Dilşad Əliyarlı

Məktəb yaşlarında Sovet İttifaqı üçün ABŞ-da nəşr olunan “Amerika” jurnalını əvvəlindən axıradək oxumağı sevirdim. Jurnalın nüsxələrindən birində ABŞ-ın NBC tele şirkətində xəbər proqramının o zaman aparıcısı olmuş Cessika Saviç haqda bir məqalə oxumuşdum. Tanınmış aparıcının jurnalın səhifələrində ofisi və evində çəkilmiş foto-şəkillər yerləşdirilmişdi. Bu fotolar məndə onun tam fərqli bir dünyadan özünə arxayın professional bir qadın olduğu haqda təssəvvür yaratmışdı.

İllər sonra Amerikada özümün də Azərbaycana ilk televiziya proqramının aparıcısı olacağımı o zaman təbii ki ağlıma gətirmirdim. Amerikaya gəldiyim zaman Cessika Saviç çox təəssüf ki artıq həyatda yox idi. 1970-ci illərdə Amerika televiziyasının ən parlaq ulduzlarından biri olan Saviç faciəli şəkildə avtomobil qəzası zamanı həlak olmuşdu. Lakin Amerika tele şirkətlərində çalışan çox sayda istedadlı jurnalist qadın aparıcıların iş üslubu, müsahibə aparmaq tərzi, geyim stilini izləmək imkanım var idi. Barbara Uolters, Dayan Soyer, Kristian Amanpur, Keyti Kurik kimi bir sıra qadın jurnalistlərin nümayiş etdirdiyi yüksək professionallıq mənim üçün nümunə olmuşdur.

Barbara Uolters

Barbara Uolters

Amerika televiziyasında axşam xəbər proqramlarının ilk qadın aparıcılarından biri olan Barbara Uolters efirdə sərbəst və rahat tonda keçirdiyi müsahibələri ilə tanınır. Marqaret Tetçer, Dalay Lama, ABŞ prezidentləri və dünya liderləri, eləcə də məşhur sənət adamları ilə çoxsayda müsahibələr aparan Barbara Uoters bəzən bunu ilk dəfə edən qadın jurnalist olub. Onun prezident Klintonla intim əlaqədə olmuş Monika Levinski ilə 1999-cu ildə apardığı iki saatlıq müsahibə Amerikada yayım ərzində ən çox tamaşaçı tərəfindən izlənərək, ən yüksək reytinq alması ilə tarixə düşüb. Barbara Uolters müsahibə aparmaq sənəti və məharətinin sirləri ilə “Hamı ilə hər şey haqda necə danışmaq olar” (“How to Talk to Practically Anybody About Practically Anything”) adlı kitabında bölüşüb.

“Hətta ən qısa müsahibə belə insan münasibətlərinin ən yaxşı xüsusiyyələrini əks etdirməlidir, bu da hər iki tərəfin marağı, imkanları və öz fikirlərini ifadə etməsi, ədəb və anlayış deməkdir. Müsahibə elə böyük bir zövqdür ki, onu heç kəsin qulaq asmayacağı şərhlərin paylaşmasına çevirmək cinayətdir”-deyə Barbara Uolters yazıb.

Kristian Amanpur

Kristian Amanpur

CNN tele-şirkətinin tanınmış müxbiri Kristian Amanpurun reportajlarını 1990-cı illərin ortalarından başlayaraq izləməyə başlamışam. Keçmiş Yuqoslaviyanın parçalanması nəticəsində 1992-1995-ci illərin Balkan müharibəsindən sonra Belqrad və Sarayevo şəhərlərində yaşadığım zaman CNN mənim demək olar əsas məlumat mənbəyim idi. 1996-cı ildə müharibəyə son qoymuş Deyton sazişinin bağlanmasından bir neçə ay sonra Sarayevoya gəldiyim zaman şəhər sakinləri hələ də Kristian Amanpurun münaqişə dövründə Bosniyaya səfəri və oradan hazırladığı reportajlardan danışırdı.

Kristian Amanpurun tele jurnalistikaya böyük gəlişi 1990-cı illərdə ABŞ-ın İraqda hərbi əməliyyatlar apardığı zaman Yaxın Şərqdən reportajlar hazırladığı vaxt olub. Həm İraqda hərbi kampaniya, həm Yuqoslaviya müharibəsi dövrü Bosniyadan reportajlarda o, televiziyada qorxmaz hərbi qadın müxbir obrazı yarada bilib və safari tipli köynək və pencəklərlə ekrana çıxaraq, bu obraza uyğun bir geyim tərzi ilə yadda qalıb. Bəzən “xəbərlərin birinci xanımı” adlandırılan Kristian Amanpurun efirə çıxması və populyarlıq qazanması “sarışın qadın aparıcı” stereotipinin mövcud olduğu Amerika televiziyasında böyük dəyişiklikdən xəbər verirdi.

