına, o cümlədən də xarici sahibkarlara “qara siyahı” verilib. Reklamlar veriləndə, həmin siyahəda olan tənqidçi mediaya, müxalifətə yaxın qəzetlərə pay düşməməlidir. Əks halda, həmin şirkəti cəzalandırırlar. 2. Biz bu şəraitdə –  reklamsızlıq  şərtlərində işimizi və bütün biznesimizi satışın üzərində qurmuşduq. 2012-ci ilin may ayına qədər mən hər ay 300-330 min nüsxə qəzet satırdım. Bu da bizi müsbət balansla idarə edirdi. 2012-nin may ayından başlayaraq Qasid Mətbuat Yayımı Firmasının köşklərini götürməyə başladılar. Şəhərin ən mərkəzi yerlərindəki Qasid köşkləri “Press-Kiosk” adlanan köşklərlə əvəzləndi. Onlar da bəyan etdilər ki, biz mexalifət qəzetləri satmırıq. Beləcə, 150 yeni köşk bizi satmaqdan imtinaetdi. Nəticə – ayda  60 min nüsxə satılan tiraj itirdik. Daha sonra Qasid firması ən müxtəlif bəhanələrlə digər köşklərində satdığı nüsxələrimizin pullarını ləngitməyə başladı. İndi isə ümumiyyətlə vermir. Bunlarla paralel olaraq, “Eurovision” dövründə şəhərin mərkəzindəki bütün qəzet stendlərini götürdülər ki, pis görünür, sonra qaytararı. Onu da qaytarmadılar. Bakının bütün mərkəzi hissəsində qəzetlərin səyyar satışı qadağan edilib. İndi isə metrostansiyaların ərazisində tənqidçi mediaya aid qəzetlərin satışı qadağan edilib. Buraya biz günlük 1300 qəzet verirdik. Yəni satış sahəsini məhdudlaşdırmaqla, 120-140 min nüsxə qəzetimizi (aylıq) ticari dövrüyyədən çıxarıblar. Bu da ciddi maliyyə defisiti yaradıb. Yalnız son 1 ayda 2000 nüsxə (günlük) tirajımız dövriyyədən çıxarılıb.

Üstəlik, üzərimizdə məhkəmə cəzaları var. 57 manat civarında cəza icraya yönəldilib. Bunlardı bizi iflasın astanasına gətirən səbəblər.
21:47
Sual [Gulnare Refiyeva]: Emekdaslariniza her hansi tezyiqler olur?
21:57
Cavab: Son vaxtlar təzyiqi əməkdaşlara yox, birbaşa qəzetə edirlər. Axırıncı 3 ilimiz məhkəmələrdə keçib. Təxminən 10 iddia dosyesi üzrə 3 milyon manata yaxın isk altında onlarla proses keçirtdik. Cəlal Əliyev, “GilanHoldinq”, Ziya Məmmədov ailəsi, Səfər Əbiyev və 6 ordu generalı, Bəylər Əyyubovun olduğu iddia edilən Poladtökmə zavodu…Amma mitinq və hadisə yerində döyülən, saxlanan müxbirlərimiz də var. Günay Musayeva, Fərahim İlqaroğlu, Araz Bayramov, Röya Rəfiyeva. Hərdən də təhdidlər alırıq. Bu cür hallar daha çox mənim özümlə bağlı olur. Alışmışam deyə, əhəmiyyət vermirəm.
21:58
Sual [Nurlan]: Rauf bəy, sizə qarşı bəzən tənqidlər səslənirdi ki, xəbərləri fərqli mənalarda təqdim edirsiniz. Həqiqətən belə şeylər olur?

22:11
Cavab: Sual daha konkret olsaydı, yaxşı olardı… Amma deyim ki, mən doğrudan da anormal həcmdə tənqidə məruz qalıram. Düz 16 ildir ki, belədir. 1997-ci ildən, qəzetimiz gündəliyə keçəndən və ölkənin ən tirajlı media orqanı ünvanını qazanandan…Həm iqtidardan, həm də müxalifətdən şiddətli tənqid alıram. Hansı ki, rəhbərlik etdiyim layihə 16 ildir ki, N1-dir. Bu cür uurlu layihənin müəllifi olaraq, hesab edirəm ki, bu, haqsızlıqdır. Müxalifət liderlərini bu qədər tənqid etsələr, bəlkə də yeri olardı; 20 ildir hakimiyyətə gələ bilmirlər, birləşməyi bacarmırlar və s. deyərək… Lakin rəhbəri olduğu qəzeti, saytları müvəffəqiyyətlə işlədən,    liderliyi kimsəyə verməyən bir media menecerini hədəfə götürmək anormallıqdır. Hakimiyyətdəkiləri anlayıram –  onlar mahiyyətcə bütün azadlıqlara qarşıdırlar; lakin müxalifət düşərgəsindən gələn tənqidlərin çoxunu haqlı bilmirəm. Mən heç kimin qarşısında öhdəliyi olmayan özəl bir müəssisənin –  media qrupunun rəhbəriyəm. Yayım siyasətinə görə ancaq oxucuların qarşısında məsuliyyət daşıyıram. Onlar da bu siyasəti təqdir etməyəndə qəzeti almırlar, saytlara girmirlər, vəssalam.

