İranlı tarixçi Nasir Purpirar ölkə tarixinin saxdalaşdırıldığını deyir

Posted August 29th, 2011 at 11:15 am (UTC-4)
Leave a comment

Mənşəcə İranlı ərəb olan İran tarixi barədə ziddiyyətli nəzəriyələri ilə tanınmış Nasir Purpirar yazır ki, İran məktəbləri və universitetlərində öyrədilən İran tarixi  gerçəklərə əsaslanmır . O, “12 əsrlik sükut” adı silsilə əsərlərində İran tarixinin islamiyyətdən əvvəl ki, 12 əsrlik hissəsinin saxdaşaldırıldığını yaddaşlardan silindiyini irəli sürülür. Cənab Purpiranın bəzi nəzəriyələri hamı tərəfindən rədd olunsa da, digər bəzi, xüsusilə  dəlillərə əsaslanan fikirləri başqa alimlər tərəfindən də qəbul edilir.

İNSAFƏLİ HİDAYƏT

İranlı ərəb yazar və tədqiqatçı Nasir Purpirar (Nasir Binakonəndə) iddia edir ki, İran tarixinin çox hissəsi yalan üstündə qurulub və İran tarixinə yenidən baxmaq lazımdır.

Cənab Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın  Mədəniyyət  Nazirliyi (Fərhəng və İrşadi İslami)  bu kitabların bir çoxunun  çapına  icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini  digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Nasir Purpirar milliyyətcə  ərəb olduğuna görə, bəzi  tənqidçilər onu “Pan Ərəbizmdə” ittiham edir.

Nasir Purpirarın əsərlərinin çoxu elmi-tədqiqata əsaslansa da, İranın və farsların tarixi barədə irəli sürdüyü bəzi fikirlər azərbaycanlı alimlər tərəfindən qəbul edilmir.

Purpirar yazır ki, İran məktəbləri və universitetlərində öyrədilən İran tarixi yalanlara əsaslanır ki, bu dərsləri keçənlər İran və İran tarixini yenidən öyrənməlidir.

Onun fikrincə, islam və ərəblərin İrana gəlməsindən 2000 il əvvəl, iranlılarla yəhudilər arasında “Purim” hadisəsi baş verib və iranlılar “qətliam”a məruz qalıb. Purpirar iddia edir ki, Purim qətliamına görə İran coğrafiyasında 2000 il ərzində nəzərə çarpacaq mədəni  əsər yaradılmayıb.

Purpirarın kitablarında iddia olunur ki, həmin 2000 il ərzində İranda insanlar dağlarda həyatlarını davam etdirib. O, bu və buna oxşar nəzəriyyələri  “12 əsrlik sükut” adlandırdığı əsərlər toplusunda irəli sürür.

Hazırda Kanadada yaşayan təbrizli tədqiqatçı Dr. Ziya Sədruləşrafi Nasir Purpirarın əsərləri ilə yaxından tanışdır və bu əsərlər haqqında tənqidi məqalələrin müəllifidir. O, Amerikanın Səsinə müsahibəsində deyib ki, cənab Purpirar İran tarixinin “Əşkanilər”, “Sasanilər” dövrü kimi hissələri, həmçinin “İsgəndər”, “Ərəblər” və “Monqollar”ın İrana hücumlarını inkar edir. O, eyni zamanda İran tarixində  Firdovsi, Hafiz və Sədi kimi  şairlərin olmasına şübhə ilə yanaşır və iddia edir ki, İrana islamın gəlişindən neçə yüz il sonrayadək mədəniyyətdən çox az izlər görünür. Dr. Ziya Sədruləşrafi Purpiranın  güclü bir tarixçi olduğunu desə də, onun yuxarıdakı iddialarını qəbul etmir.

O, Purpirar barədə deyir ki, tarixçinin “Ziyalı öldürmək” (Noxbə Koşi) adlı  kitabında göstərilir ki, iranlılar kiminsə yeni bir fikri olsa, onu məhv etməyə çalışır. O, İran tarixində “Şöhrəvərdi” (Eynulquzzati Həmədani)  kimi fikir sahiblərinin qətlə yetirilməsini, bu ideyasına sübut kimi göstərir.

Dr. Ziya Nasir Purpirarın “12 əsrlik sükut” silsiləsindən bir neçə kitabına işarə edərək onlarda Həxamənişi dövründən islamadək İranda heç bir mədəniyyətin olmaması iddiası ilə razılaşmadığını deyir: “Bu ağır bir iddiadır. 12 əsrlik sükut silsiləsinin ikinci hissəsi “Keçmişə bir körpü” adlanır, alim üç kitabdan ibarət olan bu hissədə İrana islam dininin gəlməsi barədə yazıb. Digər kitabı “Əşkanlılar”dır, bu kitab da Əşkanilərin olmasını inkar edir və onları Sulukilərin davamı kimi görür”.