Müsahibələrin birində professional jurnalist üslubu ilə bağlı Kristian Amanpur bunları deyib: “Siz özünüzü necə təqdim edirsinizsə, insanlar da sizi elə görür- istər sizin geyim və danışıq tərziniz olsun, istərsə də fikirlərinizi necə ifadə etməyiniz, bu, sizin üslubunuzdur. Hansı məsələni təqdim etmənizdən asılı olmayaraq. Sizin davranışınız isə insanların sizi vicdanlı və açıq, nüfuz və etibar sahibi kimi görüb-görmədiyini müəyyən edir. Bu isə çox vacibdir.”

 

Dayan Soyer

Dayan Soyer

ABŞ-ın ən nüfuzlu qadın jurnalistlərindən biri də ABC şirkətində müxbir və aparıcı kimi çalışmış Dayan Soyerdir. O, 1984-cü ildə ABC şirkətinim “60 dəqiqə” poqramının ilk qadın müxbiri kimi işə başlayıb. Uzun sürən maraqlı karyera yolunda Dayan Soyer dünya liderləri və ABŞ prezidentlərindən tutmuş şou-biznes ulduzlarına qədər yüzlərlə müsahibələri ilə yadda qalır. 2009-cu ildə o, ABC şirkətinin “Dünya xəbərləri” proqramının axşam buraxılışını aparan ilk qadın jurnalist olub. Amerikada qadın jurnalistlərin professional karyera qura bilməsində böyük rolu olmuş Dayan Soyer artıq özü də məşhurlar və Hollivud ulduzları kateqoriyasına daxil olub.

Pola Zan

Pola Zan

Amerika televiziyasında ən çox sevdiyim jurnalist qadınlardan biri də ABC, CBS, CNN və Fox xəbər agentliklərində müxbir və xəbər proqramlarının aparıcısı olmuş Pola Zandır. CNN tele kanalında axşam xəbər buraxılışlarının aparıcısı kimi o bəzən saatlarla efirdə olurdu. Bu müddət ərzində onun enerjisi, ruh yüksəkliyi, eyni zamanda, stili heç kəsin nəzərindən qaçmırdı.  Efirdə olduğu müddətdə Pola Zan günün ən mühüm xəbərlərini olduqca professional səviyyədə çatdırmaqla yanaşı, dünya hadisələri haqda reportajlarında insan faktorunu da unutmurdu. Hazırda Pola Zan Discovery kanalında üstü açılmamış cinayət işləri ilə bağlı təhqiqatlar haqda proqramların aparıcısıdır. Pol Zanın bir xüsusiyyəti də hər zaman mənim diqqətimi cəlb edib. O da onun olduqca gözəl stilə malik olmasıdır. Moda jurnalları və veb səhifələrdə dəfələrlə Pola Zanın yüksək zövqü və geyim tərzi qeyd edilib.

 

Keyri Kurik

Keyri Kurik

Amerika televiziyasının daha bir parlaq ulduzu Keyti Kurikdir. Yahoo internet xəbər kanalında proqrama başlamazdan əvvəl illər uzunu amerikalılar hər səhər xəbərləri ABC tele kanalında Keyti Kurikin təqdimatında alıb. Karyerasına NBC televiziyasında Pentaqonda xüsusi müxbir kimi başlayan Kurik sonradan xəbər aparıcısı olub. Onun “Today” proqramı NBC efirində ən populyar tele proqramlardan biri sayılır. Proqramın aparıcısı olduğu illərdə Keyti Kurik dövlət liderləri, tanınmış yazıçılar, şou-biznes ustaları ilə müsahibələr aparıb. Keyti Kurikin keryerasında mühüm dönüş onun CBS tele kanalında ilk dəfə olaraq axşam xəbərlərinin qadın aparıcısı kimi efirə çıxması olub. O, 2009-cu ildə Dayan Soyerin ABC-nin efirinə çıxmasına qədər ABŞ-da axşam xəbərlərinin yeganə solo qadın aparıcısı olub. Keyti Kurik geniş ictimai və xeyriyyə fəaliyyətləri ilə məşğul olur. Bununla yanaşı o, televiziya filmlərinin epizodlarında çəkilib. Keyti Kurikin dünya liderləri və nüfuzlu şəxslərlə apardığı müsahibələr əsasında həyat, uğur və xoşbəxtlik haqda fikirlərini əhatə edən  “Aldığım ən yaxşı məsləhət: Qeyri-adi həyatdan dərslər” (The Best Advice I Ever Got: Lessons from Extraordinary Lives) adlı kitabı New York Times qəzetinin bestseller siyahısında göstərilib.

Jurnalistlər cəmiyyətdə xüsusi statusa malikdir. Media sahəsi dəyişir və müasirləşir. Amerika televiziyasının bu veteran qadın jurnalistləri bu çətin, məsuliyyətli, stresli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı ləyaqətlə yerinə yetirə biliblər.