Hərbi xidmətdə olan qadınların çətinliklərdən keçməli olduğu çoxlarına məlum olsa da, hərbçi anaların orduda qarşılaşdığı problemləri təsəvvür etmək çətindir. Hər halda son illərə qədər ABŞ ordusunda gənc anaların körpələrini əmizdirməsi böyük bir problem idi. Analar yarım saat ərzində tələsik ya boş otaq tapıb körpələri əmizdirməli, ya da ayaqyolunda südü südsoranla çəkməli olurdu. Lakin bu vaxtlar belə görünür, arxada qalıb. Bu günlər Facebook sosial şəbəkəsində hərbçi anaların körpələri əmizdirməsini əks etdirən foto sosial şəbəkədə və mediada böyük əks-səda yaradıb.
Fotonun müəllifi özü bir zamanlar orduda xidmət etmiş fotoqraf Tara Rubidir. O, 1997-ci 2001-ci illər arasında ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. O vaxt ilk övladını dünyaya gətirən Tara Rubi oğlunu gizlincə, tələsik yedizdirməli olduğu zamanları xatırlayır. “Mən çox il bundan əvvəl orduda xidmət etdiyim zaman əmizdirən analara dəstək verilməsini heç kəs ağlına gətirmirdi. O vaxtdan uzun yol qət etmişik. Körpələri əmizdirməklə onlar daha pis əsgər olmur, mən inanıram ki, bu onları daha yaxşı əsgər edir. Əsgər vəzifələrini və gözlənilən tapşırıqları yerinə yetirmək, üstəlik öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirməklə bu qadınlar daha güclü olur.”
Buna görə də Tara Rubi ABŞ ordusunun Texasda El Pasoda yerləşən hərbi bazasında ana və uşaq üçün otağın ayrıldığını biləndə o bu təşəbbüsü az qala tarixi bir hadisə kimi dəyərləndirib. Texasdakı bazada yeni ana olan qadınlara dəstək məqsədilə xüsusi veb sayt fəaliyyət göstərir. Burada xüsuilə də doğuşdan sonra stress keçirən analar professional tibbi məsləhətlər alıb, lazımi bütün məlumatlarla tanış olmaq imkanı əldə edirlər. Bazada ana və uşaq otağında da qadınlar üçün uşaqları əmizdirmək və istirahət etmək üçün rahat şərait yaradılıb. Otağa yeni mebel gətirilib, soyuducu qoyulub. Lakin otağın divarlarının boş qalması professional fotoqrafın gözündən qaçmayıb.
Tara Rubi divarları anaların körpələri əmizdirən zaman çəkilmiş fotoları ilə bəzəməyi düşünüb. Lakin bu fikrə hərbçi qadınların özündən böyük dəstək veriləndən sonra o, anaların qrup fotosunu çəkmək qərarına gəlib. Qadınlar bununla körpənin əmizdirilməsinin hərbi geyimdən asılı olmayaraq normal bir proses olduğunu vurğulamaq istəyib. Tara Rubi ordunun da məsələyə müsbət münasibətini qeyd edib: “Ordunun xidmət göstərən analara dəstək verməsi çox yaxşıdır. Bəzən hərbi karyera dövrü elə bir məqama gəlib çatırsan ki, ya əsgər, ya da ana olmaq kimi seçim etməli olursan və bu foto analara bu seçimi etməli olmadıqlarını göstərir.”
Tara Rubinin fotonu Facebook şəbəkəsində yerləşdirməsindən sonra minlərlə insan onu paylaşıb, körpənin əmizdirilməsinin uniforma geymiş analar üçün normal proses olması ilə bağlı yüzlərlə pozitiv mesajlar yazılıb.