Amerika Birləşmiş Ştatlarında Azərbaycan kulinariyası haqda ilk kitabın bu yaxınlarda nəşri gözlənilir. “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Kaliforniyada yaşayan azərbaycanlı blogger Fəridə Buyurandır. Oktyabr ayında işıq üzü görəcək kitab ABŞ-da böyük marağa səbəb olub və gözəl rəylər alıb.
“Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer kitaba rəydə yazıb: “Göz və zövqü oxşayan bir bayram sevinci. Müəllif sizi masaya dəvət edir və sonra sehrli xalçada sizi sevdiyi diyarı Azərbaycana aparır.”
Amerikada tanınmış kulinariya eksperti, dünya ölkələrinin mətbəx ənənələri haqda kitabların müəllifi olan Emi Riolo kitabın kulinariya ekspertlərinin kolleksiyasına gözəl töhfə olacağını yazıb: “Nar və zəfəran” Azərbaycan mətbəxi və mədəniyyəti ilə müfəssəl tanışlıq imkanı verir. Bu zəngin, lakin hələ az tanınan bir ölkənin mətbəx ənənələri, yeməklərin hazırlanması üsulları, bayram adətləri və xüsusiyyətlərini öyrənənlər üçün gözəl bələdçidir. Hər bir kulinarın kolleksiyasına gözəl bir əlavədir!”
Fəridə Buyuranın Azərbaycan kulinariyası haqda məqalələri və reseptləri onun təsis etdiyi www.azcookbook.com veb səhifəsində yerləşdirilib.
“Göz və zövqü oxşayan bir bayram sevinci. Müəllif sizi masaya dəvət edir və sonra sehrli xalçada sizi sevdiyi diyarı Azərbaycana aparır.” –“Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer
Amerikanın Səsinə müsahibədə Fəridə Buyuran Azərbaycan kulinariyası haqda yeni kitabı, Amerikada Azərbaycan mətbəxinin tanıdılması və milli mətbəx ənənələrinin bu gün davam etdirilməsindən danışıb.
Dilşad Əliyarlı: Fəridə xanım, özünüz haqda bir qədər məlumat verməyinizi istərdik.
Fəridə Buyuran: Adım Fəridə Buyurandır. Amerikada 2002-ci ildən yaşayıram. Bakıda anadan olmuşam, xarici dillər universitetini orada bitirmişəm. Sonra təhsilimi Amerikada davam etdirmişəm. 2008-ci ildə Azərbaycan mətbəxinə dair interaktiv vebsayt yaratmışam. Eyni zamanda, Azərbaycan mətbəxinin tanıdılması üçün kulinariya kitabı üzərində işləmişəm. Kitab artıq hazırdır və sifarişə verilib.
D.Ə. Fəridə xanım, kitab yazmaq ideyası necə yarandı. Bu haqda da bir qədər geniş məlumat verə bilərdinizmi?
F.B. Kitabın adı “Pommgranates and Saffron: A Culinary Journer to Azerbaijan, “Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti”-dır. 2008-ci ildən kitab üçün reseptlər yığmağa başladım. Azərbaycanın müxtəlif bölgələrində reseptlərlə yanaşı onları müşayiət edən hekayələri də yığırdım. Bu reseptlərin hamısını bəzən dəfələrlə sınaqdan keçirdim, çünki kitabda hər şeyin dəqiq olmasını istəyirəm. Nəhayət kitab ilk sifariş üçün hazırdır. İlk tirajı böyük olmadığı üçün onu əvvəlcə ön sifarişə çıxardım. Kitab oktyabr ayında işıq üzü görəcək və alıcılara çatdırılacaq.
D.Ə. Fəridə xanım, kitab üçün Azərbaycanın hansı bölgələrindən reseptlər yığmısınız? Azərbaycanın hansı bölgələrinin mətbəx ənənələri daha zəngindir?
F.B. Ailəmiz tərəfdən Balakən-Zaqatala və Naxçıvan vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə mən Bakıda yaşayanda da bağlı olmuşam. Ona görə o bölgələrin yeməkləri ilə yaxından tanışam. Əlbəttə ki Bakıda yaşadığıma görə Abşeron bölgəsinin yeməkləri ilə də tanışam. Bu dəfə Bakıya gedəndə Balakən və Zaqatalaya gedən yolda bütün rayonlarda qaldıq. Bir az Şəkidə resept yığdım. Mənə elə gəlir ki, Azərbaycanın bütün bölgələrinin mətbəxi çox zəngindir. Sadəcə olaraq onları araşdırmaq lazımdır. Elə yeməklər var ki unudulubdur. Məsələn, mənim kitabımda bir yemək olacaq: Şabran dolması. Mən əvvəllər onun adını heç eşitməmişdim. Şabranlı bir xanım mənə resepti təqdim edəndə çox sevinmişdim. Bütün bölgələrin özünəməxsus yemək mədəniyyəti var və hamısı zəngindir və gözəldir.
D.Ə. Fəridə xanım, Azərbaycan mətbəxinə dair bloq yazmaq ideyası sizdə necə yarandı?. Amerikaya gələn azərbaycanlıların böyük hissəsi milli yeməkləri özləyir və çoxları Amerikada Azərbaycan restoranının açılmasını arzulayır. Bloqun yaranmasının əsas səbəbi nə ilə bağlı idi?
F.B. Yəqin ki elə eyni səbəbdən. İnsan xaricdə yaşayanda öz mətbəxi üçün darıxır və onun dəyərini daha çox başa düşməyə başlayır. Yəqin ki elə bu səbəbdən başladım. Əsas səbəblərdən biri də o idi ki, Azərbaycan mətbəxini xaricdə tanıdan və xaricdə yaşayan azərbaycanlılara kömək ola biləcək heç bir kitab və vebsayt görmədim. Ona görə də qərara gəldim ki, bu işlə özüm məşğul olum. Düzü, Bakıda mən yemək bişirməklə o qədər məşğul olmamışam. Evdə mən nadir halda yemək bişirirdim, amma bura köçəndən sonra mətbəxə marağım artdığına görə dedim ki, bu marağı başqa insanlarla da paylaşsam, çox gözəl olar, həm də mətbəximizi xaricdə tanıtmış olaram. Bu fikirlə başladım və bloq yaratdım, sonra da kitabı yazmağa başladım.
D.Ə. Bloqunuz həqiqətən də çox populyardır. Bloqda Amerikada yaşayan müxtəlif millətlərin nümayəndələrinin şərhlərinə rast gəlmək olar. Azərbaycan mətbəxinə Amerikada maraq nə dərəcədədir?
F.B. Təəssüflə qeyd etməliyəm ki, Amerikada Azərbaycan mətbəxini çox tanımırlar. Mən mətbəximizi tanıtmağa çalışanda onlar Yaxın Şərq, İran və Türkiyə ilə yaxınlıq və oxşarlıq görürlər. Bu ölkələrin mətbəxi onlara daha tanışdır. Vebsyata gəldikdə isə Azərbaycan haqda heç bir məlumat olmadığı üçün çox sayda insan səhifəyə gəlir, ya təsadüfən, ya da hansısa başqa bir yolla veb səhifəmi tapırlar. Həm ölkə haqda məlumatları olur, həm də mətbəx haqda məlumat əldə edirlər. Şərhləri oxuduqca doğrudan da çox qürurlanıram. Çünki mətbəximizi çox bəyəndiklərini söyləyirlər, çox qeyri-adi görürlər mətbəximizi. Ona görə də çox sevinirəm ki, bloqum vasitəsilə az da olsa bu yolda töhfə verə bilirəm.
D.Ə Sizcə, Azərbaycan mətbəxinin hansı nümunələri amerikalıların zövqünə daha çox uyğundur? Hansı yeməkləri daha çox bəyənirlər?
F.B. Amerika mətbəxi bizim mərbəximizdən çox fərqli olduğu üçün mənim xaricilərə təqdim etdiyim ənənəvi yeməklər onlara çox maraqlı gəlir. Məsələn, toyuq ləvəngi onlara maraqlı görünür. Sonra plovlarımız, zəfəranlı, aş-qaralı plovlarımız, ümumiyyətlə bütün yeməklər onlarda çox maraq doğurur. Çünki bu yeməklər demək olar onların mətbəxlərində yoxdur. Sobada bişirilmiş toyuq kimi bənzər yeməklər ola bilər, amma onlar daha sadə yolla hazırlanır. Məncə, bütün yeməklərimiz onlar üçün fərqlidir. Məsələn paxlava və şəkərburanı xoşlayırlar, çünki burada yunan restoranları və dükanlarında satılan, ya da tanıdıqları türk paxlavası Azərbaycan paxlavasında fərqlidir. Şorqoğal da onların çox xoşuna gəlir. Fərq çoxdur, oxşarlıq azdır.
D.Ə Amerikalılar xarici mətbəx ənənələrinə hörmətlə yanaşırlar və bir çox ölkələrin milli yeməklərini qəbul edirlər. Amerikada Avropa, Asiya, Yaxın Şərq və bir sıra regionların milli mətbəxini təmsil edən minlərlə restoran var. Necə bilirsiniz, Amerikada Azərbaycan restoranları populyarqlıq qazana bilərmi? Yəqin ki yeməklər amerikalıların zövqünə uyğun olaraq hazırlamalıdır.
F.B. Bəli, hesab edirəm ki, populyar olar, xüsusilə də Kaliforniya ştatında. Mən başqa ştatlarda yaşamadığıma görə bilmirəm, amma Kaliforniya çox kosmopolit bir yerdir, xüsusilə də Los Anceles şəhəri. Burada mən əminəm ki, belə bir restoran açılsa, çox müvəffəqiyyətli olar. Bəli, amerikan zövqünə görə reseptlər bir az dəyişməlidir, bəlkə plovlarımız bir az daha yağsız olmalıdır. Məncə, dəyişikliklər gətirilsə, çox gözəl və məşhur bir restoran ola bilər. Türk restoranları da burada çox deyil. Ona görə həmişə deyirəm ki, türk restoranı da açılsa çox yaxşı olar.
D.Ə Siz özünüz Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirsiniz?
F.B. Bunu deməkdə çətinlik çəkirəm. Yarpaq dolmasını deyə bilərəm, onu çox xoşlayıram. Bütün yeməkləri xoşlayıram, amma o yəqin ki bir nömrəli olardı.
D.Ə. Bəz şirniyyatlar arasında?
F.B. Şirniyyatlar arasında paxlavanı sevirəm.
D.Ə. Fəridə xanım, müasir qadınların məşğulluğunu nəzərə alsaq, onların yemək bişirməyə vaxtı çox azdır. Xüsusilə də bizim vaxt aparan Azərbaycan yeməklərini hazırlamaq çətin olur. Amma digər tərəfdən, evdə hazırlanan yeməklər daha sağlamdır. Həm sağlam, həm ləzzətli, həm də o qədər vaxt aparmayan yeməklər üçün reseptiniz varmı? Sizin işləyən analar, ümumiyyətlə məşğul qadınlara məsləhətiniz nə olardı?
F.B. Mən sağlıqlı yemək hazırlamağa çalışıram. Məsələn, plovun yağını az edirəm, dolma bişirəndə zeytun yağından istifadə edirəm. Azərbaycan mətbəxini bir az ağır, daha doğrusu yeməklərimizin yağlı olduğunu deyirlər. Amma əslində hər bir yeməyi yüngülləşdirmək olar. Xanımlara da bunu tövsiyə edirəm. Çünki həm sağlıqlıdır, həm də kökəlməyin qarşısını ala bilər. Müasir qadınlar əlbəttə çox məşğuldur. Mən əvvəllər qonaq çağıranda 20 cür yemək bişirirdim və sözün düzü günün sonuna qədər o qədər yorulurdum ki, heç oturub qonaqlarla söhbət edə bilmirdim. Sonradan başladım yeməklərin sayını azaltmağa, düzdür, yenə də süfrəmizdə yemək çox olur, amma məncə, müasir qadınlar bunu nəzərə alıb çox əldən düşməməlidir və gücləri çatana qədər yemək bişirməlidirlər.
D.Ə. Fəridə xanım, siz Azərbaycan mətbəxini Amerikada bloq vasitəsilə tanıtmağa başlamısınız. Sonra kitab yazmısınız və indi artıq onun çapdan çıxmasını gözləyirsiniz. Növbəti addım nə olacaq? Amerika kanallarının birində öz verilişinizlə çıxmağı planlaşdırırsınızmı?
F.B. Əslində, belə bir arzum var. Hal-hazırda o, plan səviyyəsinə gəlib çatmayıb. Amma burada televiziya kanallarının birində öz verilişim olmasını arzulayıram. Azərbaycanın və eləcə də yaşadığımız Qafqaz bölgəsinin, Türkiyənin mətbəxini tanıtmaq istərdim. Yəni o bölgənin və əlbəttə ki Azərbaycanın mətbəxini tanıtmağı çox istərdim. Hələlik bir arzu olaraq qalır. Bir jurnalın olmasını istəyərdim. Kitab çıxandan sonra digər planlara da keçəcəm.
D.Ə. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Müsahibəyə təşəkkür edirəm.
F.B. Çox təşəkkür edirəm.
Faride cox Vetenperver ve istedadli xanimdir! Onun kitabi Azerbaycan metbex tarixi ucun cox boyuk xezinedir! Mehz bu kitab dunyaya Azerbaycan metbexini tanitdirir! Fikrimce Faridaya orden verilmelidir!
Hormetle, Nigar