Dr. Ziyanın fikrincə, “bu kitab, tənqid olunmalı bir kitabdır”. O, Əşkanilər barədə Purpirarla eyni fikirdə olmadığını deyir. “Kirasusu öldürən 13-cü Əşk inkar edilməsi çətin bir işdir”.

Onun “12 əsrlik sükut” toplusunun digər hissəsi “Sasanilər” adlanır və 3 cilddən ibarətdir. Dr. Ziya deyir ki, Purpirarın “12 əsrlik sükut”  silsiləsində “Sasanilər” şah əsəridir.

Dr. Sədruləşrafi  “Məgər bu beş günü tutasan” kitabı barədə deyir ki, Purpirar bu kitabda göstərir ki, Sədi Şiraz şəhərindən kənara çıxmayıb  və uzun illər xalqı aldadıb.

Purpirar “İslam, qılınc dini” adlı kitabında islam peyğəmbərinin yaxın adamlarından olduğu deyilən iranlı “Səlmani Farsi” adlı adamın olmasını qəbul etmir. Dr. Ziya  isə deyir ki, bu mövzuda  Purpirardan əvvəl “Lima Sinyon” yazıb.

Purpirarın bu mövzuda yazdığı 30 kitabın böyük hissəsi bir-birinin davamıdır. Onun yazdığı kitabların 3 cildi Səfəvilər dövrü barədədir. Ancaq,  İran dövləti onların çapına icazə vermir.

Purpirar həmin üç kitabı öz vebbloqunda hissə-hissə yayacağını deyib. Dr. Ziyanın verdiyi məlumata görə, Purpirarın bəzi kitabları Sinqapurda çap olandan sonra qaçaq yolu ilə İrana gətirilib və yayılıb.

İranda və digər ölkələrdə minlərlə kitabda Purpirarın inkar etdiyi tarix qəbul edilir. Dr. Sədruləşrafi qəbul olunmuş bu tarixin inkarının  dayaqları barədə deyir ki, “Purpirarın iddialarının bir hissəsi əvvəllər də, başqa alimlərin kitablarında yazılıb, amma hər dövrün hakim düşüncə sistemi istədiyi fikirləri saxlayır, istəmədiklərini silməyə və ya kölgədə saxlamağa çalışır. Məsələn, 1575-ci ildə alman Kresten Nipur, İrana gəlib və “Təxti Cəmşidi” dolanıb və onun qalan hissələrindən, yanmamışdan əvvəl yarımçıq dəlillər göstərib, amma iranlılar onları görmək istəməyib.

Dr. Ziya əlavə edir ki, Purpirar “Təxti Cəmşid”ə gedib və şəkillər çəkərək göstərib ki, sütunların bir hissəsi yonulub, digər hissəsi yonulmayıb. Daşlarda yeni qazma yazılar yazıblar, amma onlara qədimi görkəm vermək üçün daşların üzərinə turşu səpiblər.

Purpirar iddia edir ki, ərəblər və monqollar İrana həmlə etməyib və buna səbəb kimi, o zamanlar da iranlıların yoxsul olmasını göstərir. O, iddia edir ki, sərvətin nişanəsi qızıl puldu, amma ərəblər və monqolların İrana hücum etdikləri iddia olunan zamanlardan, əlimizdə qızıl pul yoxdur. Olan pullar da gümüşdü və iranlılar yox, bəlkə digər millətlər bu pulları kəsib. Onun nəzəriyyəsinə görə, bu, o deməkdir ki, ərəblər və monqolların İrana hücum etmək üçün heç bir marağı yox idi.

Dr. Sədruləşrafi Purpirarla razılaşmır və deyir ki, ərəblər Vəlid İbn Əbdülməlik zamanından İrana gəlib və Türküstanadək gediblər. Sasani şahı 3-cü Yəzd Gerd qaçıb və iranlıların əli ilə öldürülüb. Bunları əvvəlcə ərəb tarixçiləri, daha sonra da Zərdüştilər yazıb.

Bəs nə üçün islamdan əvvəl İran coğrafiyasında tanınmış alim olmayıb? Dr. Ziya deyir ki, elmi öyrənmək üçün əlifba lazımdır: “İran tarixində Həxamənişilərin dağılmasından islam İrana gələnədək Aramilər İran xalqları üzərində hakimiyyətə sahib idi. Aramilərin əlifbasını isə özlərindən başqaları nə yaza, nə də oxuya bilərdi”.

Dr. Ziyanın fikrincə, islamdan 103 il sonra və Yəzid İbn Əbdülməlik dövründə 725-ci ildə Çindən İrana kağız gəlib və beləliklə kağızın və əlifbanın olması adamların yazıb oxumasına, alimlərin yetişməsinə səbəb olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR