Musiqi və əyləncə dünyasının ulduzları Nyu Yorkda ötən gecə Grammy mükafatlarının 60-cı təqdimatı mərasimində qadınların bərabərliyinə dəstək mesajlarını qara və ağ rənglərdə geyimləri ilə verib.
Ağ qızılgül və qara donlar Hollivudda başlayan TimesUp kampaniyası ilə həmrəyliyin nümayişidir.
Mayli Sayrus (Miley Cyrus), Beyonse (Beyonce), Ledi Qaqa (Lady Gaga) qırmızı xalıya qara rəngli donlarda, digərləri isə ağ geyimlərdə çıxıb.
“Joanne” albomuna görə ən yaxşı pop vokal albom kateroqiyasında nominasiya edilən Ledi Qaqanın Armani moda evinin hazırladığı qara rəngli krujevalı donu və yaxasına taxdığı ağ qızılgül xüsusi diqqət çəkib.
Ağ qızılgül mərasimin simvolu kimi musiqi sənayesi sahəsindəki nüfuzlu qadınlar tərəfindən seçilib. Tədbirdən öncə göndərdikləri email mesajında onlar yazıblar: “Biz ağ qızılgülü ona görə seçmişik ki, bu, tarixən ümid, sülh, mərhəmət və müqavimət rəmzi daşıyır”.
Ağ rəng həm də qadın hərəkatı tarixində önəm daşıyır. Amerikada qadınların səsvermə hüquqları uğrunda mübarizəsinin rəmzi olan üç rəngdən biri, yaşıl və bənövşəyi ilə yanaşı, həm də ağdır.
Müğənni Keşa (Kesha) səhnəyə ağ geyimdə çıxaraq ifa etdiyi “Praying” mahnısı ilə qadınlara qarşı seksual zorakılıq əleyhinə #MeToo hərəkatına dəstəyini bildirib. O, mahnını ifa etdiyi zaman Kamila Kabello (Camila Cabello), Andra Dey (Andra Day) və ağ geyimdə digər qadın musiqiçilər ona dəstək olaraq səhnəyə çıxıb. Müğənninin hərəkata dəstəyi onun özünün keçmiş prodüseri ilə zorlama iddiası ilə bağlı apardığı hüquqi proseslə əlaqədar diqqət çəkir.
Keşanı Grammy səhnəsinə dəvət edən müğənni Janell Mone (Janelle Monae) isə musiqi sənayesi sahəsində qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb. O, çıxışını bu sözlərlə bitirib: “Bizi susdurmağa çalışanlara iki sözümüz var: vaxt bitib”.
Böyük səhnədən qadın bərabərliyinə və seksual zorakılıqdan azad olmağa dəstək bu ayın əvvəli Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində Hollivud ulduzları tərəfindən nümayiş etdirilmişdi. Ekran ulduzlarının çoxu TimesUp kampaniyası və #MeToo hərəkatına qara don geyərək dəstək bildirmişdi.
Əyləncə dünyasının mükafatlar mövsümü davam etdikcə belə görünür siyasi mesajlar ulduzların ən güclü aksessuarı olaraq qalacaq.