22:13
Sual [Samirə Qasımova]: Milli Şuranın gələcək fəaliyyəti nədən ibarət olacaq? Bir də Milli Şura qəzetləri xilas etmək üçün hansısa addım atmağı planlaşdırır?

22:18
Cavab: Mənim fikrim belədir, bu mövzuda: Milli Şura Azərbaycan siyasətinin faciəsidir. Belə bir qurumun ancaq adı var. Heç bir strukturu, fəaliyyəti, siyasətə real təsiri yoxdur. Seçkidə də ancaq neqativ rol oynadı. Milli Şura adından bütün prosesləri Cəmil Həsənli, Gənclər Hərəkatları və iki müxalifət partiyası apardı – Müsavat və AXCP. Nə qədər tez olsa, o qədər faydalıdır –  Milli Şura buraxılmış elan edilməlidir.

22:19
Sual [Sultan]: Rauf bəy, sizcə Azərbaycanda azad media kimə lazımdır daha çox – müxalifətə, xalqa, qəzetlərə, yoxsa hakimiyyətə?

22:22
Cavab: Hər kəsə lazımdı. Azad media, fundamental azadlıqlardan ən önəmlisidir. Hər hansı bir ölkədə o yoxdursa, başqa azadlıqların durumundan, hətta mövcudluğundan danışmağa dəyməz. Onun vəziyyəti necədirsə, ümumilikdə bütün azadlıqların vəziyyəti də o cürdür.

22:24
Sual [Araz]: Rauf bəy, qəzetinizdə Güneyə niyə çox az yer ayırırsınız?

22:32
Cavab: Bəzən bu sualın tərsini verirlər: Niyə çox yer ayırırsız deyə… Amma hesab edirəm ki, Güney Azərbaycan  Güzey qədər bizimkidi, doğmadı; özbəöz torpaqlarımızdı və haqqımız çatır oradan da yazmağa. Hesab edirəm ki, doğrudan da az yazırıq, bunu çoxaltmaq lazımdır.Bu azlığı saytlarımız vasitəsi ilə çoxaltmaq mümkündür. çünki qəzetimiz ancaq Azərbaycanda yayılır.

22:34
Sual [Mədinə]: Rauf bəy, sizdən səmimi olmağınızı xahiş edərək bir sual verim. Bu gün Azərbaycan jurnalistikasının da çatışmayan çoxlu cəhətləri var. Bunların ən başlıcaları hansılardı və bunları necə aradan qaldırmaq olar?

22:43
Cavab: Səmimi deyirəm. Çatışmyan o qədər cəhət var ki… Amma peşəkarlıq göstəriciləri ən vacibidi. Jurnalistikada peşəkarlıq göstəricilərinin məhdudluğu getdikcə daha çox üzə çıxır. Ali təhsil müəssisələrində jurnalist yetişdirməklə bağlı ciddi problemlər var. Üstəlik, bu sahədə yüksək gəlir olmadığına, biznes indeksləri aşağı olması səbəbindən ən istedadlı insanlar fərqli istiqamətləri seçirlər.

22: 46
Sual [Bəxtiyar Ramazanov]: İsa Qəmbərin Milli Şuranın vahid namizəd olması düzgün olmazdımı?

22:49
Cavab: Mən İsa bəyin iddiaçı olmasını istəyirdim. Lakin onun dəstəklədiyi Cəmil Həsənli variantını da məqbul sayıram.

22:51
Sual [Şahin Əhmədov]: Prezident seçkilərinin nəticələrini necə qiymətləndirərdiniz?

22:54
Cavab: Prezident seçkilərində xalqın fəallığı minimum, saxtakalıq maksimim oldu

22:56
Emil Quliyev [moderator]: Rauf bəy, iki saatınızı ayırıb Sərbəst Kürsüdə iştirakınız üçün minnətdarlığımızı bildiririk. İnşallah qəzetinizin fəaliyyətinda yaşanan problemlər  tezliklə aradan qalxar.

22:58
Rauf Arifoğlu: Təşəkkür edirəm. İnşallah, ölkəmizin bütün problemləri nə zamansa aradan qalxar.

Sizə də təşəkkür edirəm ki, bizə bu imkanı yaratdınız.
23:00
Emil Quliyev: Mən oxucularımıza da suallar göndərdikləri üçün təşəkkür edirəm. Sərbəst Kürsünün gələn buraxılışlarında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

3 responses to “Rauf Arifoğlu:120-140 min nüsxə qəzetimizi ticari dövrüyyədən çıxarıblar”

  1. rufet says:

    Rauf bəy, Azadlıq qəzetini artıq bağladılar. Sizi də bağlanmanız gün məsələsinə oxşayır. Artıq seçki də başa çatıb. Belə bir addım atmaqlarının arxasında nə durur. Məntiqsiz deyilmi?

  2. Adnan Kamilli says:

    Rauf bəy, qəzetinizin APA TV ilə əməkdaşlığının olduğu görünür. Bu əməkdaşlığın sizə bir köməyi olmur?

  3. Sultan says:

    Rauf bəy, sizcə Azərbaycanda azad media kimə lazımdır daha çox – müxalifətə, xalqa, qəzetlərə, yoxsa hakimiyyətə?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR