Səudiyyə Ərəbistanı televiziyasında qadın aparıcının xəbər proqramında efirə baş örtüyü olmadan çıxması ölkədə qalmaqala səbəb olub. Adının açıqlanmadığı qadın jurnalist dövlətə məxsus Əl-Əxbəriyyə tele kanalının xəbər proqramının aparıcısıdır. Xəbər proqramının videosu YouTube səhifəsində yerləşdirilib.
Səudiyyə televiziyasının rəsmisi məsələyə dərhal aydınlıq gətirərək, xəbər proqramının Londondan yayımlandığını deyib. Gulf News xəbər saytına əsasən, Səudiyyə radio televiziyasının sözçüsü Saleh Əl-Muğailif qadın tele aparıcının efirə baş örtüyü olmadan çıxması ilə bağlı bunları bildirib: “O, Səudiyyə Ərəbistanı daxilində olmayıb və biz dəyərlərimizin və ölkədə mövcud sistemin pozulmasına imkan vermərik.”
2004-cü ildə yayıma başlayan Əl-Əxbəriyyə Səudiyyə Ərəbistanında qadın jurnalistlərin işə götürüldüyü ilk tele kanaldır. Televiziyanın baş ofisi paytaxt Ər-Riyadda yerləşir. Səudiyyə Ərəbistanında yayımlanan proqramlarda başı açıq qadın aparıcı və müxbirlərə xarici tele kanalların proqramlarında rast gəlmək olar.
Sosial mediada Əl-Əxbəriyyə kanalının aparıcısının hicabsız efirə çıxması qınaqlar və tənqidlərdən tutmuş, qadın hüquqları və qadınlar üçün bərabər imkanlara dəstək mesajlarına qədər reaksiyalara səbəb olub.
Qadın aparıcının baş örtüyü olmadan milli televiziyaya çıxması Səudiyyə Ərəbistanı üçün presedenti olmayan bir hadisədir. Səudiyyə Ərəbistanı dünyada qadınlar üçün ən ciddi məhdiyyətlərin mövcud olduğu bir ölkədir.
Ölkədə kral ailəsinə mənsub şahzadələrdən tutmuş bütün qadınlar yaxın kişi qohumlarının müşayiəti olmadan xarici səfərə çıxa bilməz. Qızlar və qadınların təhsil alması ata, ər və bəzi hallarda oğulun razılığı əsasında olmalıdır. Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə hələ də icazə verilmir.
2013-cü ildə Səudiyyə kralı Abdullanın qərarı ilə ölkə tarixində ilk dəfə olaraq qadınlar Məsləhət Şurasına təyin edilib. Tarixi sərəncamla krala siyasət və qanunvericilik sahələrində məsləhət verən Şurada yerlərin 20 faizi qadınlar üçün ayrılıb. Səudiyyə monarxının ölkənin dini liderləri ilə məsləhətləşmələrdən sonra verdiyi bu qərar irəliyə doğru mühüm bir addım kimi qiymətləndirilib. Buna qədər Səudiyyə Ərəbistanı dünyada qadınların siyasi prosesdən kənarda qaldığı yeganə ölkəsi olaraq qalırdı.
Bununla yanaşı, Əmək nazirliyi qadınların özəl sektorda işləməsini təşviq edir. Qadınların supermarketlər və qadın geyimləri satılan mağazalarda çalışmasına imkan yaradılıb. Ölkənin bəzi yerlərində hicabla bağlı sərt məhdudiyyətlərin də bir qədər yüngülləşdirildiyinin də müşahidə edildiyi deyilir. Səudiyyə şahzadəsi və milyardçı Əl-Valid Bin Talalın Kingdom Holding biznes imperiyasının ofislərində hicab geyilməsi tələb edilmir. Bu, Səudiyyə Ərəbistanında hicabsız qadınların çalışdığı az saylı şirkətlərdən biridir.
2012-ci ildə Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Olimpiya oyunlarına qadın idmançılarını göndərdi. Sara Əttar Londonda Olimpiya oyunlarında qaçış üzrə yarışlarda iştirak edən ilk səudiyyəli qadın oldu.
Hüquq müdafiəçiləri Səudiyyə Ərəbistanında qadınların ictimai həyatda rolunun artırılması və qadın hüquqları sahəsində vəziyyətin düzəlməsi üçün hələ görüləcək çox işlərin olduğunu deyir. Qadın hüquqları müdafiəçiləri kral Abdullanın qadınlar üçün daha geniş imkanlara yol açılması üçün gücü və nüfuzundan kifayət qədər istifadə etmədiyini deyir.
2015-ci ildə Səudiyyə Ərəbistanı qadınları ilk dəfə olaraq seçkilərdə səs vermək və bələdiyyə seçkilərində iştirak etmək hüququndan istifadə edə biləcək.