Britaniya kraliçası İkinci Yelizaveta 90 illik yubileyini qeyd edir. Britaniyanın ən uzun müddət taxtda olan monarxı kimi tarixə düşən İkinci Yelizavetanı yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırmaq üçün minlərlə insan bu gün Londonda Vindsor sarayının ətrafına toplaşıb. Nadir hallarda olduğu kimi İkinci Yelizaveta 68 illik ömür-gün yoldaşı şahzadə Filiplə birlikdə açıq avtobildə Vindsor sarayının həyətindən keçib.
Britaniya taxtına 27 yaşında sahib olan kraliça Yelizaveta aparılmış son rəy sorğularına görə britaniyalılar arasında hələ də çox sevilir. Britaniyalılar kraliçaya rəğbətlərini onun monarx kimi öz işinə sədaqəti ilə izah edir.
Təkcə keçən həftə aparılmış sorğunun nəticələrinə əsasən, britaniyalıların 70 faizi kraliçanın taxtda qalmasını və yalnız 21 faizi onun taxtdan əl çəkməsini istəyir.
Kraliçanın ölkənin demək olar bütün siyasətçilərindən daha populyar olmasının sirrinin səbəbi kimi isə Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyünü və olduqca diqqətli olmasını göstərir.
İkinci Yelizavetanın taxtda olduğu müddətdə Britaniyada 12 baş nazir hakimiyyətdə olub. Bu müddət ərzində Britaniya kraliçası şahzadə Çarlz və şahzadə Dayananın boşanması kimi monarx ailəsində çətin anlarla qarşılaşıb.
Britaniya taxtına çıxmaq üçün sırada ikinci olan şahzadə Vilyam keçən həftə Hindistanda etdiyi çıxışlarının birində kraliçanın aktiv olduğunu və monarx ailəsinə istiqamət verdiyini deyib: “O mənim nənəm ola bilər, amma o həm də bossdur.”
Baş nazir Deyvid Kameron isə təbrik çıxışında kraliça Yelizavetanı “qaya kimi möhkəm” adlandırıb.
Aprelin 21-i Britaniya kraliçasının əsl ad günü olmasına baxmayaraq, ölkədə rəsmi olaraq monarxinyanın yubileyi təntənəli şəkildə iyunun 10-12-i qeyd ediləcək.
Cümə günü yubiley münasibətilə kraliça İkinci Yelizaveta və şahzadə Filip Vindsor sarayında ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama ilə nahar edəcək.
İkinci Yelizavetanın yubileyi münasibətilə Britaniya monarx ailəsinin dörd nəslinin nümayəndələrinin əks etdirildiyi fotolar açıqlanıb. Bukenqem sarayı kraliçanın nəvələri və nəticələri ilə Amerikanın məşhur fotoqrafı Ann Lebovits tərəfindən çəkilmiş fotolarını paylaşıb. İkinci Yelizavetanın dizləri üstünə oturmuş, şahzadə Vilyam və qrafinya Keyt Middltonun qızı şahzadə Şarlott və ulu nənəsi arasında bənzərəlik çoxlarının diqqətini cəlb edib.